Cahil cəmiyyətlərdə insanların xarakterlərinə təsir edən vacib amillərdən biri də böyüdükləri mühitdir. Hər mühitin xüsusi quruluşu var və insanlar olduqları mühitin xarakterini mənimsəyərək həyatlarının sonuna qədər də bu təsiri üzərlərində saxlayırlar. Bu, şəhərlərə, hətta şəhər içərisindəki səmtlərə görə də dəyişə bilir.
Belə ki, cahiliyyə söhbətlərində yeni tanış olmuş insana, adı soruşulduqdan sonra harada anadan olub böyüdüyü, ya da hansı səmtdə yaşadığı kimi suallar verilir. Bununla əsl məqsəd qarşı tərəfin hansı şərtlər daxilində böyüdüyü və xarakteri haqqında ümumi məlumat əldə etməkdir. Çünki cahil insanlar da ətraf mühitin xarakterlərə necə təsir etdiyini bilirlər.
Ətraf mühitin təsiri ilə formalaşan xarakterlərdən biri də "VARLI XARAKTERİ"dir. Bu xarakteri, xüsusilə də, kiçik yaşlardan varlı mühitdə böyüyən insanlarda görmək mümkündür. Uşaqlıqlarından etibarən cəmiyyətin digər üzvlərindən daha yaxşı şəraitdə yaşamış və demək olar ki, həyatlarında heç çətinliklə üzləşməmişlər. İstədikləri hər bir şeyi asanlıqla əldə etmişlər. Acanda yeməkləri verilmiş, töküb-dağıtdıqları toplanılmış, istədikləri əşyalar və avtomobillər dərhal alınmış, pulları pulqabılarına qoyulmuşdur. Bunları qazanmaq üçün səy göstərmələrinə ehtiyac olmamışdır. Halbuki, bütün bunların reallaşması üçün bir çox insan maddi-mənəvi böyük əmək sərf etmişdir. Bəziləri işləyib pul qazanmış, bəziləri ehtiyaclarını müəyyənləşdirmiş, bəziləri bunları hazırlamış və beləliklə ən gözəl şəkildə təqdim etmişdir. Ancaq onlar bunu düşünmədikləri üçün əziyyətləri qiymətləndirə bilmirlər.
Bu diqqətsiz rəftarlarının formalaşdırdığı xarakter isə "vəziyyəti başa düşməmələri"dir. Özləri əziyyət və sıxıntı çəkmədikləri üçün insanların bu vəziyyətini qiymətləndirə bilmirlər. Məsələn, özləri varlı olduğu halda, məhz düşüncəsizliklərindən maddi imkanı az olan dostlarının pullarından istifadə edib onları çətin vəziyyətdə qoya bilirlər. Demək olar ki, çox vaxt səbəb olduqları bu çətinliyin fərqində belə olmurlar.
Digər diqqət çəkən xüsusiyyətləri də vəfalı olmamalarıdır. Qarşılarındakı insanların gözəl xüsusiyyətlərini və üstün cəhətlərini təqdir edə bilmədikləri üçün onlara vəfa göstərməyə də bir səbəb görə bilmirlər. Belə insanlar, ümumiyyətlə, səmimi dostluğu heç vaxt yaşamırlar. Sahib olduqları maddi gücə həddindən artıq güvəndikləri üçün bir insanın dostluğunu itirsələr belə, bu imkanlarla başqalarını tapa biləcəklərini düşünürlər. Qarşılarındakı şəxsin insani cəhətlərini və Qurana görə gözəl əxlaqlı olmasını deyil, ondan nə qədər dünyəvi mənfəət əldə edəcəklərini hesablayırlar.
Dostluqdakı ölçüləri sevgi və gözəlliyə söykənmədiyi üçün heç vaxt həqiqi dostluq qura bilmirlər. Ya pullarından istifadə etmək üçün yanlarına yaxınlaşan insanlarla, ya da özləri kimi varlı olub həqiqi dostluğu bilməyən şəxslərlə dost olurlar.
Əlbəttə ki, bu mənfi xüsusiyyətlərinə görə də xoşbəxt ola bilmirlər. İstədikləri hər şeyi artıqlaması ilə əldə etdikləri üçün artıq maddi dəyərlər qarşısında da monotonlaşmış rəftar göstərirlər. Mənəvi gözəlliklərdən isə incəlikləri görə bilmədikləri üçün zövq ala bilmirlər. Bu xüsusiyyətləri digər insanlarla müqayisə etdikdə aydın olur ki, incəlikləri qavraya bilməyən bir insan ona təqdim edilən gözəlliyi adi hadisə kimi dəyərləndirir və qısa müddətdə də unudur. Buna görə də, ortaya heç nədən qane olmayan xarakter çıxır.
Bu şəxslər insanların gözəl xüsusiyyətlərini görə bilmədikləri üçün onlara dərin sevgi və hörmət də göstərmirlər. Hətta qarşı tərəfin sevmək üçün onlarda gözəl xüsusiyyətlər görmək istəyəcəyini ağıllarına belə gətirmirlər. Buna görə də, xoşbəxt ola bilmir, sevgiyə, hörmətə və sədaqətə söykənən dostluqlar da qura bilmirlər.
Bütün bu izah edilənlərdən də aydın olur ki, ortaya insani xüsusiyyətlərindən xeyli uzaq xarakter çıxır. Ancaq bunu da bildirmək lazımdır ki, belə şəxslər yaşadıqları mühitdən ayrıldıqda, ya da maddi imkanlarını itirdikdə də öyrəşdikləri bu əxlaqı yaşamağa davam edirlər. Buna görə də, VARLI XARAKTERİ yalnız maddi gücü çox olan insanlara aid deyil. Belə insanların yalnız bu mühitdə və şərtlərdə böyümələri də bəzən VARLI XARAKTERİnə sahib olmaları üçün kifayətdir.
Halbuki, varlı olmaq, ya da belə bir mühitdə böyümək gözəl əxlaqlı olmamaq üçün səbəb deyil. Əksinə varlı olmaq Allah’ın insanlara verdiyi gözəl bir nemətdir. Mühüm olan bu neməti Allah’a şükür edərək və Onu təqdir edərək istifadə etməkdir. Buna bənzər nümunələri peyğəmbərlərdə görmək mümkündür. Hz. Süleymanın (ə.s) Allah’ı zikr etmək, Onun nemətlərini xatırlamaq və şükür etmək üçün Allah’dan mal istədiyi Quranda belə bildirilmişdir:
''O dedi: "Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm..." (Sad surəsi, 32)
Allah’ın verdiyi neməti təqdir edə bilən insan həm də ətrafındakı insanlarda gördüyü gözəllikləri də qiymətləndirə bilir. Buna görə də, bu insan dünyanın ən varlı insanı da olsa, hər şeyi qarşısına hazır da gəlsə, ya da həyatı boyu heç çətinliklə qarşılaşmasa da yenə vəziyyəti başa düşən, vicdanlı xarakterə sahib olur. Əziyyət çəkənin, kasıb olanın vəziyyətini və ehtiyaclarını bilir. Ən dərin sevgini, hörməti, sədaqəti yaşayır. Dostluğu, yoldaşlığı hər kəsdən daha yaxşı bilir. Çünki bu insan mömindir və nə qədər rahat yaşasa da vicdanından və ağlından istifadə etməyi unutmur. Həmişə daha yaxşısını və gözəlini tapmaq, Allah’ın razılığının ən çoxunu qazanmaq üçün çalışır. Buna görə də, rahatlıq onu əxlaq tənbəlliyinə gətirib çıxarmır. Çünki onlar Allah’a yaxınlaşmaq və Onun sevgisini qazana bilmək üçün yarışırlar.
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)