Allah'ı qoyub insanların razılığını axtardıqları üçün
Cahil insanların xoşbəxt ola bilməmələrinin bir səbəbi də Allah üçün deyil, insanlar üçün yaşamalarıdır. Bu o deməkdir ki, əgər bir insan bütün doğrularını və yanlışlarını insanların nə deyəcəyinə görə təyin edirsə, yəni laqeyd davranışlarına kədərlənib, bəyənmələrinə sevinirsə, deməli, onların razılığını qazanmağa çalışır. Həmin şəxslərin yanında özünü alçatmamaq üçün cəhd edirsə, bu şəxs insanlar üçün yaşayır deməkdir.
İnsanlar üçün yaşamaq isə çox çətindir. Çünki hər insanın zövqü fərqlidir. Bir şəxsin ətrafında yüzlərlə insan olduğunu düşünsək, onların hər birini razı salmaq üçün ayrı-ayrı səy göstərməli olduğu açıq-aydın görünür. Biri yanında şən xarakterli insan görmək istəyəcəksə, digəri də passiv və ciddi olanını axtaracaq.Yəni bir insanın xoşuna gələn rəftar digərini qane etməyə bilər. Həyatda minlərlə belə uyğunsuzluq və zövq fərqi var. Bu vəziyyətdə "insanların rizası üçün yaşayan" şəxslər "minlərlə fərqli tələbi eyni anda" yerinə yetirməlidirlər. Ancaq bunu etdikdən sonra istədiyi bütün insanlar ondan razı olacaq və ancaq bundan sonra ona dəyər verəcəklər.
Allah onların bu sıxıntılarına Quranda belə nümunə vermişdir:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allah’a məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər surəsi, 29)
İnsana yalnız Allah’ın sonsuz ağlına inanmaq və elminə təslim olmaq kömək edəcək. Allah insanı və bütün digər varlıqları yaratmışdır. İnsanı nələrin xoşbəxt edəcəyini də yenə ancaq Allah bilir. Allah insanlara qurtuluş yolunu Quranda bildirmişdir: Yalnız Allah’dan qorxub Onun razılığını axtarmaq.
Allah: "İki tanrıya sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!" – dedi. (Nəhl surəsi, 51)
Bunun əksinə davranmaq insanı bədbəxt etməklə yanaşı, böyük günah qazanmasına səbəb olur. İnsanın Allah’dan başqa varlıqların razılığını qazanmasına çalışması Quranda "şərik qoşmaq" kimi ifadə edilir. Şərik qoşan insan Allah’dan başqa varlığı özünə ilah seçərək bütün həyatını onun üçün yaşayır. Belə insanların axirətdə görəcəkləri qarşılıq isə böyük itki və peşmançılıq olacaq. Buna görə də Allah insanları cəhənnəmlə və geri qayıdış ümidi olmayan peşmançılıqla qarşılaşmadan əvvəl bu mövzuda xəbərdar etmişdir:
Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan." "Sən yalnız Allah’a ibadət et və şükür edənlərdən ol!" (Zumər surəsi, 65-66)
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allah’a şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.(Nisa surəsi, 48)
Bir şey də unudulmamalıdır ki, insanın dünyada ikən bütün həyatını uğrunda fəda etdiyi və Allah’ı unudaraq onların razılığını qazanmağı hədəflədiyi bütün şəxslər axirət günü onu tək buraxacaqlar. Çünki hər insan yalnız özünün etdiklərindən sorğu-suala çəkiləcək və heç kim bir-birinə kömək edə bilməyəcək. Quranda bu vacib məlumat belə bildirilmişdir:
Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.(Məryəm surəsi, 95)
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allah’a) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır.(Ənam surəsi, 94)
Tək qalmağın qorxu və həyəcanından insanlar o gün dünyada olan ən yaxınlarını, yəni uşaqlarını, həyat yoldaşlarını, dostlarını yalnız cəhənnəm əzabından xilas ola bilmək üçün fidyə vermək istəyəcək. Ancaq bu istəkləri qəbul olunmayacaq. Ayələrdə bu vəziyyət belə xəbər verilir:
Dost dostunun halını xəbər almayacaq. Halbuki, onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur... (Məaric surəsi, 10-15)
Bu ayədən aydın olduğu kimi, insanların razılığı üçün qurulan həyat dünyada bədbəxtlik gətirməklə yanaşı, axirətdə də insana zərər verir. Bu vəziyyətdən xilas olmağın yolu isə çox sadədir; Allah’a təslim olub yalnız Onun razılığını axtararaq yaşamaq...