Bir çox mədəniyyətə ev sahibliyi etdiyindən Pakistan mədəni və tarixi baxımdan çox zəngindir. Dünya siyasətində önəmli rol oynayan Yaxın Şərq, Orta Asiya və Cənubi Asiyanın kəsişmə nöqtəqələrində, digər sözlə dünya neft keçid dəhlizlərinin üzərində yerləşdiyindən strateji əhəmiyyəti gündən-günə artır. Bu gözəl ölkə İslam dini ilə bir araya gəlmiş, ancaq tərkibində bir-biri ilə isinişməmiş bir çox etnik qrup olduğundan məzhəblər zəminində çıxan münaqişələrin də mərkəzidir. Xüsusilə pencaplılar, sindlilər, beluçlar və peştunlar arasında bitmək bilməyən mübarizə var. Qəbilə əlaqələri, siyasi və məzhəb bölünmələri, etnik mənsubiyyət kimi problemlərin yol açdığı gərginliyə əl-Qaidə və Talibanın terror aktları, Hindistanla sərhəd anlaşmazlıqları, Şərqi Pakistanın Banqladeş adı ilə ölkədən ayrılması, Əfqanıstan sərhəddində bitməyən münaqişələr və iqtisadi problemlər də əlavə edilincə Pakistanda həyat çətin və əzablı hala gəlir.
Bütün bunlar bir yana, 68 illik siyasi tarixinin yarısını hərbi rejimdə keçirmiş bir ölkə olaraq Pakistanın son illərdə demokratiya sahəsindəki inkişafı müsbət qiymətləndirilməyə layiqdir. 1947-ci ildən sonra müstəqillik əldə etdikdən sonra on illərlə siyasətində demokratiya olmayan və daimi olaraq çevrilişlər olan Pakistanda iqtidar dəyişikliyi 2013-cü ilin may ayında ilk dəfə seçkilər yolu ilə baş vermişdi. Seçilmiş hökumət ilk dəfə səlahiyyət müddətinin sonuna qədər iqtidarda qalmağa müvəffəq oldu və bununla Pakistan demokratiyaya gedən yolun ən çətin mərhələsini keçmiş oldu.
Seçkilərin digər bir nailiyyəti isə seçicilərin 60%-nin seçkilərdə iştirak etməsi idi. Seçkilərdən əvvəl Pakistan Talibanı aralarında millət vəkili namizədlərinin də olduğu 130-dan çox insanı qətl etmiş, ölkədə sözün əsl mənasında terror əsdirmişdi. Buna baxmayaraq xalq həyatını riskə ataraq seçkilərə getmiş, terror hadisələrinin kölgəsində də olsa seçkilər baş tutmuşdu. Seçkilərdə iştirakın yüksək olması xalqın nə qədər çox demokratiya axtarışında olduğunu ortaya qoymuş oldu. Digər tərəfdən ölkənin 34 illik sivil rejimi boyunca belə təsirini hiss etdirən ordu da seçkilər əsnasında demokratik sistemə verdiyi dəstəklə etibarını yenilədi.
Hərbi çevrilişlərin ənənə halına gəldiyi ölkədə demokratiyaya yaxınlaşma cəhdlərinin olduğu açıq şəkildə hiss edilir. Ancaq din və dövlət münasibətlərinin necə olması barədə razılığın əldə edilməməsi, əyalətlər arası güc bərabərsizliyi kimi əyalət sistemindən irəli gələn problemlər, dini və etnik qarşıdurmalardan əlavə daha bir çox problem təcili həll edilməyi gözləyən məsələlər arasındadır.
Pakistanın ən böyük problemi isə Tehrik-i Taliban Hərəkatı, digər adı ilə Pakistan Talibanıdır. Xüsusilə son illərdəki terror aktları ilə ölkə təhlükəsizliyinə qarşı böyük təhlükə təşkil edən qruplaşma ölkənin gücünü azaldır, qlobal səviyyədə imicinin zədələnməsinə və Pakistanı terror riski olan ölkələr siyahısında ilk sıralara salır. Terror təşkilatı 2014-cü ilin iyun ayında həyata keçirdiyi hava limanı hücumundan sonra dekabr ayında uşaqlar və müəllimlər də daxil olmaqla 148 pakistanlının öldüyü Peşavərdəki məktəb hücumu ilə bütün dünya ictimaiyyətinin diqqətini öz üzərinə çəkdi. Bu hadisədən bir ay sonra isə şiələrə məxsus məscidə, keçən ay da Lahor kəndində katolik kilsəsinə etdiyi hücumlarda onlarla insanın ölümünə səbəb oldu. Hökumət keçən ay edam cəzasını bərpa etdi və çox saylı Taliban üzvü edam edildi. Terror əməliyyatları davam edərkən Pakistan istehsal etdiyi ilk pilotsuz təyyarələrin sınağını keçirdi və Baş Gərargah rəisi bundan sonra terrora qarşı mübarizədə daha təsirli olacaqlarını açıqladı.
