Terrorun kütlə psixologiyası
ucgen

Terrorun kütlə psixologiyası

2236
Terroristlərin əsas xüsusiyyətlərindən biri kütlə psixologiyası ilə hərəkət etmələridir. Kütlə psixologiyası ilə hərəkət edən insanlar təkbaşına olarkən etməyəcəkləri şeyləri edir, şüursuz və iradəsiz şəkildə davranırlar. Dünyanın bir çox ölkəsindəki terror təşkilatlarında iştirak edən ağılsız və cahil insanlar nəyi nə üçün etdiyini belə bilmədən kütlənin və şüarların təsiri altına düşərək normal ağılla etməyəcəyi cinayətləri edir.
 
Rus anarxiyasının qurucusu sayılan Mixail Bakunin və şagirdi Neçayev ideal bir terroristi belə təsvir edirlər:
 
“İdeal terrorist qanuni və mədəni dünyanın bütün qanuni, mənəvi və digər cəhətləri ilə əlaqəni kəsən insandır... Yalnız bir elmi tanıyır: Yox etmək.” (http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html)
 
Bakunin və Neçayevin bu sözlərindən də aydın olduğu kimi, terroristlər maddi və mənəvi bütün dünya ilə əlaqəni kəsən, buna görə də, bütün əxlaqi dəyərləri rədd edən və onları özlərinə mane və düşmən hesab edən insanlardır. Bakunin başqa bir sözündə isə “Bir terroristin tək bir məqsədi olmalıdır, mərhəmətsiz məhv etmək! Bu məqsədlə yorulmadan və soyuqqanlılıqla hər zaman ölməyə və buna mane olan hər kəsi öz əlləri ilə öldürməyə hazır olmalıdır”deyib. Terrorizmin əsas kimi qəbul olunan “İnqilabçının stolüstü kitabı”nda bir terroristin necə olması belə açıqlanır:
 
“... Özünə qarşı sərt davranan inqilabçı  sevgiyə, dostluğa, minnətdarlığa, hətta şərəfə belə yer verməyərək başqalarına da qarşı sərt olmalıdır. Sadəcə müvəffəq olduğu halda, zövq, razılıq və mükafat gətirəcək inqilabi mübarizənin soyuq ehtirasını düşünməlidir.”
(http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html)
 
Bu sözlər terrorun qaranlıq üzünü bütün gerçəkliyi ilə göstərir və terrorun sülh, tolerant və sevgi dini olan İslam dini ilə tamamilə ziddiyyət təşkil etdiyini ortaya çıxarır. Çünki Allah “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqərə surəsi, 208) ayəsi ilə insanlara sülhün həqiqi qurtuluş olduğunu, bunun əksi olan döyüşün və qarşıdurmanın isə şeytanın addım izləri ilə getmək olduğunu bildirir.
 
Terrorun kütlə psixologiyası
 
Terroristlərin əhəmiyyətli xüsusiyyətlərindən biri də kütlə psixologiyası ilə hərəkət etmələridir. Kütlə daxilində fərdi düşüncələr əriyib yox olur, hər kəs tək bir məqsədə yönəlir. Sakit bir insan təsir altında qatilə, təcavüzkara, insanlıqdan kənar hərəkətlər edən terroristə çevrilə bilir. Tək olduğu zaman, sakit görünən bir adam, bir terror qrupunun içinə girdikdə birlik olub bir evi yandıra, tanımadığı insana səbəbsiz yerə hücum edə, bir iş yerini qarət edə, kütləvi surətdə insanları qətl edə bilər, hətta özünü belə ölümə atmaqdan çəkinməyə bilər. Terrorist qrupun içində çoxluğun ona verdiyi güclə əmr olunan hər şeyi şüursuz şəkildə yerinə yetirər.
 
Terrorizmə qoşulanların çoxu iradə və vicdanları zəif olduğu üçün kütlə psixologiyası içində “sürü” halına gəlirlər. Mühakimə və hökm tamamilə ortadan qalxır, bunun yerinə həddindən artıq və şişirdilmiş duyğular, şiddətə meyl və təcavüzkarlıq hakim olmuşdur. Belə insanlar təsir altına tez düşür və heç bir qayda tanımırlar.
 
