Şərqdəki terror nə qədər önəmlidir?
ucgen

Şərqdəki terror nə qədər önəmlidir?

2315

 

İstanbul, Bağdad, Məkkə və Mədinə... Təkcə bir həftə ərzində dünyanın böyük paytaxtları və meqapolisləri dəhşətli terror hücumlarına hədəf olub. Təkcə bir həftə ərzində zalımcasına törədilmiş terror aktları ilə yüzlərlə insan həyatını itirdi.

 

Bu hücumlardan sonra dünya ictimaiyyətinin bu hücumlara nə qədər diqqət yetirməsindən danışmaq lazımdır. Paris hücumunda "hamımız Parisik" deyən millətlər, görəsən, Banqladeşdəki girov məsələsindən xəbərləri oldumu və ya İraqda 167 nəfərin həyatını itirdiyi dəhşətli intihar hücumunu yalnız qəzetin bir guşəsindənmi oxudular? "Bu işlər Yaxın Şərqdə bu şəkildədir" deyə vəziyyəti üstündən keçənlər oldumu görəsən? Ya da bir çoxu "o məkan terrora öyrəşib" deməkləmi kifayətləndi?

 

Avropada həyata keçirilən dəhşətli qanlı hücumlar Qərbdə terrorizmə olan münasibəti xeyli dəyişdirsə də, Qərbin "şərqin terroruna" münasibətı hazırda çox da fərqli deyil. Aradakı tək fərq İraqda yaşayan bir ailənin qapısının qabağında və ya getdiyi bazarda terror aktı ilə qarşılaşma ehtimalının daha yüksək olmasıdır. Amma bu, terror törədənlərin, terrorun təsirinin və öldürücü gücünün Qərblə eyni olduğu həqiqətini dəyişdirmir. Qərblə Şərqin "terror" anlayışı bir-birindən fərqli olsa da, dönüb son bir həftəyə nəzər yetirdikdə baş verən terror aktlarının hamısının beynəlxalq platformada başqa bir adı yoxdur.

 

1937-ci il Cenevrə Konvensiyasına görə, terror, "birbaşa bir dövləti hədəf alan və dəhşət mühiti yaratmağı qarşısına məqsəd qoyaraq xüsusi insanlar, qruplar, ya da bütün xalqa yönələrək hazırlanmış və ya hesablanmış hər cür kriminal hərəkət" kimi təsvir edilmişdir. BMT bu təsviri, "müharibə cinayətlərinin sülh düvrünə qarşılıq olanı" şəklində ümumiləşdirmişdir. BMT Baş Assambleyasının 1999-cu ildəki qərarına əsasən terror, "xüsusi şəxslərə, qruplara və ya xalqın bütünlüyünə qarşı siyasi, fəlsəfi, ideoloji, irqçi, etnik, dini və ya başqa səbəblərə görə dəhşət mühiti yaratmağı təhrik edən bütün kriminal əməllər"dir. NATO qanunvericiliyi hər hansı bir təsvir vermədən terrorla mübarizəni dünyanın bir çox yerində qanuni görür. Buna, terrora qarşı hərbi müdaxilə də daxildir. Avropa İttifaqı qanunvericiliyində də terrorun təsviri olduqca genişdir.

 

Göründüyü kimi, beynəlxalq arenada terror aktının təsviri ortaqdır. Bu təsvirdədə heç bir ölkə istisna edilməmiş, heç bir xalqa fərqli rəftar şərti qoyulmamışdır. Dünyanın harasında olursa-olsun, siyasi, fəlsəfi, ideoloji, irqçi, etnik və ya dini səbəblərlə şəxslərə və ya kütlələrə edilən təcavüz "terror" adlanır. Bunun üçün ölkələrin daxili qarışıqlıq içində olub-olmamasının fərqi yoxdur. Belçikada həyata keçirilən qəddar hücum necə terrordursa, İraqda həyata keçirilən hücum da eyni şəkildə terrordur. Terror hadisələrində həyatını itirən hər bir insanın ailəsi, sevdikləri, bir saat sonrası üçün planları var. Dünyanın başqa bir yerində doğulması və ya yaşaması onu "daha az insan" etmir.

 

Deməli problem beynəlxalq normalar deyil, əxlaqi normalardır. Beynəlxalq normalara görə, fərqli regionlarda yaşamalarına baxmayaraq, heç bir fərqi olmayan iki terror qurbanı bəzi insanların əxlaq normalarına görə yaşadığı region üzərindən dəyər qazanır və ya itirir. Bu ikili standart bunu tətbiq edən təbəqələrin humanitar və əxlaqi quruluşlarına böyük ölçüdə təsir edir və hər ötən gün "bəşəriyyət" daha da çox qan itirir. Bu şərtlər altında, dənizdə can verən uşaqlara, evsiz qalan ailələrə, ac qalan kütlələrə biganə qalan birliklərin olması artıq təəccüblü gəlmir.

 

2015-ci il Qlobal Terrorizm İndeksinə görə, 2015-ci ildə terror aktları 2014-cü ilə nisbətən  80% artıb. 2016-cı ilin ilk yarısı isə daha da çox terror aktına səhnə olub. Yalnız ilk üç ayda 2667 nəfər terror aktlarında həyatını itirib. Bu müddət ərzində terror nisbətləri yalnız sayca deyil, əhatə etdiyi sahə baxımından da genişlənib. Avropa tarixin ən dəhşətli terror aktlarına səhnə olarkən, ABŞ öz daxili məsələlərinə yönəlik hücumların hədəfi olub. Hazırda dünyada təəssüf ki, terror aktlarının məhdudlaşdırıla bildiyi müəyyən bir məkan yoxdur. Terror qloballaşıb.

 

 Bu dəhşətli vəziyyət qarşısında terrorla mübarizə adına sağlam düşüncəli insanların birləşməsi, bu mübarizəni birlik halında və ağıllı şəkildə aparmaları və terrorun yanlışlığını anladacaq əksəriyyət halına gəlmələri lazımdır. Amma insani dəyərlər itirildikcə, mübarizə aparacaq yaxşı insanlar da güclərini itirirlər. Dünya getdikcə ruhsuzlaşdıqca, qorxunc kütlə qırğınlarına laqeyd qaldıqca, insanların dənizlərdə boğulmasına göz yumduqca, terror və nifrətə daha çox yol açılacaqdır. Çünki terror sevgisizliklə, amansızlıqla, qəddarlıqla qidalanır. Qəddarlıq və etinasızlıq artdıqca mühit terrorçuların istədikləri və gözlədikləri bir hala çevrilir. Unudulmamalıdır ki, terrorun hədəfi qorxu cəmiyyətləri yaradaraq narahatlığı artırmaq, insanları bir-birindən qopuq və sevgisiz hala gətirmək, beləliklə, onları ümidsiz və asanlıqla istiqamətləndirilə bilən kütlələr halına gətirməkdir. Bu gün dəfələrlə soruşduğumuz "terror təşkilatlarının üzvlərinin sayının artmasının səbəbi nədir" sualının ən dəqiq cavabı cəmiyyətlərdə yayılan sevgisizlik və vicdani boşluqdur.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr