Dünyada 8 milyard insan yaşayır. Onların yarısından çoxu qadınlardır. Bu, təkcə statistik rəqəm deyildir. Onlar bizim analarımız, bacılarımız, həyat yoldaşlarımız, sevdiklərimizdir. Qəlbində qadına sevgi olmayan kişi sayı barmaqla göstəriləcək qədər azdır.
Lakin həyatımızın ən gözəl dəyərlərindən biri olan qadınlar daim təzyiq altında yaşayırlar. Sevgi və dəyər verilməli olduqları halda, bəzən təhqir və hörmətsizliklə qarşılaşırlar. Bəzi yerlərdə cəmiyyət qanunları, məhəllə təzyiqi qadının üzərində hökm etməyə, onun həyatını nəzarət altında saxlamağa yönəlib. Bir çox qadının atası, qardaşı, həyat yoldaşı, qohumları, müdiri, iş yoldaşları, müəllimləri onun azadlığını məhdudlaşdırmağı sanki özlərinə öhdəlik götürüblər. Milyardlarla qadın hər an günah edə biləcək potensialda görülür və ona nəzarət edilməli varlıq kimi davranılır. Bu, dünya miqyasında geniş yayılmış xəstəlikdir. Çox vaxt bu təzyiq sistemini tətbiq edən kişinin şərqdə və ya qərbdə yaşaması, kommunist və ya kapitalist olması, dindar və ya ateist olması, elm adamı, yaxud cahil olması bu həqiqəti dəyişdirmir.
Qadına təzyiq dedikdə ağlımıza ilk olaraq şərq cəmiyyətləri gəlir. Xüsusilə din əleyhdarları qadını əzən cəmiyyət qanunlarını İslam dininin bir hissəsi kimi göstərməyə çalışırlar. Halbuki bu, İslamın yox, xurafatçı din anlayışının gətirdiyi fəlakətdir. Qadına nifrət edən dini sistem İslamın təməl dəyərləri ilə zidd olan fanatik zehniyyətdir. Əksinə, qadın Quranda təriflənir və üstün hesab edilir. Allah Quranda qadının çiçək kimi zərif və dəyərli olduğunu bildirir. Müsəlmanlardan qadınlara sevgi və hörmət göstərmələri istənilir. Fanatik sistem isə bütün bu gözəl əxlaq hökmlərini gözardı edərək qadınları evdən çıxmağın qadağan olduğu, təzyiq və nifrət dolu həyatın içinə həbs etmişdir. Yüzlərlə illik qəbilə mədəniyyətinin formalaşdırdığı fanatik din İslamla əlaqəsi olmayan dindir.
Bu problem Qərb cəmiyyətlərində də fərqli ideologiyalar adı altında mövcuddur. Qərb mədəniyyətinin əsas ideyalarından biri olan darvinizm qadını kişi ilə müqayisədə təkamülünü tamamlamamış canlı kimi qəbul edir. Hətta təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin klassik qadın düşmənidir. Darvin "İnsanın mənşəyi" (“Descent of Man”) adlı kitabında qadınların dərk etmə, qavrama və təqlid məsələsində "daha aşağı irqlərin xüsusiyyətlərini daşıdıqlarını, bu səbəbdən daha geri və aşağı səviyyəli mədəniyyətə malik olduqlarını" yazmışdır.1
Darvin daha da irəli gedərək qadının ailədəki rolunu belə təsvir etmişdir: "...sizinlə maraqlanacaq biri - itdən daha yaxşı əyləndirə biləcək - ev və evə dair məsuliyyəti götürəcək biri...". 2
Darvinizmdən qaynaqlanan faşizm və kommunizm də qadın əleyhdarlığı ilə ortaya çıxmışdır. Nasist Almaniyasında lisey məzunlarının 10%-dən çoxunun qız olmamasına dair qayda var idi. 1929-cu ildə 39 nasional-sosialist təhsil qurumu vardı. Bunların yalnız ikisi qızlar üçün idi. Nasistlər üçün qadının vəzifəsi çoxalma fermalarında həyatlarında heç görmədikləri alman gənclərindən hamilə qalaraq arian irqini ortaya çıxarmaq idi.
Sovet inqilabından sonra isə 17-32 yaş arasındakı qadınların dövlətin malı olduğunu bildirən bir qanun qəbul edilmişdi. Ərlərinin “təzyiqindən” azad edilən qadınlar mədənlərdə, zavodlarda ən ağır işlərə cəlb edilirdi. Kommunizm üçün qadınlar yalnız yeni işçi qüvvəsi idi.
Bu gün qərb cəmiyyətlərinin də qadın mövzusunda yüz il əvvəlki əcdadlarından bir addım irəlidə olduqlarını demək olmaz. Kapitalizm qadını alınıb satılan obyekt halına gətirib. Dövlətlər çox vaxt bu çirkin ticarəti dəstəkləyir, hətta vergiyə cəlb edir.
Qərb cəmiyyətlərində qadın hələ də bərabərhüquqlu vətəndaş olmaq mübarizəsi aparır. Bir çox ölkədə qadınlara seçki hüququ son 70-80 il ərzində verilib. ABŞ konqresində 5 üzvdən yalnız biri qadındır. İş yerlərində qadınların əleyhinə cinsi ayrı-seçkilik davam edir. Avropa Parlamentində polşalı bir deputat qadınların guya daha zəif və daha az ağıllı olduqları üçün daha az pul qazanmalı olduğunu müdafiə edib. Dövrümüzdə sosial media, internet, video oyunlar, qəzetlər, jurnallar, TV serialları, filmlər, kitablar qadınların ayrı-seçkiliyə məruz qaldıqları platformalar halına gəlib.
Təkcə Şərq cəmiyyətlərində deyil, Qərb dünyasında da hər il minlərlə qadın həyat yoldaşının zorakılığı nəticəsində həyatını itirir. Dünyadakı qadın cinayətlərinin 40%-də qatil ya qadının əri, ya nişanlısı, ya da sevgilisidir. Avropa İttifaqında hər beş qadından biri həyat yoldaşı tərəfindən şiddətə məruz qalır. Kanadadakı hər iki qadından biri 16 yaşından etibarən ən az bir dəfə fiziki zorakılıq və ya cinsi təcavüzə məruz qalıb. Dünya miqyasında hər il 5 milyon qadın həyat yoldaşından şiddət görür. Onların beşdə biri bu zorakılıq nəticəsində müalicə olunmaq məcburiyyətində qalır. Təkcə 2006-cı ildə ABŞ-da təcavüzə məruz qalan qadınların sayı 240 mindir. Göründüyü kimi, qadın əleyhdarlığı mövzusunda bütün dünya az və ya çox dərəcədə eyni çirkin əxlaqı nümayış etdirir.
Bu qədər təzyiq qadındakı həyat eşqini söndürür. Onun yaşama həyəcanına, xoşbəxtliyinə mane olur. Təzyiq altında olan qadın gözəl və cazibədar olmaqdan çəkinir. Dünya qadın gözəlliyindən məhrum hala gəlib. Dünya qadının ağlından, məhsuldarlığından, işgüzarlığından və geniş düşünmə qabiliyyətindən də böyük ölçüdə məhrum olub. Bu gözəl nemət qadın düşmənlərinin təzyiqi nəticəsində həyatımızdan alınıb.
Dünyada zorakılığa son qoyacaq və sülh mədəniyyətini gətirəcək ən mühüm güclərdən biri qadın sevgisidir. Dünyanın bəzəyi olan qadınlar xoşbəxt və azad olmadıqca dünya natamam qalacaq. Keyfiyyət, sənətkarlıq, estetika inkişaf etməyəcək. Qadın gözəlləşdikcə dünya da eyni nisbətdə gözəlləşəcək. Qadına hörmət artdıqca dünya daha yaşanılacaq hala gələcək.
1. John R. Durant, The Ascent of Nature in Darwin's Descent of Man" in The Darwinian Heritage, Ed. by David Kohn, Princeton, NJ: Princeton University Press, 1985, səh. 295.
2. Charles Darwin, The Autobiography of Charles Darwin 1809-1882, New York: W. W. Norton & Company, Inc., 1958, səh. 232-233.
Adnan Oktarın “The Sun Daily” , “BERNAMA” və Riyadh Vision'da (Suudi Arabistan) yayımlanan məqaləsi:
http://www.thesundaily.my/news/2017/09/06/women-more-statistics
http://www.bernama.com/bernama/v8/fe/newsfeatures.php?id=1388892
http://www.riyadhvision.com.sa/2017/09/07/women-more-than-just-statistics/