Satanizm şiddəti və vəhşiliyi dini dünyagörüşə çevirən qəddar ideologiyadır. Şeytanı ilahlaşdıran satanistlər insanlıqdan kənar hərəkətləri və qanlı cinayətləri bir ibadət kimi yerinə yetirirlər.
Əksər insanlar satanizm deyəndə bunun yalnız psixoloji olaraq gənclər arasında yayıldığını, mistik axın olduğunu və ya izlədikləri filmlərin təsirinə düşdükləri üçün satanistlərin yalnız qəribə inancları olan, ağlı yerində olmayan insanlar olduğunu düşünürlər.
Satanistlərin vəhşi, dəhşətli inanca sahib olduqları düzdür. Lakin əksər insanın diqqət etmədiyi şey satanizmin 1800 – ci illərdən bəri mövcud olan materialist, şiddətə meyilli və ateist ideologiya olmağıdır. Bu ideologiyanın dünya səviyyəsində çoxlu tərəfdarı var.
Satanizmin əsas xüsusiyyəti bütün dini dəyərləri rədd etməsi və şeytanı ilahlaşdıraraq cəhənnəmi qurtuluş olaraq görməsidir. Satanizmə görə insan nəyəsə qarşı məsuliyyət daşımır, tək məsuliyyəti nəfsinin özünə əmr etdiklərini yerinə yetirməsidir. Əgər nəfsi insana qəzəblənməyi, kin saxlamağı, intiqam almağı, yalan danışmağı, oğurluq etməyi, zərər verməyi, öldürməyi əmr edirsə, bunları rahat etmək olar. Satanizmin bunu müdafiə edərkən qarşıya qoyduğu əsas məntiq isə pisliyə mane olunmasının qeyri-səmimilik olduğu iddiasıdır. Yəni nəfsi insana qarşısındakını öldürməyi əmr etdiyi halda, o bunu etmirsə, deməli, dürüst davranmır.
Bütün insanların gözəl əxlaq xüsusiyyəti olaraq gördüyü sevgi, mehribanlıq, səbir, bağışlayıcılıq satanistlərin nifrət etdikləri xüsusiyyətlərdir. Bu azğın ideologiyaya görə azad olmaq kin, qəzəb, intiqam kimi duyğularla yaşamaq və pislikdə sərhəd tanımamaqdır. Satanizmin əsas kitabı olan “Satanic Bible”nin (Şeytani İncil) 5 - ci maddəsində - İncildə yer alan "bir yanağına sillə vurana digərini çevir" prinsipinə qarşı - "Şeytan digər yanağını çevirmək yerinə, intiqam almağı əmr edir" deyilir. Yenə eyni kitabın başqa maddəsində "Düşmənlərinizdən bütün qəlbinizlə nifrət edin və əgər biri sizə vursa, sizdə ona vurun" təlimatı verilir. 1
Aydın olur ki, bu məntiqlə heç bir pisliyə mane olunmur. Belə mühitdə böyük xaos və qarışıqlıq yaranır. Yaxşını pisdən ayırıb yaxşıda dayanmayan və doğru mühakimə yürütməyən bir cəmiyyətdə nizamdan, hüzurdan, barışdan, təhlükəsizlikdən, bağışlayıcılıqdan, mehribanlıqdan danışmaq mümkün deyil. Bu nizamla qarşısındakına qəzəblənən insan qəzəbinə qalib gəlib mötədil davranmaq yerinə, intiqam almağa cəhd edəcək və ya kasıb insan bu vəziyyətə səbir edib, qanuni şəkildə ehtiyaclarını ödəmək yerinə, oğurluq, sui-istifadə kimi yollara müraciət edəcək. Elə satanizm də bunu istəyir.
Satanizm cəmiyyəti qayda-qanun tanımır. Məqsəd nəfsin bütün eqoist duyğularının və pisliklərinin azad yaşanmasıdır. Müasir satanizmin qurucusu olan Anton Lavey “Satanic Bible” adlı kitabında satanizmin təməl prinsiplərini yazarkən, tərəfdarlarına pisliyi istədikləri kimi yaşamaqlarını və yaymaqlarını da tövsiyə edir. Hətta Laveydən alınan bir müsahibədə "Qanunların tamamilə tapdalanmaq üçün yazıldığını düşünürəm... Məncə küçədə birini soymaq yanlış deyil" deyir. 2
Satanizmin qaydaları rədd etməsi bununla bitmir . İnsan yalnız özünə və yaxın ətrafına zərər verməməlidir, həmçinin düşmənçiliyi və qəzəbi bütün insanlar arasında yaymalıdır. Satanizm şiddəti həyatın ayrılmaz hissəsi olaraq görür. Satanizmə görə şiddət təbiətin özündə var və bundan qaçmaq olmaz. Bu azğın inanca görə təbiətdəki şiddətin insanlar arasında yaşanmasının da qorxusu yoxdur. İnsanın şiddətə mane olması və ya ona qalib gəlməsi təbiətinə zidddir, insan bir gün bir yerdə mütləq şiddətə müraciət edəcək, onda bunun qarşısına keçmək mənasızdır.
Aydın olduğu kimi, satanizm olduqca azğın inancları özündə cəmləşdirir. Bu inanclar insanları təcavüzkarlığa, cinayətə və müharibəyə sövq edir. Xüsusilə, Amerikada alimlər milli terrorun əsasının satanizm olduğu və satanizmlə ciddi mübarizə aparılmalı olduğu qənaətinə gəliblər. Bu alimlərdən biri də Denver Universitetindən professor Karl Roşkedir (Carl Roschke). Roşke "Satanizm ideologiyası milli terrorun əsasıdır və biz bu mövzuda ciddi işlər görməliyik" sözləri ilə bu yanlış fəlsəfənin təhlükəsinin nə qədər ciddi olduğunu bildirib. 3 Roşkeyə görə satanistlərin "yalnız işsiz - gücsüz dəstə"dən olduqları fikri yanlışdır və satanizmə qarşı mübarizənin ən vacib addımı da bu yanlışdan imtina edilməsidir. O, satanistlərin işlədikləri cinayətləri araşdıranda bu ideologiyanın necə böyük bəla olduğunun daha yaxşı aydın olacağını da bildirib. 4
Şübhəsiz, bu cərəyana qarşı aparılacaq ən mühüm mübarizə fikri mübarizə olacaq. Buna görə də satanizmin hansı ideologiyalarla müdafiə edildiyini bilmək lazımdır.
Satanizmin ideoloji mənbəyi darvinizmdir
Satanistlərin kitablarında, jurnallarında, nəşr etdikləri broşuralarda və internet saytlarında özlərini tanıdarkən ən çox diqqət çəkən tərəflərindən biri 'insanları inkişaf etmiş heyvan olaraq' görmələri, 'həyatın əsl mənasının mübarizə olduğunu' söyləmələri, 'yalnız güclünün qalib gələcəyi' fikrini müdafiə etmələridir. Bu, satanist ideologiyanın əsasının darvinizm olduğuna aid vacib dəlildir. Belə ki, əksər satanist də bunu açıq dilə gətirməkdən çəkinmir. "A Description of Satanism" (Satanizmin təsviri) adlı yazıda satanist yazar, ideologiyasını belə açıqlayıb:
...Əvvəlcə bunu deyim ki, bütün insanlar sosial heyvanlardır... Bütün insanlar və heyvanlar ortaq bioloji keçmişə sahibdir. Satanizm insanların inkişaf etmiş heyvandan fərqli olmadığını müdafiə edir. Bizim digərlərindən üstünlüyümüz yoxdur, biz yalnız təkamülləşmə və qalib gəlmə şansına sahib olan varlıqlarıq.. 5
"Şeytan kilsəsi" nəşrləri arasında yer alan başqa satanist mənbədə isə insanların inkişaf etmiş heyvan olduqları düşüncəsinə inandıqlarını bu fikirlə ifadə edib:
Satanizm insanı heyvan olaraq gördüyünə görə (keçmişdə bu həqiqəti bilən və cəmiyyətləri içərisində bunu dilə gətirənlər var) bu fəlsəfi ifadələri tapıb ortaya çıxaracağıq və sizlər bunları bu günkü inkişafımızın mənşəyi olaraq görəcəksiniz. 6
Yəni satanistlər Darvinin insanların heyvanlardan təkamülləşdiyini uyduran nəzəriyyəsini ideoloji 'oyanışın' mənşəyi olaraq görürlər. Anton Laveydən alınan və “MF Magazin” adlı musiqi jurnalında nəşr olunan bir müsahibənin girişində isə darvinizm ilə satanizm arasındakı əlaqə belə izah olunur:
Anton Lavey 1960 – ci illərin sonunda xristianlığın monoton əxlaqi dəyərləri ilə möhkəmlənənlər üçün ictimai darvinizm ideologiyasını və müsbət düşüncəsini genişlədərək yeni yol yaratdı. 7
Satanist kilsənin keşişlərindən Magister Peter H. Gilmore bu azğın dini belə təsvir edir:
... İndi bunun əvəzinə, müasir satanizmin nə olduğuna baxaq: güclülərin zəiflərin üzərində yenidən hakim olacağı, ədalətsizliyin yerini ədalətin alacağı, iki min ildir bütün insanların bərabər olduğu fikrini irəli sürənlərin tamamilə rədd edildiyi mərhəmətsiz bir din seçimi və ictimai darvinist anlayışdır. 8
Əlbəttə, yuxarıdakı sətirlərdə verilən ədalət anlayışı bizim anladığımız mənada haqq və bərabərlik prinsipi üzərində qurulan ədalət deyil. Bu ədalət satanist ədalət anlayışıdır və sonrakı sətirlərdən də aydın olacağı kimi, özlərini digərlərindən üstün görən insanlara hər cür səlahiyyət və haqqı verməyi nəzərdə tutan ədalətdir.
