Cahil cəmiyyəti meydana gətirən insanların hamısının həyat stili və dünyaya olan baxışları bir deyil. Aralarında din əxlaqını heç bilməyən insanlar olduğu kimi, din əxlaqını bilən və Allahın bir çox hökmündən xəbərdar olan insanlar da vardır. Hətta bunların böyük bir əksəriyyəti də özlərinə soruşulduğu vaxt Allaha inandıqlarını deyirlər:
De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?”Onlar: “Allahındır!” – deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!” – deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar! (Muminun surəsi, 84-90)
Ancaq bu kəslər dilləriylə təsdiq etdikləri bu həqiqəti ürəkləriylə rədd edərlər. Bu səbəblə də Allaha həqiqi mənada iman gətirib Onun bəyəndiyi kimi bir həyat yaşamazlar. Allahın razılığını qazanacaq işlərlə məşğul olmaq əvəzinə öz istəklərini təmin etmək məqsədiylə yaşayarlar. Ağızlarıyla iman etdiklərini demələri isə vicdanlarının açıq şəkildə bu həqiqəti görməsindən ötrüdür. Dünyada baxdıqları hər yerdə, apardıqları hər araşdırmada, tapdıqları hər yeni detalda özlərinə aid olmayan üstün bir ağılla qarşılaşarlar. Dünyadakı heç bir şeyin təsadüf əsəri ortaya çıxmış ola bilməyəcəyini, ən incə detalına qədər hər varlığı üstün bir yaradıcı olan Allahın yaratmış olduğunu başa düşərlər. Bütün hadisələrin yalnız Allahın qüdrəti və hakimiyyəti altında baş verdiyini açıq şəkildə görərlər. Bu səbəblə də vicdanən Allahın varlığını təsdiq edərlər. Amma buna baxmayaraq din əxlaqını yaşamaq istəməmələrinin səbəbi isə Quranda belə izah olunmuşdur:
Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!(Nəml surəsi, 14)
Cahil cəmiyyətdəki insanların bir hissəsi də Allahı açıq şəkildə inkar etməyə cəhd edər. Onlar da içində yaşadıqları kainatdakı qüsursuz nizamın təsadüflər nəticəsində ortaya çıxa bilməyəcəyini bilirlər. Lakin bu kəslər vicdanlarını tamamilə bağlamışlar. Bu mövzuda özləri üçün tapdıqları həll isə Allahın varlığının dəlillərini görməzlikdən gəlməyə və düşünməməyə çalışmaqdır. Onları daima doğruya yönəltməyə çalışan vicdanlarını susdura bilmək üçün də bəzi bəhanələr irəli sürərlər. Lakin bu bəhanələrinin heç bir izahı yoxdur. Bunlar yalnız inkarlarına bir bəhanə tapmağa çalışırlar.