Bundan sonra öz pilotsuz təyyarələrini istehsal edəcək olan Pakistan, əslində mülki şəsxlərin ölümünə səbəb olan pilotsuz təyyarə hücumlarının birbaşa hədəfdir. ABŞ-a məxsus pilotsuz təyyarələr 11 il ərzində Pakistana təqribən 400 hücum etdi və əksəriyyəti mülki şəxs olan 3400-dən çox insanın həyatını itirməsinə səbəb oldu. Araşdırmaçı Jurnalistika İdarəsinin (TBIJ) məlumatına görə, pilotsuz təyyarə əməliyyatlarında vurulan hədəflərin 61%-i mülki məskunlaşma sahələri olub. Pilotsuz təyyarələrin ən çox ev, mədrəsə və məscidlərdən ibarət binaları vurduqları məlumdur. Yüksək səviyyəli araşdırmacı olan Syuzan Şupli, pilotsuz təyyarə hücumlarının əsas zərərçəkənlərinin bombalanan evlərdə ölən qadınlar və uşaqlar olduğunu bildirir. Beynəlxalq Əfv Təşkilatı da ABŞ-ın pilotsuz təyyarələrlə həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququ pozduğu, həmçinin bu əməliyyatların müharibə cinayətinin əhatə dairəsinə girə biləcəyini ifadə edir. Halbuki bütün qınamalara baxmayaraq, ölkələrarası ticarətdə pilotsuz təyyarə alqı-satqıları artmaqda davam edir. Ölkələr mülki şəxslərin öldürülməsinin cinayət əməli olmasına açıq şəkildə laqeyd yanaşırlar. Terror təşkilatlarına qarşı ancaq bu şəkildə uğur əldə edəcəklərinə əmindirlər. Halbuki təhlükəsizlik tədbirləri radikal terror təşkilatlarına qarşı uğur əldə edilməsinə bəzən vasitəçi olsa da, təşkilatların yox olmasını təmin etmir. Çünki terror problemi təkcə gücdən istifadə edərək həll edilə biləcək bir problem deyil. Xüsusilə Pakistan Talibanı kimi radikal və yanlış din anlayışına əsaslanan qruplaşmalar azğın da olsa bir ideologiyası olan və inandıqları yanlış dəyərləri doğru bilərək bu dəyərlər uğrunda ölümü belə gözə alan insanların bir araya gəldiyi təşkilatlardır. Dolayısilə sahib olduqları yanlış fikirlər doğru fikirlərlə yox edilmədiyi təqdirdə bu kimi qruplaşmaların yox edilə bilməsi mümkün deyil.
Yanlış din anlayışı ilə hərəkət edən terror qruplaşmalarının müdafiə etdikləri fikirlərin İslamla açıq şəkildə ziddiyyət təşkil etdiyini, uydurma hədis və xurafatlar əsasında yaranan kin, nifrət, qəzəb, təzyiq, məcbur etmə, zorakılıq və qəddarlıq kimi duyğular əsasında inşa etdirdikləri anlayışın heç bir şəkildə İslamla əlaqəsi olmadığını açıq şəkildə ortaya qoymaq lazımdır. İslam sevgi, qardaşlıq, şəfqət, mərhəmət, tolerant, sülh, birlik və bərabərlik dinidir. Ölkə səviyyəsində bu gerçəyin İslamın qaynağı olan Qurandan dəlillərlə anladıldığı maarifləndirmə siyasətini izləmək ən düzgün həll yolu olacaqdır. Əks təqdirdə pilotsuz təyyarələri həll yolu olaraq görmək və zorakılığa zorakılıqla cavab vermək terroru aradan qaldırmayacaq, əksinə daha da böyük təhlükəyə çevirəcəkdir.
Ümid edirik ki, ümumi mədəniyyət və dəyərlərə malik olduğumuz qardaş ölkə Pakistan başda terror problemi olmaqla bütün problemlərini ən qısa zamanda həll edib, demokratiyaya keçid istiqamətində sağlam addımlar atar və ölkənin məzlum və səmimi xalqı bir an öncə layiq olduğu dinclik və təhlükəsizliyə qovuşar.
Adnan Oktarın «Diplomacy Pakistan»da nəşr olunan məqaləsi:
http://www.diplomacypakistan.com/articles/the-solution-to-terror-in-pakistan/