İnsanların dünyəvi dəyərlər üzərinə qurduqları evliliklər qısa müddətdən sonra sıxıcı ola bilər. Evliliklərdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda əvvəlki hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, etibar kimi meyarlara əsaslandıqda bu nəticə demək olar ki, qeyri-mümkün olur. Əgər bir insanın sevgisi qarşısındakı insanın yalnız gözəlliyinə görədirsə, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, bu səbəbdən sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, etibar və ya mövqe kimi dəyərlər də asanlıqla itirilə biləcək xüsusiyyətlərdir. Özünə bu dəyərləri meyar kimi götürən bir insan bunları itirdikdə artıq qarşısındakını sevə bilmək, ona hörmət edə bilmək üçün özündə heç bir səbəb tapa bilməyəcək.
Sevgini, hörməti və sədaqəti daimi edən şey iman, Allah qorxusu və gözəl əxlaqdır. Bir insanı imanı və əxlaqı üçün sevən insan evlilik həyatında da qarşısındakı insana qarşı hörmət bəsləyən, sadiq və gözəl əxlaqlı biri olacaq. Nə gəncliyini, sağlamlığını gözəlliyini itirməsi, nə də zənginlik, etibar kimi xüsusiyyətlərini itirməsi onun sevgisinə və qarşı tərəfə verdiyi dəyərə təsir edə bilməyəcək. İmanı və Allah qorxusu olduğundan heç vaxt qarşı tərəfi narahat edəcək, çətinliyə salacaq şəkildə hərəkət etməyəcək. Quran əxlaqına uyğun olaraq hər şərtdə, şəfqət, mərhəmət, ədalət və xoş münasibətlə yaxınlaşacaq, bunun Allah’ın özünə verdiyi öhdəlik olduğunun şüuru ilə hərəkət edəcək. Allah Quranda evlilikdə qadın və kişinin bir-birlərinə qarşı olan məsuliyyətlərini
"... Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız..." (Bəqərə surəsi, 187)
ayəsi ilə bildirmişdir. Allah bu ayədə insanlara qadın və kişinin ailə həyatında bir-birilərinə qarşı bərabərhüquqlu olduqlarını da xatırladır. Allah’ın ayədə bildirdiyi “libas” sözü tərəflərin bir-biriləri üzərindəki qoruyucu xüsusiyyətləri ortaya qoyur. Bu ayədə həmçinin qadın və kişinin bir-birilərinin tamamlayıcı xüsusiyyətlərinə də diqqət çəkilir.
Allah bir başqa ayədə də,
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (Rum surəsi, 21)
ifadəsi ilə evlilikdə “sevgi və mərhəmət” anlayışlarının əhəmiyyətinə diqqət çəkmişdir. İman edənlər evlilikdə qarşılıqlı olaraq bir-birilərini Allah’ın onlara bəxş etdiyi bir nemət və əmanət kimi görər, buna görə də bir-birlərinə böyük dəyər verərlər. Hər cür çətinlik və ya yanlış qarşısında sevgi və mərhəmətlə yanaşarlar. Qurana uyğun davranışın hər çətinliyin öhdəsindən gəlmələrinə kömək edəcəyini və qarşılaşdıqları problemləri həll edəcəyini bilirlər. Mömin qadın və mömin kişinin bir-birlərində “dinclik və rahatlıq tapmaları” onlar üçün böyük nemətdir.
Allah Quranın, “... bir-birinizlə yaxınlıq etmişdiniz...” (Nisa surəsi, 21) ayəsi ilə evliliyin səmimiyyətə və yaxınlığa səbəb olduğuna da diqqət çəkmişdir. İman gətirənlərin evlilikdəki bu səmimiyyətlərini, yaxınlıqlarını və bir-birilərinə dəyər vermələrini təmin edən şey onların axirətdə də sonsuza qədər davam etmələrini istədikləri məqsədləridir. Bu məqsədi yerinə yetirmək əsl sədaqəti tələb edir. Aralarında mənfəətlərə əsaslanan müvəqqəti sevgi olmadığı və qarşılarına axirətdə sonsuza qədər birlikdə olmağı məqsəd qoyduqları üçün bir-birlərinə qarşı çox sadiq, yaxın və səmimi olurlar.
Göründüyü kimi Quran əxlaqı əsas mənbə kimi götürüldükdə hər iki tərəfin də Allah’dan qorxan, vicdanlı olduqları gözəl birlik yaşanar. Bu cür sədaqət, vəfa, hörmət, sevgi, səmimiyyət kimi vacib əxlaq xüsusiyyətlərinin yaşanması nəticəsində evlilik davamlı və sabit olur. Bu xüsusiyyətlərdən məhrum olan insanların evlilikləri isə qısamüddətli olur.
Bu səbəbdən İslam əxlaqında evlilik qadın üçün böyük rahatlıqdır. Sevgini, hörməti, sədaqət və vəfa hislərini ən gözəl şəkildə yaşaya biləcəyi birlikdir. O, qarşısındakı insandan həmişə hörmət, sevgi və qayğı görür. Çəkişmə, mənfəət üstündə münaqişə, üstünlük, qürur, yalan kimi pis əxlaq xüsusiyyətlərinin olmaması qadının evlilikdən Allah’ın ayədə bildirdiyi kimi “dinclik və rahatlıq tapmasına” gətirib çıxarar.
Peyğəmbərimiz (səv) bu mövzuda bütün möminlər üçün nümunə olmuşdur. Allah,
"And olsun, sizin üçün, Allah’ı və axirət gününü ümid edənlər və Allah’ı çox zikr edənlər üçün Allah’ın Rəsulunda gözəl nümunə vardır."(Əhzab Surəsi, 21) ayəsi ilə buna diqqət çəkmişdir. Peyğəmbərimiz bir çox sözündə mömin qadınların nə qədər dəyərli olduqlarını bildirmişdir. Bu sözlərindən birində “Dünya müvəqqəti bər-bəzəkdir. Dünya bər-bəzəyinin ən xeyirlisi isə salehə qadındır” şəklində buyurmuşdur.
Başqa bir sözündə isə evlilikdə qadına olan dəyəri,
“Ən yetkin imana sahib mömin xasiyyəti ən gözəl və ailəsinə qarşı ən nəzakətli, lütfkar olandır”
sözləri ilə ifadə etmişdir. Peyğəmbərimizin (səv) göstərdiyi gözəl əxlaq bu sahədə bütün müsəlmanlar üçün gözəl nümunə olmuşdur. Bir hədisdə evlilikdə qadınlara qarşı göstəriləcək gözəl əxlaqın əhəmiyyətini belə xatırlatmışdır:
“Sizin ən xeyirliniz xanımları ilə xoş rəftar edəninizdir. Mən xanımlarına qarşı sizin ən yaxşı olanınızam”.
Peyğəmbərimiz həmçinin (səv) Vida Xütbəsində;
“Qadınlar sizə Allah’ın bir əmanətidir.”
şəklində buyuraraq qadınlara qarşı necə münasibət göstərilməsini bir daha xatırlatmışdır.
Bütün həyatı ilə olduğu kimi ailə həyatı ilə da iman edənlər üçün gözəl nümunə olan Peyğəmbərimiz (səv) xanımlarına qarşı daima şəfqətli, mərhəmətli davranmışdır. Hz. Aişədən (rə) rəvayət edildiyinə görə, Peyğəmbərimiz “Xanımlarına qarşı insanların ən mülayimi, ən təbəssümlü olanı idi”.