Türkiyədə terror həqiqətən bitirmi?
ucgen

Türkiyədə terror həqiqətən bitirmi?

718

Bir ölkədə terror başladıqda həmin ölkənin əhalisi artıq həyatlarını fərqli yaşamağa başlayır. Bazarlarda və ya avtobuslarda özlərini partladan kamikadzelər olduqca adi qarşılanır; övladını xidmətə göndərən bir ana onu sanki ölümə göndərir; küçəyə çıxmaq üçün qoyulan qadağalar, fövqəladə hallar zamanı görülən tədbirlər artıq çox adi hala çevrilir. Terror mühitində yaşamaq yüzminlərlə canı gizli və ölümcül güllələrə qurban vermək deməkdir.

Terror namərddir; arxadan vurur; qəfil hücum edir. Amma kommunist terror Şimali Koreya sistemini dünyaya hakim etmək niyyəti olan və yalnız şiddət tətbiq edən əsaslı bir terror üsuludur. Kommunist terrorda şiddət bitmir. Kommunist terror yalnız silaha güvənir.

Türkiyə 35 ildir ki, kommunist terrorun qorxunc üzünü yaşayan bir ölkədir. Xüsusilə Türkiyənin cənub-şərq bölgəsini kabusa çevirən bu terror bəzi hallarda metropollara qədər gedib çıxmışdır. Bu qorxunc terror nəticəsində 35 min 576 vətəndaşımız şəhid oldu, 386.360 insan evini tərk etmək məcburiyyətində qaldı, terrora görə 350 milyard dollar xərcləndi. Terrorun baş aktyoru olan PKK-nın isə edam etdirdiyi insanların sayı bu rəqəmlərdən daha çoxdur.

Ötən həftələrdə PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın aprel ayında silahların yerə qoyulması üçün konqres toplanması haqqında verdiyi qərar həm Türkiyədə, həm də xaricdə bəzi diqqət mərkəzlərini xeyli həyəcanlandırdı. Bəziləri Türkiyədə bu məsələni ölkənin ağırlığını qaldıra bilmədiyi çirkli bir terrorun bitməsi kimi xarakterizə etdi. Avropa Birliyi və ABŞ bu məsələ ilə bağlı öz məmnuniyyətlərini bildirdilər. Bütün ölkədə sanki birdən-birə hər şey öz qaydasına düşdü.

Halbuki bütün dinlərə qarşı çıxan, din əleyhinə təbliğat aparılmalı olduğunu müdafiə edən Stalinin kilsələrlə razılaşma imzalayaraq yeni kilsələr açdırması; Leninin şiddətlə tənqid etdiyi kapitalist sistemini bir müddət iqtisadiyyat siyasəti olaraq tətbiq etməsi kimi PKK-nın silahları yerə qoyması şayiəsi də yalnız kommunist ruhlu taktikadır. Kommunistlər öz ideologiyalarının yayılması üçün Leninin "bir addım irəli, iki addım geri" nəzəriyyəsinə əsasən müxtəlif taktikalar tətbiq etməkdən heç bir zaman çəkinməzlər. PKK da hal-hazırda buna bənzər bir taktika tətbiq edir.

PKK Türkiyənin bölünməsi ilə kommunist dövlət qurmağa yönəlmiş Leninist-Stalinist  terror təşkilatıdır. 1990-cı illərdən sonra Qərbin rəğbətini qazanmaq üçün imperialist maska taxmış və taktika dəyişdirmiş olsa belə, əslində kommunist kimliyini heç buraxmamışdır. Bu müddət ərzində istər məğlubiyyəti, istərsə də ölkəni bölmə məsələsində təzyiq amili olaraq cəmi 7 dəfə atəşkəs qərarı almışdır. 1993-cü ildən etibarən müxtəlif səbəblərə görə qəbul edilən tərksilah edilmə haqda qərarlar hər zaman PKK-nın hücumları ilə bitmişdir. Yenə 2009-cu ildə başlayan məsələnin həlli prosesi çərçivəsində ən böyük şərt olaraq xarakterizə edilən "PKK-nın silahları yerə qoyması" zəruriliyi də heç bir şəkildə gerçəkləşməmişdir.

Bu məsələ ilə bağlı bir sıra etiraflar da edilmişdir: PKK-nın liderlərindən Cəmil Bayık "Heç bir halda silahları yerə qoymayacağıq. Silahı yerə qoymaq təslim olmaq deməkdir, ölüm deməkdir."-deyə bildirir. Təşkilatın İcra Şurasının üzvü Duran Qalxan "Partizana silahların yerə qoyulması haqda çağırış edilməsini çox mənasız hesab edirik, bunu mübahisə etməyə belə ehtiyac duymuruq. Partizan silahı yerə qoymaz." kimi bir açıqlama edib. Yenə də təşkilatın idarəçilərindən olan Zebat Andok "Biz Türkiyə Cümhuriyyətinə qarşı silahlı mübarizə aparırıq. Silahları yerə qoymaqdan söhbət belə gedə bilməz." deyə fikir bildirib. Təşkilatın liderlərindən Sabri Ok isə Leninist hərəkat olaraq müstəmləkəçilik əleyhinə mübarizə apardıqlarını və bunun yalnız silahla mümkün olduğunu bu cür etiraf etmişdir: "Biz müstəmləkəçilik əleyhinə necə silahlandığımızı... çox yaxşı bilən bir hərəkatıq. Çıxış səbəbimiz açıq-aşkar bilindiyi halda, bu cür tərksilah edilmə mümkün ola bilməz və bu, bizə ziddir..."

Bunu çox yaxşı bilmək lazımdır ki, PKK-nın indiyə qədər mövcudluğu yalnız silah gücü ilə mümkün olmuşdur. PKK Türkiyənin cənub-şərqində bir hakimiyyət qurmuş, oradakı xalqı təzyiq altında saxlamış və bunu yalnız silah yolu ilə edə bilmişdir. Türkiyə parlamentində PKK-nın dəstəklədiyi bir partiyanın iştirak etməsi silah gücü ilə mümkün olmuşdur. Yerli seçkilərdən sonra PKK-nın dəstəklədiyi bu partiyanın cənub-şərqdəki müvəffəqiyyətinin səbəbi demokratiya yox, silahdır. Oradakı xalq silah gücü ilə səs verməyə məcbur edilib. Hal-hazırda Türkiyə hökumətinin PKK terror təşkilatının lideri Öcalan kimi bir qatil ilə müzakirə etməyə məcbur olmması silahların gətirdiyi bir nəticədir. Etiraf etmək çətin olsa da, gerçək budur.

PKK əlbəttə ki, türk ordusu qarşısında hər zaman məğlub olmuşdur, amma silahdan da heç bir zaman imtina etməmişdir.

Beləliklə, bir kommunist təşkilat silahı yerə qoyduqda mübarizə üçün heç bir gücünün olmayacağını çox yaxşı bilir. Kommunist bir təşkilat Türkiyə kimi dindar bir millət üzərində ideoloji hakimiyyət qurmağın mümkün olmadığını da bilir; buna görə də ideologiyasını tətbiq edə bilmənin tək yolu silahdır.

PKK hal-hazırda "tərksilah olma" görüntüsü altında türk hökumətində "on maddə" adlanan direktivlərlə üstüörtülü muxtariyyət qurmaq istəyir. O, bunu yerli hakimiyət orqanlarının gücləndirilərək və "dövlət" adının yenidən gündəmə gətirilərək gerçəkləşməsini istəyir. Türkiyə Cümhuriyyətininin dövlət anlayışını bir terror təşkilatından öyrənməsini gözləyirlər. Aİ yerli hakimiyyət orqanlarının gücləndirilməsini olduqca səmimi bir fikir və dəstəklənəcək bir taktika kimi qəbul edir. Türkiyə torpaqlarında kommunist quruluş yaradılmağa icazə verilməsinin bütün dünyaya fəlakət gətirəcəyini Aİ güman ki, çox gec anlayacaqdır.

Məhz bu səbəblərə görə Türkiyədəki bəzi qruplar, Avropa və ABŞ qorxunc nəticələr gətirəcək dəhşətli bir xəstəliyə qətiyyən tutulmamalıdırlar. ABŞ-ın Kobaniyə hücumları və gördüyü bunun kimi digər işləri üçün PKK-nı silahla təmin etməsi hər kəsə bəllidir. Əgər ABŞ və Avropa Türkiyə torpaqlarında silahların yerə qoyulması haqda şayiələrin yalnız bir taktika olduğunu və "etnik kimlik" adı altında kommunist ruhlu üsyana zəmin hazırlandığını görə bilməzlərsə, bu, onların Yaxın Şərqi və bütün dünyanı yıxacaq bir vəhşilik ssenarisini dəstəklədiklərini göstərəcəkdir.

Adnan Oktarın Arab News, Eurasia Review ve News Rescue'da yayımlanan məqaləsi:

http://www.arabnews.com/travel/news/718141

http://www.eurasiareview.com/14032015-is-pkks-terror-really-ending-in-turkey-oped/

http://newsrescue.com/is-pkks-terror-really-ending-in-turkey/#axzz3UmtjS2R7


PAYLAŞIN
logo
logo
logo
logo
logo