Qərb dünyası 11 sentyabr 2001-ci il tarixindən etibarən heç gözləmədiyi şəkildə terror hücumları ilə qarşılaşdı. Bu hücumlar ABŞ və Avropa dövlətlərini dərindən sarsıtdı. 11 sentyabrdan sonra ABŞ rəhbərliyi Corc Buş başda olmaqla terrorla qlobal mübarizə konsepsiyasına başladı. Oxşar hücumların qarşısını almaq məqsədi ilə bir çox qanun və fərman qəbul edildi. Ancaq bu gün mövcud vəziyyət odur ki, ABŞ-da bir çox düşüncə təşkilatı 11 sentyabrdan sonrakı siyasəti tənqid edir. Çünki baş verən hadisələr onu göstərir ki, dünya 2001-ci ilə görə daha təhlükəlidir.
14 ildə 300-ə yaxın terror hücumunda on minlərlə günahsız insan həyatını itirdi. Dünya miqyasında fəaliyyət göstərən terror təşkilatlarının sayı 150-dən çoxdur. Hücumlardan sonra dövlətlər özlərinə görə müəyyən tədbirlər aldı. Bu dövrdə konstitusion hüquqlar tapdandı, söz və səyahət azadlıqları məhdudlaşdırdı. Milyonlarla məzlum insan haqsız yerə təqib edildi, bir qismi də həbs olundu. Milyardlarla dollar bu istiqamətdə görüləcək əlavə təhlükəsizlik tədbirlərinə xərcləndi. Bütün bunların nəticəsində də başda ABŞ olmaqla Qərb dünyasında insan hüquqlarının həyata keçirilməsi qeyri-mümkün oldu.
11 sentyabr hücumu ABŞ-da ard-arda sərt qanunların qəbul edilməsinə səbəb oldu:
Ana vətən təhlükəsizlik qanunu - Homeland security act: Bu qanunla bütün təhlükəsizlik qurumlarının ali orqanı olan Homeland Security qurumu yaradıldı. Nazirlik səviyyəsindəki bu qurumun illik büdcəsi 100 milyard ABŞ dolları həcmindədir və 200.000 əməkdaşı var.
(Vətənpərvərlik qanunu) Patriot act: Bu qanunla birlikdə dinc həyata təsir edən 130 qanun qəbul edildi. Qanun çərçivəsində 1200 nəfər məhkəmə qərarı olmadan aylarla və şəxsiyyətləri gizli saxlanılaraq həbs edildi. Milyonlarla amerikalının şəxsi həyatı təqib edildi, telefonları dinlənildi, bank hesabları izlənildi. Corc Orvellin məşhur 1984 romanının "Big Brother is watching" konsepsiyasi sanki 21-ci əsr ABŞ-na tətbiq edildi.
Aviasiya və nəqliyyat təhlükəsizliyi qanunu- Aviation and transportation act: Bu qanunla hava limanı təhlükəsizliyi yenidən quruldu. Sərnişinlərdən tutulan 18 milyard dollar xüsusi vergi yeni təhlükəsizlik sistemlərində istifadə edildi.
Viza və səyahət məhdudiyyətləri: Müsəlmanların ölkəyə girişi çətinləşdirildi. ABŞ-a gələn və gedən bütün sərnişinlər hökumətin uçuş qadağası olan sərnişin siyahılarından təqib edilməyə başlandı. ABŞ yeni qanun layihəsi ilə son 3 ildə İraq, Suriya və Sudana ziyarət edən heç kimi vizasız ölkəyə buraxmayacağını açıqladı. Bu qərar ABŞ-a vizasız giriş hüququ olan Avropa İttifaqı üzvləri, Yaponiya və Avstraliya daxil olmaqla 38 ölkə vətəndaşına təsir etdi.
"Əgər bir şey görsən xəbər ver" - " İf you see something say something" kampaniyası ilə xalq bir-biri əleyhinə xəbər verməyə təşviq edildi. Şəxsi azadlıqların ölkəsində Amerika xalqı keçmiş sovet kommunizmi altında əzilən, zorla donosçu edilən rus xalqına çevrildi.
Terrorla mübarizə konsepsiyasında bir çox qanunsuz əməliyyat da var:
Stellar Wind və Presidents Surveillance Proqram (PSP) əməliyyatları çərçivəsində yüz minlərlə amerikalının elektron poçtları, bank hesabları, telefon danışıqları ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən gizli şəkildə təqib edildi. Əfqanıstan müharibəsində həbs olunanlar müharibə əsiri (prison of war) yox, düşmən döyüşçü (enemy combatant) kimi xarakterizə edildi. Bu baxımdan Cenevrə konvensiyasının normaları pozulmuş oldu və beləliklə sərt dindirmə üsullarının önü açıldı. Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) gizli işgəncə mərkəzləri (black sayt) 2009-cu ildə Obama tərəfindən ancaq qadağan edilə bildi.
ABŞ-a hakim olan dəlilik halı demək olar ki, hər addımda özünü biruzə verdi. 2004-cü ildə ortaya çıxan İraqdakı Abu Qarib həbsxanasındakı işgəncə fotoşəkilləri dünya miqyasında böyük reaksiya və nifrət oyatdı. Pentaqonun hesabatı bu işgəncələrin fərdi yox, ordunun ən aşağı təbəqəsindən ən yuxarı təbəqəsinədək əsas yanaşma olduğunu ortaya qoydu. On minlərlə müsəlman əl-Qaidə ilə əlaqəsi olduğu əsası ilə dindirildi, həbs edildi, işgəncəyə məruz qaldı. Bu gün əl-Qaidənin adı demək olar ki, çəkilmir. Amma yerini İŞİD, Boko Haram, əş-Şəbəb, Ansar Dinə alıb.
Bu tətbiqlər təkcə ABŞ-a xas deyildi, terror hücumlarına məruz qalan bütün Qərb ölkələrində də oxşar işgəncələr tətbiq olundu. 13 noyabr Fransa hücumlarının ardından məzlumlar və qatillər yenidən bir-birinə qarışdı. Suriya, İraq və Əfqanıstanda terrordan qaçaraq Avropa İttifaqına sığınmağa çalışan məzlumlar terrorçularla bir tutulmağa başlandı. Miqrantlar əleyhinə şüarlar bütün mediaya hakim oldu. Keçmiş Şərq Bloku ölkələrinin bir çoxu miqrant qəbulunun qarşısını alan qanunlar qəbul etdi. Fransa prezidenti Fransua Olland təcili surətdə sərhəd nəzarətini artırdı. Pasportsuz səyahəti çətinləşdirən qanunlar qüvvəyə mindi. Miqrant əleyhdarlığı seçki kampaniyalarının proqramlarına daxil edildi. Fransa prezidentliyinə namizədlər Sarkozi və Le pen 2017-ci il seçkilərində daha güclü təhlükəsizlik sistemini açıqlayacaqlarını indidən elan etdilər.
Praktiki olaraq tətbiq edilən üsullar isə daha qorxuncdur. Fransa Çarli Hebdo hücumundan sonra qaçan təcavüzkarları təhlükəsizlik xidmətinin 88 min əməkdaşı ilə axtarmağa başladı. Belçikada bir İŞİD-çi barədə siqnal alındıqdan sonra əsgərlər paytaxta daxil oldu. Fövqəladə vəziyyət elan edildi. Metrolar bağlandı, idman yarışları və şəhər daxili nəqliyyat səfərləri ləğv edildi.
Ancaq dünyanı daha təhlükəsiz hala gətirməyi hədəfləyən bu tədbirlər heç bir fayda vermədi. Bu gün 2001-ci ilə görə daha təhlükəli dünyada yaşayırıq. Terrorçu siyahıları artıq daha çox adla doludur. ABŞ-ın terrorla mübarizəsində başlanğıcda yalnız Əfqanıstan vardı. Bu gün isə İraq, Suriya, Yəmən, Pakistan, Liviya, Qətər və bir çox Afrika ölkəsi bu müharibəyə daxil oldu. Yüz minlərlə müsəlmanla birlikdə 10.000-ə yaxın ABŞ əsgəri də öldü. ABŞ bu müharibədən ölkəsinə yaralı qayıdan 50.000 əsgərini reabilitasiya etməyə çalışır. Terrorla mübarizə konsepsiyası müsəlman ölkələrini parçaladı, qeyri-sabitliyə sürüklədi və vətəndaş müharibələrinə səbəb oldu. ABŞ-ın "Terror monitorinq siyahısı" ında ("Terror Watch List") bu gün 1.000.000-dan çox insan təqib edilir. Bu rəqəmin 280.000-i məlum olan heç bir terrorçu qrupa aid deyil. Corc Buş dövründə potensial terrorçu olaraq təqib edilənlərin sayı isə 48.000 idi.
ABŞ-ın terrorla mübarizəyə bu günə qədər xərclədiyi vəsait 6 trilyon dollar hesab edilir. Xərclənən bu inanılmaz böyük büdcəyə baxmayaraq, dünya müsəlmanları arasında ABŞ düşmənçiliyi tarixdəki ən üst səviyyəyə çatıb. Daha da əhəmiyyətlisi ABŞ və Qərb dünyası bu sərt üsullarla dünyadakı ən mühüm müttəfiqləri olan mötədil müsəlmanları da itirir.
Son 15 ildə həyata keçirilən terrorla mübarizə modeli dünyaya yalnız qan və göz yaşı gətirdi. Zor gücü, bombalamaq, top, tüfənglə terrorizmi məhv etmək mümkün deyil. Qərb dünyası yeni dövrdə müsəlmanları qazanmalı, birgə əməkdaşlıq modelləri yaratmalıdır. Terrorizm və radikalizm ancaq həqiqi İslamın, Qurani-kərim müsəlmanlığının yayılması ilə məğlub edilə bilər.
Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi:
http://www.nst.com.my/news/2016/01/122913/war-terror-largely-self-defeating