Evdar qadın deyəndə hər kəsin gözündə müəyyən insan obrazı canlanır. Səhərlər erkən qalxıb həyat yoldaşını və uşağını yola salan, evi yığışdırıb təmizləyən, paltarları yuyan, axşam bişirəcəyi yeməyi düşünən və gününün çox hissəsini də mətbəxdə yemək bişirərək keçirən qadın...
Klassik evdar qadın deyəndə hər kəsin ağlına gələn xüsusiyyətlər məhz bunlardır.
Bir çox insan üçün bütün bunlar həm yorucu, həm də darıxdırıcı fəaliyyətlərdir. Ancaq buna baxmayaraq, cahil qadınların əksəriyyəti bir gün eyni həyatı yaşamağın xəyallarını qururlar. Bəs insana axirətdə heç bir fayda verməyəcək bu həyat tərzini belə cəlbedici göstərən nədir? Yalnız adət-ənənə olduğu üçün, yoxsa həyatlarına rəng qatmaq üçün bu həyat tərzini seçirlər?
Bu variantların hamısı doğru ola bilər, ancaq bu həyatı olduqca cəlbedici görmələrinin səbəbləri bunlarla da məhdudlaşmır. Bu səbəblər şəraitə, insanlara görə xasiyyətlərini dəyişməklə yanaşı, ümumiyyətlə bir çox insan üçün bir neçə ortaq başlıq altında yaranır.
Bunlardan ən vacibi, gənc qızların çoxunun evliliklə birlikdə şəxsi azadlıqlarını əldə edəcəklərinə olan inanclarıdır. İllər boyu ailələrinin himayəsi altında və onların qoyduğu qaydalarla yaşayan gənclər bu təzyiqdən xilas olmağın ən qısa və ən asan yolunun evlilik olduğunu düşünürlər. Buna görə də, çox vaxt münasib olan ilk insanla evlənirlər. Cahil qadınların özləri bunu qəbul etməklə həm də evliliyin çətin şərtlərini də qəbul edirlər. Yalnız özlərinin söz sahibi olub, öz qaydaları ilə istədikləri kimi yaşayacaqları həyatın həsrəti bu çətinlikləri qəbul etmələrinə səbəb olur.
Artıq heç kim onlara qarışmayacaq, ürəkləri istədiyi vaxt iş görəcək, istədikləri yerə gedəcək və bütün bunlar üçün heç kimə hesab verməyəcəklər. Əlbəttə ki, bütün bunlar yalnız bir təmənna qarşılığındadır. Əsl həyatda isə hadisələr daha fərqli baş verir. Evliliklə birlikdə qadınların öhdəsinə həm maddi, həm də mənəvi baxımdan daha əvvəl bəlkə də heç hesaba qatmadıqları bir çox məsuliyyətlər düşür. Xəyal qurduqları kimi azad davranmaları da mümkün olmur. Çünki cahiliyyə sistemində ümumiyyətlə ev sahibi kişidir və qadının bütün həyatını öz qaydaları və öz inanclarına görə istiqamətləndirir. Buna görə də əksər qadının xəyalları puç olur və ailələrinin yerini artıq həyat yoldaşları tutur.
Bəzi insanların evdar qadın olmalarını qəbul etmələrinin ardındakı digər vacib səbəb də evliliyin gətirəcəyi maddi imkanlardır. Xüsusilə də, orta gəlirli ailələrin qızları üçün evlilik həyatlarının axınını dəyişdirəcək ən vacib fürsət kimi qiymətləndirilir. Belə ki, çox vaxt gənc qızlar ailələri tərəfindən "məntiq evliliyi" nə təşviq edilirlər. Bu vəziyyətdə, gənc qız evlənəndə pul və var-dövləti əsas meyar kimi götürür. Əxlaqından, rəftarından, ya da şəxsiyyətindən xoşlandıqları bir insanla evlənməkdənsə, özlərini pullu gələcəklə təmin edən, ya da heç olmasa, ailələrinkindən daha üstün imkanlar təqdim edən birini seçəcəklər. Bunun əvəzində də lazım olsa, həyatlarının sonuna qədər səhər oyanıb yemək hazırlamaq, paltar yumaq, ev təmizləmək kimi ev işləri görəcəklər.
Göründüyü kimi, əksər cahil qadınların çətinliklərə baxmayaraq, "evdar qadın" modelini seçmələrinin əsl səbəbləri bu cür mənfəətlərdir. Həm ailələrinin təzyiqindən xilas olacaq, həm həyat gəlirlərini artıraraq özlərini yaxşı həyatla təmin edəcək, həm də bu şərtlərdən ailələri və qohumları da faydalanacaq. Ancaq ilk günlərdə bu mənfəətlərə görə cəlbedici görünən bu həyat tərzi Allah rizası üçün olmadığından və qarşıdakı insanın əxlaqına əhəmiyyət verilmədən qurulduğuna görə, bir müddət sonra yerini monoton, çətin həyat və peşmançılıq tutur.