İnsanın öz ağıl və iradəsi ilə hərəkət etməli olduğunu bir Quran ayəsində belə açıqlanır:
 

“Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibin əməlləri) barəsində sorğu-sual olunacaqlar” (İsra surəsi, 36)

 
Terrorizmin əsl qaynağı: üçüncü dünya fanatizmi
 
“İslami terror” kimi adlandırılan və son dövrdə dünya gündəmində yer alan, həqiqətə tamamilə zidd olan bu anlayışı anlamaq üçün tarixi faktlar olduqca əhəmiyyətlidir. Çünki bu gün də İslam adından istifadə edərək terror törədənlər və ya bunu dəstəkləyənlər İslam dünyasındakı kiçik bir qrupu təmsil edirlər. Bu, İslam dinindən qaynaqlanmır, Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış və bəzi “bədəvi xarakteri”nə sahib insanların əməlləridir. Bədəvilər İslamın mahiyyətini heç cür anlamayaraq sülh, əmin-amanlıq və ədalət dini olan İslamı öz məqsədlərinə alət etməyə çalışırlar. Bu vəhşiliyin qaynağı isə “üçüncü dünya fanatizmi” adlandıra biləcəyimiz, sevgidən uzaq olan insanların ağılsızlıqlarıdır.
 
Son bir neçə əsrdir ki, İslam dünyasının dörd bir tərəfindəki müsəlmanlar qərbli güclər və ya onların əlaltıları tərəfindən zülmə məruz qalırlar. Müstəmləkəçi Avropa dövlətləri, Qərb tərəfindən dəstəklənən yerli müstəmləkəçilər (məsələn, İsrail) və ya yerli totalitar rejimlər müsəlmanlara çox zülm etmişlər. Bu vəziyyətdə də müsəlmanlar Qurana görə davranmalı və reaksiya verməlidirlər. Quranda heç bir zaman “zülmə qarşı zülm” tətbiq olunmasına icazə verilmir.
 
Müsəlmanlar gördükləri zülmə qarşı, əlbəttə, reaksiya verməlidirlər. Bu, onların qanuni haqqıdır. Amma bu, heç bir zaman kor-koranə nifrətə və ədalətsiz ədavətə səbəb olmamalıdır. Allah bu mövzuda müsəlmanları “...(Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allah`dan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (Maidə surəsi, 8) hökmü ilə xəbərdar edir.
 
Üçüncü dünya fanatizminin İslamla heç bir əlaqəsi olmadığının ən bariz nümunəsi bu fanatizmin yaxın zamana qədər kommunist ideologiyası ilə eyni düşüncəyə sahib olmasıdır. Bilindiyi kimi, dövrümüzdəki Qərb əleyhdarı terror hərəkatlarının bənzərləri 60-cı və 70-ci illərdə də Sovet İttifaqı tərəfindən dəstəklənən kommunist təşkilatlar tərəfindən həyata keçirilib.
 
Kommunist ideologiyası təsirini itirdikdən sonra bu təşkilatları əmələ gətirən ictimai quruluşların bir qismi İslam adını istifadə etməyə başlamışdır. Köhnə kommunist ifadələrinə İslami bəzi anlayışlar və simvollar əlavə edərək formalaşdırmaq istədikləri bu “din libasına bürünmüş vəhşilik” İslamın əsasını təşkil edən əxlaqi dəyərlərə tamamilə ziddir.
 
Bundan əlavə, İslam hər hansı bir millətə və ya coğrafiyaya aid deyil. İslam Allah`ın insanlara yol göstərici kimi endirdiyi son dindir və bütün insanlığa xitab edir. Müsəlmanlar inandıqları haqq dini hər mədəniyyətdən olan millətə izah etmək, tanıtmaq və onların qəlblərini İslama isindirməklə məsuldurlar.
 
Buna görə də, İslam adına ortaya çıxaraq terror törədən, totalitar rejimlər meydana gətirən, dünyanı gözəlləşdirmək yerinə çirkinləşdirən insan və qruplara qarşı tək bir həll yolu vardır: Həqiqi İslamın təbliğ edilməsi, izah edilməsi, başa düşülməsi və yaşanması.
 
Terrorun ən əhəmiyyətli xüsusiyyətlərindən biri hədəfini təsadüfi seçməsidir. Fərq qoymadan hədəfin təyin olunması qorxunun yayılmasının ən əhəmiyyətli səbəblərindən biridir. Bu da heç bir insanın təhlükəsiz olmadığı mənasını verir. Əgər hər hansı birini hədəf almaq üçün xüsusi bir səbəb yoxsa, o zaman heç kim təhlükəsizlik içində olmayacaq, özünü qorumaq üçün heç bir şey edə bilməz. Çünki terrorist öz qaydalarına görə mühakimə edir, seçdiyi yer və zamanda hərəkətə keçir. Bu da siyasi terror fəaliyyətlərinin əvvəlcədən müəyyən edilə bilməyəcəyini göstərir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr