Cahil cəmiyyətdə adət-ənənələrə çox bağlı olan xarakterlərdən biri də "kişi xarakteri"dir. Demək olar ki, cahil cəmiyyətin hər üzvü bu xarakterin bütün xüsusiyyətlərini əzbərdən bilir. Hər ailə hələ anadan olmamış oğlan uşaqlarına bu xarakterin xüsusiyyətlərini necə öyrədəcəklərinin planlarını hazırlayır, xəyallarını qururlar. Çünki hər şeydən əvvəl bu cəmiyyətdə oğlan uşağına sahib olmaq böyük qürur səbəbidir. Cahil cəmiyyətdə hörmət edilən bu xüsusiyyətlər 'kişi dediyin...' deyə başlayan sözlərlə tez-tez dilə gətirilir.
Onlara görə kişi xarakterinin ilk xüsusiyyəti güclü və üstün olmaqdır. Həqiqətən də, bu təlqin kişilərdə qadınlara nisbətən daha güclü şəxsiyyətin formalaşmasını təmin edir və cəmiyyətdəki hər üzv də kişilərin bu üstünlük iddiasını dəstəkləyir. Cahil cəmiyyətdəki qadınların çoxu isə demək olar ki, ikinci dərəcəli və məzlum xüsusiyyətli xarakteri mənimsəyiblər. Bu vəziyyətdə kişilərdən daha üstün olan ikinci xarakter yoxdur. Məhz bu düşüncə onlarda ideal olduqları düşüncəsinə səbəb olur. Buna görə də heç kimdən, xüsusilə də qadınlardan heç bir tənqid və ya tövsiyə qəbul etmirlər. Bununla yanaşı, hər kişi özünü cəmiyyətin görmək istədiyi kimi olmağa məcbur hiss edir və uyğun görülən bu xüsusiyyətləri yerinə yetirməyə ciddi səy göstərir. Çünki cahil cəmiyyətdə kişilərin bu xüsusiyyətləri yerinə yetirməməsi olduqca alçaldıcı vəziyyətdir. Bir kişi uşaqlıq illərindən qocalanadək hər an çox güclü, cəsur olmaq məcburiyyətindədir və hər hansı bir mövzuda əsla zəiflik, məğlubiyyət və kişi xarakterinə zidd olan rəftar göstərməməlidir. Belə ki, xəstələndikdə, ya da hər hansı bir səbəbə görə əzab çəkdikdə də bunu bildirməməlidir. Çünki bütün bunlar yalnız qadınlara xas xüsusiyyətlərdir və kişinin dəbelə acizliklər göstərməsi cahil cəmiyyətin dünyagörüşünə yaraşmayan xüsusiyyətdir və ya öz ifadələri ilə desək "kişi ağlamaz".
Cəmiyyətin kişilərə uyğun gördüyü güclü, cəsur və ya hakim xüsusiyyətli olmağın heç birində yanlışlıq yoxdur və əslində bütün bunlar gözəl xüsusiyyətlərdir.
Quran əxlaqının yaşanmadığı cəmiyyətdə kişilərə aid edilən bu üstünlük iddiası "qürur" və "təkəbbür" duyğularının inkişafına səbəb olur ki, Quranda insanların bu cür rəftarlardan çəkinmələri əmr edilmişdir:
"İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir." (Loğman surəsi, 18)
Cəmiyyətin özü üçün təyin etdiyi modeli qəbul edib özünü inkişaf etdirməyən cahil evdar qadın, həyatını özü üçün təyin olunan sərhədlər daxilində yaşayır. Bunun ən vacib səbəblərindən biri dünyanın yaşanılacaq tək yer olduğunu düşünməsi, axirətin və Allah’a hesab verəcəyi günün yaxınlaşdığına etinasız yanaşmasıdır. Əlbəttə ki, ölümdən sonrasını düşünməyən insanın bütün həyatı da bu qısa dünya həyatına aid mənfəətlər əldə etmə səyi içində keçir. Belə insan ətrafındakı insanların təyin etdiyi qaydaları pozmadan yaşamağa çalışır. Allah’ın razılığını deyil, ətrafındakı yüzlərlə insanın razılığını axtarır. Məhz bunun nəticəsi də cahil cəmiyyətin sadə həyat tərzidir. Bu həyat tərzinin təməl prinsipləri isə müəyyən olunmuş qaydalardan ibarətdir.
Buna görə də cahil kişilərin əslində çox gözəl olan bu xüsusiyyətləri mənfi xüsusiyyətlərə çevrilir və ortaya ideal olduqlarına əmin olan, nə öz həmcinslərinin, nə də digər insanların sözünə etibar etməyən eqoist bir şəxsiyyət çıxır.