Satanizmin yalnız Qərb cəmiyyətlərini üstün görən ictimai darvinist anlayışı başda faşizm olmaqla, bir çox irqçi və şovinist cərəyanlarla əməkdaşlıq edib. Hitlerin nasional sosialistləri, Mussolininin quru köynəkliləri arasında satanizmə inanan çoxlu insana rast gəlmək mümkündür. Bu əməkdaşlıq Anton Lavey tərəfindən belə ifadə edilir:
Bu müqəddəs olmayan ittifaqdır. Bu fikri müdafiə edən fərqli insanlar keçmişdə bizimlə müqavilə bağladılar. Mövzuları, işıqları və xoreoqrafiyaları ilə milyonlarla insanı yönləndirən Alman Nasioal Sosialist Partiyasının anti-xristian gücü satanistlərə səmimi olaraq bağlı idi. 9
Bu cərəyanlarla satanizm arasındakı ən vacib ortaq nöqtə darvinizmdir. Bütün bu azğın ideologiyaların əsasını təşkil edən ictimai darvinizmi satanistlər bu sözlərlə müdafiə edirlər:
Güclü olanın qalib gəlməsi prinsipi fərdin yaşaya bilməməsindən özünü müdafiə edə bilməyən millətlərin məğlubiyyətinə qədər cəmiyyətin hər səviyyəsinə tətbiq oluna bilər... Zəiflər ictimai darvinizmin nəticələrini yaşamağa başladıqca dünya əhalisində sistemli azalma olacaq. Çünki təbiət hər zaman uşaqlarını bir tərəfdən gücləndirir, bir tərəfdən təmizləyir. Biz həqiqətlərdən bəhs edirik və bunu varlığın quruluşuna zidd olan utopiyaya çevirməyə çalışmırıq. 10
Satanistlərin ictimai darvinizmə olan bağlılıqlarının digər ifadəsi faşizmin məhsulu olan yevgenika nəzəriyyəsini güclü müdafiə etmələridir. Şikəst və xəstə insanların cəmiyyətdən təmizlənməsi və sağlam fərdlərin uyğunlaşdırılaraq çoxaldılmasını nəzərdə tutan yevgenika nəzəriyyəsi, xüsusilə, nasist Almaniyasında tətbiq edilib. Yevgenika nəzəriyyəsinə görə necə sağlam heyvanlar bir-birləri ilə cütləşdirilərək yaxşı heyvan cinsləri yaradılırsa, bir insan irqi də islah edilə bilər. İnsan irqinin islah edilməsinə mane olan ünsürlər isə cəmiyyətdən xaric edilməlidir. Nasist Almaniyasında bu məntiqə uyğun olaraq on minlərlə fiziki və əqli xəstə insan insafsızca öldürüldü.
