HİCAB MÜSƏLMAN QADININ QÜRURUDUR
ucgen

HİCAB MÜSƏLMAN QADININ QÜRURUDUR

2327

Cahil cəmiyyətlərdə insanların həyatlarını istiqamətləndirən, doğru olduğuna əmin ola biləcəkləri güc yoxdur. Tam əksinə tabe olduqları qaydaların əksəriyyətinin nə vaxt, kim tərəfindən və hansı məlumatlara əsaslanaraq  qoyulduğu belə bilinmir və adətən müəyyən ənənələr olur. Mömin üçünsə Allah (cc)-dan bir rəhmət olaraq, doğrunu səhvdən ayıran, insanlara doğru yolu göstərən, ən mükəmməl həyat və əxlaq tərzini bildirən Quran və Peyğəmbərimiz (səv)-in sünnəsi vardır. Mömin kişi və mömin qadın üçün yaşaya biləcəkləri ən üstün, ən şərəfli və ən mükəmməl həyat tərzi yenə də Quran ayələriylə insanlara bildirilmişdir. Rəbbimizin əmr və qadağalarına, Quran əxlaqına tabe olmaq mömin qadına qürur, şərəf və hörmət qazandırar. Bu, Allah (cc)-ün mömin qadın üçün yaratdığı çox böyük bir lütfdür.

Müsəlman qadını tanıdan, iffətinin əlamətlərini təyin edən xüsusiyyətlərindən biri də hicabdır. Quranda buyurulan hicabın və örtünmənin qadınlara fərz olduğu Müsəlmanlar tərəfindən açıq-aşkar bilinən hökmdür. Dünya həyatındakı əsl məqsədləri Allah (cc)-ün razılığını, sevgisini, yaxınlığını qazanmaq olan mömin qadınlar, Rəbbimizin bu əmrini sevərək, istəyərək və könüldən tam təslimiyyətlə yerinə yetirərlər. Quranda olan mömin qadının təsəttürü və hicabla əlaqədar ayələrdə Müsəlman qadının fitrətinin və əxlaqının da necə olduğu izah edilmişdir (Nur Surəsi, 31).

Allah (cc) Quranda Müsəlman qadınlara hicab bağlamalı və örtünməli olduqlarını bildirmiş, ancaq bununla yanaşı, "gözlərini harama çevirməmələrini " və "ismətlərini qorumalarını" da xatırlatmışdır. Buna görə də mömin qadın, xarici görünüşüylə yanaşı, əxlaqında da şərəfli və iffətlidir.   İmanını, vicdanını və ağlını ən yaxşı şəkildə istifadə edərək üstün əxlaq nümayiş etdirər. Allah (cc) Quranda, Müsəlman qadının nə cür əxlaq göstərməli olduğunu, yaşadığı cəmiyyətdə "ismətini qorumuş olmasıyla və iffətinə olan düşkünlüyüylə" tanınan Hz. Məryəmin əxlaqını nümunə verərək açıqlamışdır:

 

“(Allah mömin qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu.” (Təhrim Surəsi, 12)

 

Mömin qadın üçün iffət və qürurun əhəmiyyəti Quranın bir çox ayəsiylə insanlara açıqlanmışdır. Müsəlman qadın, həm paltarı, həm davranışlarındakı nəcibliyi və intizamlılığı, şərəfli, nümunəvi və təmkinli rəftarı ilə ətrafında böyük hörmət qazanar. Allah (cc)-ün mömin qadınlara fərz etdiyi hicabın bir hikməti də mömin qadının bu əxlaqının və hörmətli şəxsiyyətinin yaranması üçündür. Allah (cc) mömin qadının iffətli tanınması, əziyyət görməməsi, incidilməməsi, zərər görməməsi və nəcibliyini qoruması üçün ən uyğun olan geyim şəklini Quranla bildirmişdir. Bu gerçək möminlərə belə xəbər verilmişdir:

 

“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab Surəsi, 59)

 

Qadınların cəmiyyət içində qorunması, layiq olduqları hörmət və sevgini görmələri üçün lazım olan ən gözəl davranış və tətbiqlər Quranla bildirilmişdir. Şübhəsiz ki, bu, Müsəlman qadın üçün çox böyük bir qorunma, rəhmət və nemətdir.   Allah (cc)-ün bu əmrini gözəl şəkildə yerinə yetirmək eyni zamanda da, mömin qadının Rəbbimizə olan bağlılığının, itaətinin, təslimiyyətinin bir ifadəsidir. Allah (cc)-ün razılığını, dünya həyatının mənfəətlərindən daha üstün tutduğunun, əsas axirət həyatını hədəflədiyinin açıq bir əlamətidir.

Müsəlman qadın Allah (cc)-ün Quranda bildirdiyi bu hökmünü imanla və vicdanla, sevərək və istəyərək yerinə yetirir. Buna görə də bu ibadəti imani və vicdani öhdəçilik olaraq yerinə yetirdiyi unudulmamalı, bu hökmə hörmətlə yanaşmalıdır. Açıq-aşkar ortada olan yaxşı niyyət görülməli və bu əmr vicdan azadlığı ilə yerinə yetirilməli, bu mövzuda qadına təzyiq edilməməlidir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr