Dünyanın hər yerində zülmün, zorakılığın və nifrətin adiləşdiyi dövrdəyik. Demək olar ki, hər gün bir bölgədən qanlı xəbərlər gəlir və zorakılığın hədəfi də əsasən məsum insanlar olur.
Son günlərdə Keniya və Pakistanda baş verən terror hadisələri də dünya gündəminə bir daha İslam və zorakılıq mövzusunu gətirdi. İslamın sevgi və sülh dini olduğunu, inancı, irqi, dili və düşüncəsindən asılı olmayaraq hər kəsin birinci sinifdən olan insan münasibəti görməsini müdafiə edən din olduğunu bütün dünya bilir. Bəs necə olur ki, müsəlman aləmində bu qədər çox zorakılıq və zülm baş verir?
Bu sualın cavabını tapmaq üçün İslam dünyası daima Qərbi təqsirləndirir, Qərb də İslamı və müsəlmanları anlamağa çalışmır, odur ki, problemə həll yolu gətirmək mümkün olmur. Halbuki, bu zülm birtərəfli deyil. Birtərəfli olmadığına görə, bir tərəfin mövqeyi ilə bu zülmə son qoyula bilməz.
Heç bir din zülmü və zorakılığı əmr etməz. Heç bir din zalımlığa, eqoistliyə, sevgisizliyə təşviq etməz. İnsanları Allah`ın yaratdığı bərabərhüquqlu qullar kimi görən, təvazökarlığı, səbiri, şəfqəti, qarşılıqsız sevməyi buyuran din əxlaqının yerinə ziddiyyət tərəfdarı olan ideologiyaları qoyduqda zorakılıq və zorakılığa zəmin hazırlayan şərtlər formalaşır. İslam coğrafiyasında terroru mübarizə metodu kimi mənimsəyənləri təhlil etdikdə də böyük əksəriyyətinin ya Qərb dünyasında təhsil aldığını, ya da öz ölkələrində zorakılığa meyilli qurumlardan təsirləndiyini görürük.
Yolda saxladıqları insanlardan namazın şərtlərini soruşub cavab almadıqda güllələyən, “xristiansanmı?” sualına “bəli” cavabı aldıqda silahını götürüb zalımlıqla bu məzlumları öldürən insanların özlərini müsəlman kimi təqdim etməsi, adlarının müsəlman adı olması bu zalımları müsəlman etmir.
İslamın mənbəyi sevgi, şəfqət və dostluqdur. Qurandakı “mənim dinim mənə, sənin dinin sənədir” hökmü və “dində məcburiyyət yoxdur” əmrinə əsasən, müsəlmanlar fikir və inanc azadlığını müdafiə etmək və qorumaqla məsuldurlar. Cinayət törədən birini belə “bağışlamaq sizin üçün daha xeyirlidir” hökmünü verən bir dinin döyüşün, qarşıdurmanın, zorakılığın tərəfdarı olduğunu demək həm ciddi məlumatsızlıq, həm də vicdansızlıqdır. Qurana əsasən, bir nəfərin ölümünün bütün bəşəriyyətin ölümü olduğu kimi, hər müsəlman bir insanı xilas etməyin bütün dünyanı xilas etmək kimi olduğuna iman gətirməklə məsuldur. Üstəlik, dininə, həyat tərzinə, düşüncəsinə görə ayrı-seçkilik etmədən...
Quranın bu açıq hökmlərinə baxmayaraq, terroru və zorakılığı əsas tutan bəzi müsəlmanları bu səhvə təşviq edən səbəblərin başında Qurandan uzaqlaşmaq durur. Qurana zidd olan və səhih olmadığı açıq-aydın bəlli olan hədisləri mənimsəyən xurafatçılıq cahilliklə birləşdikdə nifrət və qəzəb dolu sistem meydana gəlir.
Bunun qarşısını almağın yeganə yolu İslam coğrafiyasına yenidən Quran əxlaqının hakim olmasıdır. Xristianların Məscidi-nəbəvidə ibadət etməsinə icazə verən, yəhudi və xristian qonaqlarının oturması üçün altlarına öz əbasını sərən, yəhudinin cənazəsi keçdikdə ayağa qalxan bir Peyğəmbərin ümməti bu nümunələrdən çox dərs almalıdır. Bunun üçün də İslam aləmi həm Quranı, həm də Peyğəmbərimizi (s.ə.v) daha yaxından tanımalıdır. Xurafatlardan təmizlənmiş, ağıllı, düzgün düşüncə tərzi ilə İslamın gözəlliyini yenidən kəşf etməlidir. Bu, təhsil yolu ilə mümkündür.
Zülmün sona çatmasında Qərb aləminin də üzərinə vəzifələr düşür. Dürüst davranıb XX əsrin əvvəlindən bəri yeritdiyi siyasətin səbəb olduğu zülmlə üzləşərək ilk addımı ata bilər. Bu üzləşmədə İslam coğrafiyasını öz mənfəətinə görə formalaşdırmaq üçün xalqların hüquqlarına və istəklərinə barmaqarası baxmağın ağıllı yol olmadığını görər. Şübhəsiz ki, hər dövlət, əvvəlcə, öz vətəndaşlarının və ölkəsinin mənfəətini düşünür. Ancaq bunu digər milləti əzərək və hər cür hüququnu tapdalayaraq edərsə, bilməlidir ki, bir müddət sonra bu vəziyyət özü üçün ikiqat bəlaya çevriləcək. Bu gün də Qərb dünyası öz əli ilə inşa etdiyi bu bəlanı aradan qaldırmağa çalışır. Ancaq çarəsizdir və hələ də doğru yolu tapmır.
Keçən əsrin xətaları ilə meydana gələn bu bəlanı aradan qaldırmağın yolu yeni bir sivilizasiya inşa etməkdir. Silahla, təzyiqlə, diktator rejimlərini dəstəkləyərək, diz çökdürərək sivilizasiya inşa edilməz. Sivilizasiya təfəkkürü dəyişdirərək edilər. Bunun üçün birlikdə Şərq və Qərbdə yeni təhsil səfərbərliyinə başlayaq. Allah`ın bizdən istədiyi sülhsevər, mərhəmətli, mehriban, tolerant, kamil əxlaqı yenidən bütün insanlara öyrədək. Sevgini aşılayan müəllimlər olaraq.
Qərbin və İslam dünyasının ağıllı, vicdanlı insanları birləşərsə, qısa müddət ərzində böyük dəyişikliklər edə bilərik. Unutmayaq ki, yaxşılar sayca çoxdur, ancaq birləşmirlər, pislər isə sayca az olmalarına baxmayaraq, birləşirlər və qətiyyətli davrandıqları üçün daha təsirli olurlar.