Elə satanizm də eyni qorxunc cinayətləri müdafiə edir. Satanistlərin bu dünyagörüşü öz mənbələrində belə qeyd edilir:
Satanistlər təkcə yevgenika nəzəriyyəsini təcrübədən keçirərək təbiət qanunlarının inkişaf etdirilməsi üçün yollar axtarırlar. Bu, çoxalma qabiliyyəti olan insanların dəstəklənməsi ilə gen hovuzunu bəşəriyyətin daha sürətli irəliləməsini təmin edəcək şəkildə inkişaf etdirmə səyidir. Bu üsul dünya səviyyəsində tətbiq olunur. Genetik kodlar əldə olunana və soyumuzu davam etdirəcək olanları seçmək imkanımız olana qədər satanistlər ən yaxşıların ən yaxşılarla birləşməsini dəstəkləyir. 11
Satanizmin azğın ayinləri
Satanizm deyildikdə əksər insanın ağlına onların təşkil etdiyi quru cadu ayinləri və bu ayinlərdə yaşanılan qorxunc vəhşiliklər gəlir. Lakin insanların bir hissəsi bunların yalnız qorxu filmlərində olduğunu, əsl həyatda bu cür hadisələrin olmadığını düşünür. Halbuki filmlərdə görməyə öyrəşdiyimiz qorxulu səhnələr satanist ayinlərin və mərasimlərin ayrılmaz hissəsidir.
Bu ayinlərin ana xətti şeytanla əlaqəyə keçmək və onun “tövsiyələrini” öyrənməkdir. Bunun üçün xüsusi mühitlər hazırlanır. Satanizmdə bu şeytani mərasimlərin nə qədər böyük yer tutduğunu görmək üçün satanistlər tərəfindən hazırlanmış kitablara və internet saytlarına qısa nəzər salmaq kifayətdir. Bu cür nəşrlərin ortaq xüsusiyyəti qaranlıq təxribatlara çoxlu yer vermələri və şeytani ayinlərin “əhəmiyyəti” üzərində dayanmalarıdır. 18 yaşından kiçik satanistlərə müxtəlif nəsihətlər verən məşhur satanist internet saytlarından birində bu ayinlərin satanizmin əsası olduğu vurğulanır və kütləvi şəkildə ayin icra edə bilməyən gənclərin mütləq tək başlarına bu cür ayin icra etməli olduqları izah edilir. Tövsiyə etdikləri ayinin təfərrüatları isə belədir:
Qaranlıq güclərin səninlə əlaqəyə keçdiklərini düşündüyün anda qorxma və təşvişə düşmə... Qaranlıq güclərə onların layiq olduqları hörmətlə yaxınlaş, ayinlər bunun üçündür; onlarla əlaqə qurmaq üçün... Təsirli ayin etmək üçün Laveyin kitabında yazılan bütün vəsaitləri tapmağın şərt deyil. Bəlkə qılınclar, ayin qədəhləri, qara iplər kimi vəsaitləri alacaq pulun və əldə edəcəyin mağaza olmaya bilər. Amma yenə də ayin icra edə bilərsən... (Qara) şamı yandır və qarşısında otur... Şamın işığına baxaraq "Hazıram, qaranlıqların hakimi, gücünü özümdə hiss edirəm və həyatımı şərəfləndirməyini istəyirəm. Mən şeytanın tərəfdarlarındanam. Yaşasın Şeytan" deyə ona səslən... Bu şeytanı həyatına daxil etməyin sadə yoludur. 12
Şeytanı özünə rəhbər edən birlikdə hər cür azğınlıq, əxlaqsızlıq və vəhşilik adi qarşılanır. Satanistlər üçün bunlar şeytanın özlərinə ilhamı və mütləq yerinə yetirməli olduqları əmrləridir. Bu əmrlərə itaət edən satanistlər cinsi azğınlıqlar edir, heyvanlara və insanlara işgəncə verir, hətta öldürdükləri heyvanın və ya insanın qanını içmək kimi ağla sığmaz çirkinliklər göstərirlər. Dünyanın bir çox ölkəsində satanist olduğunu deyən gənclər narkotika tədbirləri keçirirlər. Bu tədbirdə hər cür əxlaqsızlıq və azğınlıq baş verir və çox vaxt da tədbirin sonu şeytan üçün bir yoldaşlarını öldürməklə nəticələnir.
Satanistlərin ayinlərində qan tökməyə xüsusi əhəmiyyət vermələri isə şeytanın bəşəriyyət üzərindəki planının simvolik ifadəsidir. Şeytan nifrətlə baxdığı insan nəslinə əlindən gəldiyi qədər əzab vermək istəyir. Buna görə də dünyada qan tökülməsini qarşısına məqsəd qoyub. Bu və oxşar ideologiyaların səbəb olduğu bütün müharibələr, qırğınlar, cinayətlər və terrorlar şeytanın qan tökmək planını həyata keçirən "satanist ayin"dir.
Özlərini "satanist" elan edənlər qan tökməyi açıq mərasim şəklində həyata keçirirlər. Yer üzündə terror və anarxiyanı qızışdıranlar isə eynisini daha örtülü şəkildə, amma daha əhatəli reallaşdırırlar.
Satanizm ilk başdan məğlub olmuş ideologiyadır
Satanizmin təhlükə səviyyəsini araşdırarkən, satanistlər tərəfindən aparılan təsbiti unutmamalıyıq. Satanistlərə neçə nəfər olduqlarını soruşanda saylarının çox olduğunu söyləyirlər. Əslində bu doğru təsbitdir. Çünki satanistlərin müdafiə etdiyi görüşlər hal-hazırda şüurlu və ya şüursuz olaraq çoxlu insan tərəfindən normal qəbul edilir. Çünki insanın vicdanının səsini dinləməyib, gözəl əxlaqla yaşamaması nəfsinə və şeytanın əmrlərinə təslim olması deməkdir. Satanistlərin bu günə qədər səbəbkarı olduqları bəlaları düşünəndə bəşəriyyəti gözləyən nəticənin necə acınacaqlı olacağı göz qabağındadır.
Satanizmin əsasını təşkil edən, insanın bir növ heyvan olduğu iddiası isə tamamilə uydurmadan ibarətdir. İnsan kor təsadüflər nəticəsində ortaya çıxan varlıq deyil. Bütün kainatdakı nizamın və ehtişamın olduğu kimi insanın da Yaradıcısı üstün, güclü, hakim və hər cür əskiklikdən münəzzəh olan Allah`dır. Allah insanları, düşünə bilən, yaxşını pisdən ayıran, Allah`a qarşı məsuliyyəti olan varlıqlar olaraq yaradıb. Hər insanın nəfsi özünə pisliyi əmr etdiyi kimi, vicdanı da pislikdən çəkinməyi və qorunmağı əmr edir. İnsanın vəzifəsi isə nəfsinin deyil, vicdanının səsini dinləmək və Allah`ın razı olacağı əxlaqı göstərməkdir. İnsanın göstərəcəyi gözəl əxlaq həm özünün və yaşadığı cəmiyyətin dinc və rahat yaşamasını, həm də axirətdə Allah`ın izni ilə ən gözəl qarşılığı görməsinə səbəb olacaq.
Unutmamalıyıq ki, şeytanın insanlara bəzəyib cazibədar göstərdiyi həyat böyük aldanışdan ibarətdir. Şeytan insanlara dünya həyatında müxtəlif vədlər verir, onları doğru yoldan ayırmağa çalışır, lakin şeytanın insanları dəvət etdiyi yol ona uyan insanların fəlakəti olacaq. Çünki şeytan və onun yolu ilə gedənlər elə yolun başlanğıcında məğlub olublar. Quranda bu həqiqəti bizə xəbər verən ayələrdən bəziləri bunlardır:
Onlar Allah’ı qoyub, yalnız qadın bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər. Allah şeytana lənət etdi. O isə dedi: “Mən sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allah’ın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm.” Allah’ı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 117-119)
Mənbələr:
1. Announcements of Church of Satan,
http://www.churchofsatan.com/home.html
2. Anton LaVey, Birth of Tragedy, Issue No. 4, Kasım 86-Ocak 87
3. Expert On Satanism Sees Terrorism Dangers Ahead, Online Athensnews, 28 Şubat 1999
4. Expert On Satanism Sees Terrorism Dangers Ahead, Online Athensnews, 28 Şubat 1999
5. Vexen Crabtree, A Description of Satanism, http://simon.crabtree.com/satanism/modern.html
6. Magister Peter Gilmore, Satanism the Feared Religion, http://www.churchofsatan.com/Pages/Feared.html
7. The Doctor Is In, Shane & Amy Bugbee,
www.churchofsatan.com/Pages/MFInterview.html
8. Magister Peter Gilmore, Satanism the Feared Religion,
http://www.churchofsatan.com/Pages/Feared.html
9. Vexen Crabtree, A Description of Satanism, http://simon.crabtree.com/satanism/modern.html
10. Magister Peter Gilmore, Satanism the Feared Religion, http://www.churchofsatan.com/Pages/Feared.html
11. Magister Peter Gilmore, Satanism the Feared Religion,
http://www.churchofsatan.com/Pages/Feared.html
12. http://www.churchofsatan.com/Pages/Youthletter.html