Allah`ın bütün bəşəriyyət üçün xilaskar olaraq göndərdiyi mübarək Peyğəmbərimiz hz. Muhamməd (səv) dərin imanı, ağlı, gözəl əxlaqı, əsaləti və nəzakəti ilə bütün insanlar üçün gözəl örnəkdir.
Peyğəmbərimiz (səv) tez-tez insanlara iltifat edər, söhbət edərək onları razı salardı. Hamının fikrinə hörmət edər, uzlaşdırıcı və mülayim rəftar edərdi. Həmişə insanlara pis və incidici söz deməkdən çəkinər, qarşısındakı insanın həmişə yaxşı cəhətlərini dilə gətirərdi. O insanların ən gözəl əxlaqlısı idi. Rəbbimiz bir ayəsində Peyğəmbərimizin (səv) bütün İslam aləminə nümunə olan üstün əxlaqını belə bildirir:
Peyğəmbərimiz (səv) qadınlara verdiyi dəyərlə, onlara göstərdiyi hörmət, sevgi, şəfqət və mərhəmətlə də bütün İslam dünyasına yol göstərib.
Qadını ikinci sinif varlıq kimi dəyərləndirən fikirlərin mənbəyi İslamdan əvvələ dayanır. Qədim ərəb cəmiyyətlərində qız uşağı olanda yaxşı qarşılamır və hətta onları diri-diri torpağa basdırırdılar. Hətta qadınların əşya kimi alınıb satıldığı dövrlər də olmuşdur. Lakin İslam və İslamın nuru olan Peyğəmbərimizin (səv) vəsiləsi ilə Allah`ın Quranda çiçəyə bənzətdiyi qadınlar ucaldılmışdır.
Peyğəmbərimiz (səv) qadınları Allah`ın bizə əmanəti kimi dəyərləndirərək baş tacı etmiş, onların azad olduğu, cəmiyyətdə qorxusuz, rahat gəzib-dolaşdığı, sadəcə təmizlik, yemək, paltar kimi ev işlərinin yüklənilmədiyi çox dəyər verilən bir sistem qurmuşdur.
Peyğəmbərimiz (səv) öz xanımlarına qarşı da çox diqqətcil idi. İmanlarını, sağlıqlarını, elmlərini, sevinclərini artırmağa köməklik göstərirdi. Rəvayətlərdə sevinmələri üçün onlarla oyunlar belə oynadığı, qaçış yarışları keçirdiyi bildirilir. Səhabələr deyir ki, Peyğəmbərimiz (səv) xanımları ilə ən çox zarafat edən insan idi. (1) Hz. Aişədən rəvayət edilən bir hədisə görə isə “xanımlarına qarşı insanların ən mülayimi, ən kərimi, gülər üzlüsü və təbəssümlüsü idi” (2)
Peyğəmbərimizin (səv) qadınlara qarşı göstərdiyi gözəl əxlaq şübhəsiz ki, bütün İslam dünyasına nümunə olmalıdır. Müsəlmanlar qadınlara göstərdikləri sevgi, hörmət və nəzakətdə, üstün əxlaqda, gözəl sözlü olmaq, gözəl davranış göstərməkdə bir-biriləri ilə yarışmalıdırlar.
Hədisdə bildirildiyi kimi qadınları sevmək peyğəmbərlərin əxlaqındandır. (3)
Peyğəmbərimiz (səv) “qadınlara qarşı sevgisi çoxalmadığı təqdirdə, bir insanın imanının artacağını düşünmürəm” demişdir. Yəni insanın imanı nə qədər çoxdursa, o qədər də qadınları sevib dəyər verəcəkdir.
Allah`ın rəsulundakı bu gözəl əxlaqa müsəlmanlar eynilə yiyələnməlidir. O şəfqətlidirsə, müsəlmanlar da şəfqətli olmalı, o qadınları sevirsə, onlar da qadınları sevməli və dəyər verməli, o uşaqları sevirsə, müsəlmanlar da uşaqları Allah`ın razılığı üçün sevməlidirlər.
Allah Quranda üstünlüyün cinsiyyətə görə deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva ilə olduğunu bildirir və qadınları çiçəyə bənzədir:
“Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyaya həvalə etdi. Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.” (Ali İmran surəsi, 37)
Qurana əsasən qadın zərif, qayğı göstərilən bir çiçəkdir, amma eyni zamanda qərarlar verən, idarəçi ola bilən bir məqama da sahibdir. Peyğəmbərimiz (səv) ümmətinə həmişə müsəlman kişi ilə müsəlman qadının daşıdığı məsuliyyətlərinin eyni olduğunu bildirir. Buna görə də Allah Quranda kişi və qadın arasında ayrı-seçkilik salmadan “mömin kişilər və mömin qadınlar”-deyə xitab edir.
“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allah’a) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allah’ı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.”(Əhzab surəsi, 35)
Lakin hələ də insanlarda qadına qarşı yanlış düşüncələr dəyişməyib. Bütün dünyada qadınlar ikinci plana atılır, alçaldılır, zorakılığa, təzyiqlərə məruz qalır və onlara qarşı pis rəftar olunur. Halbuki bir ölkə əgər qadınlara dəyər vermirsə, qadınları ucaltmırsa, onların üstün xüsusiyyətlərini gündəmə gətirmirsə onda o ölkənin inkişafından söhbət gedə bilməz. Qadınların insan yerinə qoyulmadığı, kişilərdən aşağı varlıq kimi dəyərləndirildiyi, susdurulduğu, əzildiyi və arxa plana atıldığı cəmiyyətlər həmişə geridə qalmağa məhkumdur. Tarix boyunca qadını belə dəyərsiz edən cəmiyyətə digər cəmiyyətlər də dəyər verməyib.
Cəmiyyətdə qadınları üstün etmək vacibdir. Ən az kişilər qədər, hətta, kişilərdən daha da çox hüquqlara sahib olmalı, onları sadəcə cinsi əlaqə saxlanılan bir varlıq kimi görən zehniyyət kişi üstünlüyü iddiasından əl çəkməlidir. Çünki qadınlar çox iti ağla sahib varlıqdır. Hadisələrin dərininə getməkdə, detallara fikir verməkdə kişilərdən daha üstündürlər. Ağıllı və incə düşüncəli olduqları üçün onlarla məsləhətləşmək və fikirlərindən faydalanmaq bərəkət gətirəcəkdir. Həmçinin qadınlar mərhəmət, şəfqət, təmizlik cəhətdən də kişilərdən üstündür. Çox dəyərli, mədəni, incə, dünyanın bəzəyi olan varlıqlardır.
Ancaq kişilərin üstün olduğu ən inkişaf etmiş ölkələrdə belə açıq-aşkar görünür. Bu zehniyyətin məhv edilməsi üçün qadın-kişi bərabərliyindən danışmaq kifayət deyil. Qadının üstünlüyü inancının hakim olması üçün cəhd göstərilməlidir. Qadının üstünlüyü nemətdir, gözəllikdür. Analıq vəsfi necə dəyərlidirsə, həyatın hər sahəsində qadın da elə dəyərli olmalıdır. Qadının yaradılış cəhətdən fiziki mənada kişidən zəif olması cəmiyyətdə qadının kişidən daha az dəyərli olması kimi anlaşılmamalıdır. Əksinə daha çox qorunması, ağır işlər görməməsi, ağır yük daşıtdırılmaması, qısacası, çox diqqət edilməli və dəyər verilməli olduğu mənasına gəlməlidir.
Mədəni bir cəmiyyət olmaq üçün qadınların üstünlüklərini tez-tez vurğulayaraq ön plana çıxarmaq lazımdır. Bu barədə hökumətlər təlimlər keçməli, insanları məlumatlandırmaq üçün işlər görülməlidir. İş yerlərində, məclislərdə qadınlara birincilik verilməli, məclisin yarıdan çoxu qadınlardan ibarət olmalıdır. Müsəlmanlar Peyğəmbərimizin (səv) əxlaqı ilə əxlaqlanaraq bu barədə bütün cəmiyyətlərə nümunə olmalıdırlar.
Unutmayaq ki, demokratiyanın olmadığı, qadınların rahat yaşaya bilmədiyi, təzyiqlərə məruz qaldığı, qadın düşmənçiliyinin olduğu bir sistemdə xoşbəxtlik də olmaz. Qadın Qurana uyğun olmayan tərzdə dəyərləndirilsə, İslam aləmi rahatlıq tapa bilməz. Çünki Allah`ın qullarının yarısı qadındır və qadınları əzən bir əxlaq göstərmək Allah`ın qəzəbinə səbəb olar. Allah belə cəmiyyəti cəzalandırar, bəla verər. Bu səbəbdən bu rəzilliyin, yəni qadını alçaldan düşüncələrin təmizlənilərək qadınların hüquqları bərpa edilməlidir. Onların azadlığı məhdudlaşdırılmamalı, azadlıq verilməli, hörmət, ehtiram göstərilərək üzərlərindəki kişi hakimiyyəti qaldırılmalıdır. Bir cəmiyyət ancaq qadına verdiyi dəyər qədər yüksəlir, qadına göstərdiyi hörmət qədər hörmət qazanır.
MƏNBƏLƏR:
(1) Hasan B. Süfyan Müsnedi'nde aktarılmıştır; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.105
(2) G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 531/7
(3) Kuleynî, Kâfî, c. 5, s. 320, hadis no: 1) (Şeyh Tûsî, Tehzîbü’l-Ahkâm (Tahran, 1365), c. 7, s. 403)(Meclîsî, Bihârü’l-envâr, c.101, s. 75) (Tabersî, Mekârimü’l-ahlâk, s. 197) (Amilî, Vesâilü’ş-şia, c. 20, s. 22 (hadis no: 24923)
(4) Kuleynî, Kâfî, c. 5, s. 320, hadis no: 2) (İbn Bâbeveyh, Men lâ yehzuruhu’l-fakîh, c. 3, s. 384
Adnan Oktarın Islam Today jurnalında yayımlanan məqaləsi