Cahil cəmiyyətin böyük bir hissəsi axirətin varlığından xəbərdar olduğu halda, düşünməyərək bu həqiqətdən öz aləmlərində qaçmağa çalışırlar. Bu kəslər dünya həyatının keçiciliyini də görməzlikdən gəlirlər. Çünki cahil inancın təməli dünyadakı həyat üstündə qurulmuşdur. İnsanların bütün idealları, istəkləri yalnız dünya ilə əlaqədardır və buna bağlı olaraq razı olduqları şey də yenə dünya ilə bağlı mənfəətlərdir. Dünyaya olan bu bağlılıqlarından ötrü, buradakı həyatı sanki heç sona çatmayacaqmış kimi qiymətləndirərlər. Ayədə "... Belə ki, ömür onlara (heç bitməyəcəkmiş kimi) uzun gəldi..." (Ənbiya surəsi, 44) ifadəsiylə ifadə edildiyi kimi, ölümün varlığına inanmaq istəməz və dolayısilə də axirəti əsla düşünməzlər. Çünki axirəti düşünmək, dünyaya böyük bir ehtirasla bağlanmalarına izn verməyəcək.
Halbuki, "Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!" (Ənkəbut surəsi, 64) ayəsi ilə Allah, dünya həyatının "əyləncə və oyundan" ibarət olduğunu və əsl həyatın axirət olduğunu bildirir. Belə ki, dünya həyatının bir əyləncə olduğunu cahil cəmiyyətdəki insanlar da bilirlər.
Ancaq buna baxmayaraq, ağıllı bir müqayisə edərək səmimi düşünməyə də çalışmazlar. Axirətə iman etməklə heç bir şey itirməyəcəklərini, əksinə xeyir qazanacaqlarını başa düşmək istəməzlər. Çünki axirətə iman etdiklərində, dünyadakı nemətlərdən məhrum qalmayacaqlar. Əksinə bütün bunlardan ən gözəl şəkildə istifadə edə biləcəkləri kimi, Allahın rizasını və sonsuz cənnəti qazanmağı da ümüd edə biləcəklər. Və cənnətdə, bezmək, yorulmaq, ya da dəyişməzlik kimi anlayışların yaradılmadığı, sonsuz gözəllikdəki, sonsuz fərqli nemətlər içərisində, sonsuz bir həyat yaşayacaqlar. Yəni axirəti istəyən kəslər həm dünyanı, həm də axirəti qazanmış olacaqlar. Amma yalnız dünyanı istəyənlər, axirəti qəti olaraq itirəcəklər:
... O, dünyanı da əldən verər, axirəti də. Məhz bu, açıq-aşkar bir itkidir. (Həcc surəsi, 11)
Belə bir müqayisə aparıldıqda isə hansının itki, hansının qazanc olduğu olduqca açıq şəkildə görünəcək. Amma cahil cəmiyyətin insanları lazım olduğu kimi düşünmədikləri üçün bu həqiqətləri qavramaqda çətinlik çəkərlər. Çünki onların səthi baxış bucağına görə dünya hal-hazırda əllərinin altındadır, axirətə isə qəti bir inancla inanmadıqları üçün tərəddüd edirlər. Allah Quranda cahilliyin bu tərəddüdünə belə cavab verildiyini bildirir:
Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir.... (Şura surəsi, 36)
...Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (Rad surəsi, 26)
Ancaq cahil cəmiyyətin insanları sırf dünyaya olan bağlılıqlarından imtina etməmələri üçün ayələrdə izah olunan bu həqiqəti düşünmək istəməzlər. Əksinə özlərini aldada bilmək və vicdanlarını rahatlaşdıra bilmək üçün səhv məntiqlər irəli sürərlər. Tarix boyu hər peyğəmbər göndərildiyi birliyə axirət həyatının, cənnətin və cəhənnəmin varlığını bildirərək hələ vaxt varkən onları xəbərdar etmişdir. Ancaq bu insanların çoxu, elçilərin xəbərdarlıqlarına qulaq verməmiş və ayələrdə bildirildiyi kimi, "Çürümüş sümükləri kim dirildə bilər?" (Yasin surəsi, 79), "Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” (Səcdə surəsi, 10) ya da "... biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyik?”Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil". (Muminun surəsi, 82-83) şəklində reaksiyalar verərək axirətin varlığını rədd etmişdirlər. Allah onların bu inkarlarına belə cavab vermişdir:
De ki : "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər yaratmağı biləndir". (Yasin surəsi, 79)
Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir. Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.(Yasin surəsi, 81-82)
Göründüyü kimi, cahil cəmiyyətin insanları inansalar da, inanmasalar da cənnət və cəhənnəmin varlığı inkar edilə bilməz bir həqiqətdir. İnanmamaqda öz özlərini ciddi mənada aldadırlar. Bu açıq həqiqətlə qarşılaşdıqlarında isə, artıq hər şeyin fərqindədirlər:
Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara: “Məgər bu, həqiqət deyilmi?” – deyiləcəkdir. Onlar: “Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir!” – deyəcəklər. Allah da: “İnkar etdiyinizə görə dadın əzabı!” – deyəcəkdir. (Əhqaf surəsi, 34)