Cənab Ərdoğanın qadınlar haqqında dediklərinə görə edilən təxribatlara cavab
Keçən həftə cənab Tayyib Ərdoğanın qadınlarla bağlı bir açıqlaması həm Türkiyə, həm də dünya gündəmində böyük əks-səda doğurdu. Prezidentin əslində qadınları yüksəltmək məqsədi ilə və yaxşı niyyətlə dilə gətirdiyi sözlər dünya miqyasında ortaya qoyulan fərziyyələrlə səhv anlaşıldı.
“BBC” cənab Ərdoğanın bu açıqlamasını “Türkiyə Prezidenti Ərdoğan “qadınlarla kişilər bərabər deyil”- dedi” - şəklində sensasional bir başlıqla yayımladı. “Washington Post” isə "Türk Prezidenti qadınlarla kişilərin bərabər olmadığını söylədi",-dedi və açıqlamanı “təhrikedici ” kimi xarakterizə etdi.
“Foreign Policy” isə hörmət həddini aşaraq “Ərdoğan dəvət edilmədiyi halda, Şükran Günü ziyafətinə gələn və sözləri ilə hamını narahat edən sərxoş əmiyə oxşayır”, -kimi qəribə bir bənzətmə etdi. “Die Welt” "Ərdoğan qadın-kişi bərabərliyini təbiətə zidd qəbul edir", “Stern” jurnalı "Ərdoğana görə bərabərlik təbiətə zidddir. İslamın qadına təyin etdiyi rol analıqdır və feministlər bunu qəbul etmir",- yazdı.
Bəs cənab Ərdoğanın demək istədiyi, həqiqətən, dünya mətbuatında əks etdirildiyi kimi idi? Əlbəttə ki, yox. Cənab Ərdoğanın açıqlamaları əslində belə idi:
“Qadın ilə kişini bərabər mövqeyə gətirə bilməzsiniz, bu, fitrətə zidddir. İş həyatında hamilə bir qadını kişi ilə eyni şərtlərə tabe edə bilməzsiniz. Kişinin gördüyü işi qadına yükləyə bilməzsiniz. Keçmişdə kommunist rejimlərdə olduğu kimi, qadınları kişilərin etdiyi hər işi etdirə bilməzsiniz. “Əlinə ver külüngü, beli, işləsin”. Olmaz belə şey. Onun zərifliyinə zidd olar.
Qadın və kişi bərabər deyil, bərabər dəyərdədirlər. Ədalət üzərində dayanmaq lazımdır. Bundan başqa, qadına qarşı zorakılıq törədə bilməzsiniz. Hətta yanınızda yaşlansalar, qadına “uf” da deyə bilməzsiniz. Bizim dəyərlərimiz budur. Bizim dinimiz qadına bir mövqe vermişdir; analıq mövqeyi. Ananın ayağının altı öpülər... Qadın cinayətləri törədilir, elə deyilmi? Bizim dinimizdə qadına bu cür zülmü əsla edə bilməzsən. Zorakılıq törədə bilməzsən.”
Bəli, cənab Prezidentin çıxışı belə idi.
Əvvəla, bu çıxışın yaxşı niyyətlə, qadınları yüksəltmək, dəyərlərini vurğulamaq və cəmiyyət həyatında onları qorumaq məqsədi ilə edildiyi çox açıqdır. Lakin dünya miqyasında bir müxalifətə yol açdığı üçün əskik və ya xətalı olan bəzi izahatların da olduğunu gözardı etməmək lazımdır.
“Qadınla kişi bərabər deyil” deyiləndə ağıla gələn ilk məna “Kişi daha üstündür, qadın daha geridədir” şəklindədir. Belə ki, bu ifadə bütün dünyada da bu cür başa düşülmüşdür.
Buna görə də cənab Ərdoğan tezliklə bu mövzunu tamamlayan yeni bir açıqlama ilə “Qadın-kişi bərabər deyil, çünki qadın daha üstündür” ifadəsini vurğulamalıdır. Çünki qadın mərhəmətdə, şəfqətdə, sevgidə, sədaqətdə, vəfada, nəzakətdə, təmizlikdə, diqqətdə, dərin düşünməkdə, keyfiyyətdə, gözəllikdə və digər bir çox mövzularda kişidən daha üstündür. Bundan əlavə, qadınlar, zərif və nazənindirlər, xoşdurlar, çox zəkalıdırlar. Kişi daha səthi düşündüyü halda, qadın daha mürəkkəb düşünür. Qadının incəsənətə, estetikaya olan meyilliliyi də daha güclüdür.
Nəzakətin, keyfiyyətin, gözəl əxlaqın bir gərəyi olaraq necə ki anaya üstünlük veririk, qadına da bu cür pozitiv bir üstünlük verilməlidir. Məsələn, qadın maşından düşərkən kişi daha əvvəl düşər, maşının qapısını açar, qadına kömək edər. Məhz bu əxlaq qadının üstünlüyünü göstərir. Yaxud xanımlar bir yerə gəldiyi zaman ayağa qalxılar; bu da onun üstünlüyünü göstərir. Belə düşündükdə qadın kişi ilə bərabər deyil, üstündür. Qadına qarşı bu baxış tərzi ilə davranmaq mədəniyyətin bir bəzəyi və əxlaqi gözəllikdir.
Prezidentin yenidən çıxış edərək qadınların bu üstün yönlərini dilə gətirməsi lazımdır. Çünki görünür ki, cənab Ərdoğanın çıxışı bu yöndə lazımi təsiri göstərməyib; verilən nümunələr kifayət etməyib. Əgər mövzunu “bu cəhətləri ilə qadınlar üstündürlər”,- deyə yenidən danışsa, meydana gələn səhv də aradan qalxacaqdır.
Eyni zamanda, siyasi və sosial həyatda qadınların hüquqlarının və üstünlüklərinin artırılması da gözəl bir ifadə şəkli olacaqdır. Məsələn, Parlamentdə daha çox qadın olmalı, hökumətin ən az yarısı qadınlardan ibarət olmalıdır. Başda Prezident olmaqla digər bütün hökumət üzvləri tərəfindən də hər yerdə qadının güclü olması xüsusilə dəstəklənməlidir. Siyasətdə, ictimai sahələrdə, iş yerlərində, küçədə, evdə, bir sözlə, hər yerdə qadına üstünlük verilməsi diqqətlə gündəmə gətirilməlidir.
Əgər Prezidentin sözügedən çıxışı yeni bir açıqlama ilə tamamlanmayıb, bu şəkildə saxlansa, yaranan mənfi fikir daimi hal ala bilər. “Qadın-kişi bərabər deyil, qadın kişidən üstündür”,- şəklində edilən yeni bir açıqlama dünyada böyük marağa səbəb olacaq və meydana gələn səhv düşüncə aradan qalxacaqdır.
Həmçinin unudulmamalıdır ki, fanatiklik bütün dünyada olduğu kimi, Türkiyə üçün də böyük bir təhlükədir. Fanatik fikir Türkiyənin çiynində bir yükdür. Bu düşüncədə olan insanların hədəfi Türkiyənin inkişaf etməsinə, daha gözəl, daha keyfiyyətli olmasına mane olmaqdır. Məhz buna görə bu böyük təhlükə gözardı edilməməli, fanatik xurafatçıların ifadələrini xatırladan və ya yanlış fikrin yaranmasına səbəb olan hər cür ünsürdən diqqətlə çəkinilməlidir.
Dünyada fanatikliyə qarşı meydana gələn ciddi reaksiya səbəbindən bu cür danışıqların təxribat məqsədi ilə istifadə edilə biləcəyi də unudulmamalıdır. Xüsusilə, hökumətin içindən, nadir hallar da olsa, bəzi insanların “Qadınlar qəhqəhə ilə gülməməli, telefonla danışmamalı, maşına minməməlidir”,- kimi açıqlamalarından sonra bu mövzunun diqqət çəkdiyi gözardı edilməməlidir.
Bir sözlə, Prezidentin çıxışındakı səhv başa düşülən hissələrin vaxt itirmədən düzəldilməsi olduqca mühümdür. Cənab Ərdoğan qadının kişidən üstün olduğunu yenidən və Quran üslubu ilə bildirsə, bu, dünyada çox müsbət təsir yaradacaq, həm İslama, həm də Türkiyənin savadlı, çağdaş, müasir bir xətt üzrə iləliləməsinə duyulan hörmət və heyranlıq yenidən artacaqdır.