Müstəmləkə dövrlərini qətliamlarla, müstəqillik dövrlərini isə daxili qarşıdurmalar və terrorla keçirən Afrika çox sərt coğrafi şəraitə malikdir. Köhnə müstəmləkəçilər öz müstəmləkələrini əslində heç vaxt tərk etməmiş, müasir dövrün metodlarına uyğun olaraq müstəmləkə siyasətini davam etdirmişlər. Sanki Afrikada insanların yaşadığı yoxsulluq və acılar azmış kimi afrikalı rəhbərlərin bir qismi də öz əhalisinin həyatına, insanlığına dəyər vermirlər. Bəlkə də ən acınacaqlısı Afrikanın səsini dünyaya çatdıra bilməməsidir.
2014-cü ilin aprel ayında Boko Haramın 276 qız uşağını qaçırtması bütün dünyanı qısa müddətə şoka salmışdı. Mişel Obamanın başladılan kampaniyaya qatılması səs gətirmiş, birinci xanımın vasitəsilə dünya bundan xəbər tutmuşdu. Ancaq Boko Haramın 2014-cü il ərzində 2000 qadını qaçırtması bilinməyən gerçəkdir. 276 qız uşağını da dünya qısa müddət sonra unutdu. Qaçırılan 2000 qadından isə dünya heç xəbər tutmadı.
Belə ki, Nigeriya 2015-ci ilə əzab-əziyyətlə girmişdi. Boko Haram yanvarın 3-ündə 16 kənd və qəsəbəyə hücum etmiş, yerli hakimiyyətin bildirdiyi rəsmi olmayan rəqəmlərə görə, 2000 nəfəri öldürmüş, 20 min insanı isə yurdundan didərgin salmışdır.
2000 nəfər böyük rəqəmdir. Amma bəzən bəziləri üçün sadəcə rəqəmdir. Bu gün Suriyada artaraq davam edən, İraqda bitməz-tükənməz ölümlərin sadəcə bir rəqəm olması kimi.
Afrikanın önəmli məntəqəsi, vacib keçid yolu Babülməndəb boğazının qarşı sahili Cibuti və Somali isə qərb ölkələrinin vacib hərbi bazası, Əl-Şəbab kimi təşkilatların isə qərb tərəfdarı idarəçiliklərə qarşı terror hadisələri tətbiq etdiyi bölgələrdir.
Təkcə Somali deyil, Somaliyə terror təşkilatları ilə mübarizə məqsədilə hərbi dəstək verən ölkələr də daima bu terror təşkilatlarının hədəfi halına gəlir. Keçmişdə bu dəstək Efiopiyadan gəlirdi. Efiopiyanın bölgədən ayrılmasından sonra bu dəfə dəstək Keniyadan gəldi. Keniyanın Somaliyə hərbi yardımı Keniya və Əl-Şəbabı üz-üzə gətirdi.
Bu dövrdə Əl-Şəbabın Keniyada qanlı aksiyalar törətməsi gündəmə gəldi. Keçən il alış-veriş mərkəzinə edilən silahlı hücumda mülki şəxslərin ölməsi, əhalisi əsasən xristian olan Keniyada radikal İslami qrupun terror hadisələri olaraq diqqəti cəlb etmişdi.
2014-cü ilin noyabr ayında isə dəhşətli avtobus qətliamı nəticəsində avtobusdan düşürdülən 28 xristianın başının kəsilməsi dəhşətverici olsa da alış-veriş mərkəzi qədər gündəmə gəlmədi. Bunun haqqında danışanlar bunu bir gün, bunun haqqında yazanlar isə bir neçə gün gümdəmdə tutdular. Ölkələrin terrora, dünyanın da qətliamlara öyrəşməsi hər gün daha çox qanın axmasına səbəb olarkən, bütün bunlar gün keçdikcə daha az gündəmə gəlir. Buna görə ötən həftələrdə Keniyanın şimal-şərqindəki Qarissa universitetində həyata keçirilən dəhşətli qətliam gündəmdə qala bilmədi. Əksəriyyəti tələbələrdən ibarət 148 nəfər qətl edilmiş, silahlar daha çox xristian tələbələrə tuşlanmışdı.
Bəlkə də dünya bir-iki gündən sonra bu hadisəni unudacaqdı. Ancaq həssas bir qrupun sosial şəbəkədə #147notjustanumber (147 təkcə rəqəm deyil) etiketi ilə başlatdığı kampaniya insanların universitetdəki qətliam görüntülərinə təkrar-təkrar şahid olmalarını, Keniya xalqının qarşı-qarşıya qaldığı təhdidin böyüklüyünü görmələrini təmin etdi. Keniya xalqı vacib bir məsələyə diqqət çəkmişdi. Suriyada, İraqda, Liviyada, Yəməndə ölənlər necə ki, təkcə rəqəmdən ibarət deyilsə, üniversitetdə qətl edilən bu gənclər də sadəcə bir rəqəmdən ibarət deyildi. Somalidə, Nigeriyada, Orta Afrikada itirilən canlar sadəcə bir rəqəm olaraq qalmağa davam edir. Fransanın mərkəzindəki bir terror hadisəsi gözəl bir reaksiya olaraq dünya liderlərinin terrora qarşı bir yumruq kimi birləşməsini təmin edərkən, təəssüf ki, Afrikada qanunauyğunluq halına gəlmiş terror hadisələri gündəmə belə gəlmir.
Qərb ölkələrinin uzun müddətdir ki, davam etdirdikləri şiddət mərkəzli Yaxın Şərq siyasətini bir sıra Afrika ölkələrinin liderləri tərəfindən də qəbul edilməsi Afrika qitəsinin başına gələn bəlaların səbəblərindən biridir.
Məlum olduğu kimi, Boko Haramın 14 mart 2014-cü il tarixdə Giva həbsxanasına hücumu nəticəsində 622 nəfər qaçan məhkum ordu tərəfindən ələ keçirilmiş və dövlət silahsız olan bu məhkumları yenidən həbsə salmaq əvəzinə, həmin anda öldürüb kütləvi məzarlarda basdırmışdı.1 Boko Haramın, xüsusilə, 2014-cü ildə gücləndirdiyi terror hadisələri bu hadisəyə reaksiya olaraq törədilmişdi. Dövlət terrorundan radikal terror meydana gəlmiş və bu terror Boko Haramın qətliamlarını vəhşiləşdirməsinə və ölkənin 20%-ni ələ keçirməsinə səbəb olmuşdu.
Hazırda eyni xətaya Keniya dövləti də düşüb. Universitet qətliamından sonra Keniya dövlət başçısı Uhuru Kenyatta hücuma ən sərt şəkildə qarşılıq veriləcəyini bildirmişdi. Sonradan Əl-Şəbaba aid bir çox mövqelərin ordu tərəfindən bombalandığı bildirilmiş, hava şəraitinə görə ölən və yaralıların sayını müəyyən etmək mümkün olmadığı qeyd edilmişdi.
Başqa sözlə, havadan edilən hücüm nəticəsində içində mülki şəxslərin və silahsızların da olduğu bir çox insan hədəf alınmış, yenə qan və intiqam hissi meydana gəlmişdir. Keniya hökuməti havadan bomba atmaqla bir qarşılıq verdiyini düşünür, ancaq dövlətin sərt reaksiyası Keniyada -Allah qorusun- terrorun daha da artmasına gətirib çıxaracaq.
Şiddət şiddəti gətirər. Daha çox şiddət daima daha çoxu ilə qarşılıq görəcək. Heç bir təşkilat şiddətlə qarşılaşdığı üçün susmamış, ideallarından imtina etməmişdir. Yaxın Şərq bu məsələdə nümunədir. Talibandan intiqam almaq məqsədi ilə başladılmış şiddət hərəkatı nəticəsində bu gün Əl-Qaidə, Əl-Şəbab, İŞİD, Boko-Haram kimi təşkilatlar peyda oldu. Nə Keniya, nə də digər Afrika ölkələri Yaxın Şərqdə tətbiq edilən bu yanlış strategiyanın təqlidçisi olmamalıdır. Afrika səsini dünyaya çatdırmaq istəyirsə, Qərbin və ya Şərqin xətalarından təmizlənmiş yeni bir fikir və strategiya ilə işə başlamalıdır. Terror təşkilatlarının ideologiyalarını hədəf almalı, heç vaxt tətbiq edilməmiş, «radikal xurafatları təmizləmək» planı həyata keçirməlidir. Bu şəkildə nə Şərqin, nə də Qərbin nail ola bilmədiyə nail olacaqdır. Xurafatları aradan qaldıran, radikalların fikir sistemini məhv edən, insanı deyil, fikir sistemini məhv etməyi qarşısına məqsəd qoymalıdır.
1. http://www.bbc.com/news/world-africa-26819965
Adnan Oktarın «New Straits Times'»da nəşr olunan məqaləsi