HZ. YUSİF
ucgen

HZ. YUSİF

1892

"...O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!" ("Yusif" surəsi, 24).

"...Ona sözləri yozmağı öyrətdik. Allah Öz işində qalibdir, lakin insanların əksəriyyəti bilməz! Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!" ("Yusif" surəsi, 21-22).

Quranın 12-ci surəsi olan "Yusif" surəsi 111 ayədir və haradasa bütövlükdə Hz. Yusifdən bəhs edilir. Hz. Yusif kiçik yaşlarından etibarən Allahın müxtəlif hadisələrlə imtahan etdiyi, son dərəcə səbrli, ixlaslı, yanındakı insanlara tez-tez Allahın varlığını və üstünlüyünü bildirən bir peyğəmbərdir. Təvəkkülü, Allaha qəlbən bağlılığı, sədaqəti, hadisələr qarşısında təmkinli davranması bütün möminlər üçün çox gözəl bir örnəkdir.

Allah Hz. Yusifə hələ uşaq ikən göstərdiyi bir yuxu ilə gələcəkdə ona böyük bir elm və nemətlər verəcəyini müjdələmişdir. Hz. Yusif gördüyü bu yuxunu atası Hz. Yəquba danışmış, o da yuxunu belə yozmuşdur:

"Bir zaman Yusif atasına demişdi: "Atacan! Mən on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər". Dedi: "Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanın açıq-aşkar düşmənidir. Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin biləndir, hikmət sahibidir!"" ("Yusif" surəsi, 4-6).

Hz. Yusif Allahın rizasının hər şeydən vacib olduğunu bildirmişdir

Hz. Yusif çox kiçik yaşda olarkən atası onu çox sevdiyi üçün qardaşları onu qısqanırdı. Ondan qurtulmaq üçün onu bir quyunun içinə atmışdılar. Hz. Yusifi quyunun içində saxlayan qardaşları atalarına "Yusifi qurd yedi" ("Yusif" surəsi, 17) deyərək yalan söyləmişdilər. Sonra bir karvan Hz. Yusifi tapmış və onu Əziz adlı bir misirliyə satmışdı. Hz. Yusif uzun illər bu adamın evində qalmış, ancaq yetkinlik yaşına çatanda Əzizin arvadı onu zina etməyə məcbur etmişdi. Fəqət Allahdan qorxan Hz. Yusif belə bir şeyə qol qoymamış və qadına Allahı xatırladaraq belə cavab vermişdi:

"Evində olduğu qadın tovlayıb yoldan çıxartmaq istədi və qapıları bağlayaraq: "Di gəlsənə!" - dedi. Yusif isə: "Mən Allaha sığınıram. Axı o mənim ağamdır. O mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!" - deyə cavab verdi" ("Yusif" surəsi, 23).

Məqsədinə nail olmayan qadın isə Hz. Yusifə iftira atmışdır. Şahidlərin sözlərinə və gətirilən dəlillərə görə, Hz. Yusifin günahkar olmaması təsdiqlənsə də o, bir müddət sonra zindana atılmışdır. Hər zaman Allahın onu sınadığını bilərək Rəbbimizi ən çox razı edəcəyi davranışı seçən Hz. Yusif bu hadisədə də zindanda olmağın özü üçün daha münasib olduğunu belə dilə gətirmişdir:

"Yusif dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram"" ("Yusif" surəsi, 33).

Bu hadisədən də gördüyümüz kimi, Allaha qətiyyətlə iman gətirən bir adam qarşısına çıxan heç bir hadisədə təmkinini itirməməli, Allaha təvəkkül etməli və mütləq gözəl bir nəticə ilə qarşılaşacağını unutmamalıdır. Çünki Allah səmimi qullarına dünyada və axirətdə yardım edəcəyini bildirmişdir. Həmçinin Hz. Yusifin həyatı Quranda bu mövzu ilə bağlı verilən mühüm bir örnəkdir.

Hz. Yusif həbsxana yoldaşlarına hər şeyi verənin Allah olduğunu xatırlatmışdır

Hz. Yusiflə birlikdə zindana atılan iki cavan oğlan da var idi. Bunlar Hz. Yusifə gördükləri yuxunu danışmış və bu yuxuların nə məna verdiyini öyrənmək istəmişdilər. Hz. Yusif zindan yoldaşlarına bütün peyğəmbərlər kimi öncə Allahın varlığını izah etmiş, sahib olduğu elmin həqiqi sahibinin Allah olduğunu söyləmişdi:

"Yusif belə cavab verdi: "Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükr etməz!" ("Yusif" surəsi, 37-38).

Hz. Yusifin bu xatırlatması diqqəti möminlərin əsla unutmamalı olduğu bir həqiqətə cəlb edir. İnsanın sahib olduğu bütün maddi və mənəvi xüsusiyyətləri Allah verir. Və Allah istədiyi anda bir insana verdiklərini geri almağa və yaxud qat-qat artığını verməyə qadirdir. O halda insanların bunu əsla unutmaması, sahib olduqları heç bir xüsusiyyətlə öyünməməsi son dərəcə mühümdür.

Hz. Yusif zindan yoldaşlarına tək Tanrının Allah olduğunu, yalnız Ona qulluq etməyin vacib olduğunu təbliğ etmişdir

Hz. Yusif daha sonra söhbətinə davam etmiş və Allahdan başqa tanrı olmadığını bildirib yoldaşlarını Allaha qulluq etməyə çağırmışdır:

"Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?! Allahdan qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz!" ("Yusif" surəsi, 39-40).

Diqqət etsək, Hz. Yusif Allaha şərik qoşan zindan yoldaşlarının suallarına dərhal cavab verməmişdi. Öncə onları imana çağırmış və şirk qoşmamalarını nəsihət etmişdir. İman sahibi olmayan bir insan düşdüyü pis vəziyyətin fərqinə varmadığından özü üçün nəyin birinci olduğuna qərar verə bilməz, ikinci dərəcəli məsələlərlə kifayətlənər. Bu halda qarşısındakı insanı tanımaq və ona faydalı olan öyüdü vermək möminin borcudur. Bütün insanlara fayda gətirən əsas amil imandır. Hz. Yusif də ilk öncə imanı izah etmişdir.

Hz. Yusifin yaşadığı mühit və şərtlər nə qədər çətin olursa olsun o, öz rəftarında və Allahın hökmlərini yerinə yetirməkdə ən kiçik bir dəyişiklik belə etməmişdir. Hz. Yusif həbsxana mühitində belə təbliğ vəzifəsini icra etməkdə davam etmişdir. Hz. Yusifin bu davranışı müsəlmanlar üçün çox gözəl bir örnəkdir.

Hz. Yusif nəfsin insana pisliyi əmr etdiyini

demişdir

Baş verən hadisələr nəticəsində zindana atılmasına səbəb olan qadın öz əməlini etiraf etmiş, Hz. Yusifin günahsızlığı ortaya çıxmışdır. Hz. Yusif isə günahsızlığı ortaya çıxdıqdan sonra ilk öncə nəfsini təmizə çıxarmağa heç bir zaman cəhd göstərmədiyini vurğulamışdır:

"Yusif dedi: "Bu ona görədir ki, o olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin!

Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!"" ("Yusif" surəsi, 52-53).

Hz. Yusifin nəfsini müdafiə etmək istəməməsinin səbəbini anlamaq üçün "nəfs" sözünün izahı üzərində durmaq lazımdır. Nəfsi insanın içində olan "pisliyi əmr edən güc" kimi izah edə bilərik. Nəfsin istəkləri Allahın rizasına uyğun olan davranışla ziddiyyət təşkil edirsə, möminlər heç bir zaman nəfslərinə tabe olmaz, hər hansı bir məsələdə Allahın rizasını qazanmağa çalışarlar. Hz. Yusif də nəfsin bu cəhətini bildiyi üçün onu müdafiə etməyin xətalı olacağını söyləmişdir.

Hz. Yusif ona verdiyi nemətlər üçün Allaha şükr etmişdir

Hz. Yusif günahsızlığı ortaya çıxdıqdan sonra etibarlı bir adam kimi ölkənin xəzinələrinin başçısı təyin edilmişdir. Bundan sonra ailəsini də yanına aparmışdır. Və onlara da Allaha olan təvəkkülünü, etibarını, hər şeyin Onun nəzarətində olduğunu heç bir zaman unutmadığını bildirmişdir:

"Ata-anasını taxt üstünə qaldırdı. Onlar hamısı ona təzim edib əyildilər. Yusif dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı. Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən gətirdi. Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır. O, doğrudan da, biləndir, hikmət sahibidir!"" ("Yusif" surəsi, 100).

Yaşadığı hər sıxıntıda Allaha təvəkkül edən, nemətə qovuşanda da eyni şəkildə Rəbbimizə yönələn Hz. Yusif Allaha belə dua etmişdir:

"Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!"" ("Yusif" surəsi, 101).

Göründüyü kimi, Quranda Hz. Yusifin uşaqlığından etibarən yaşadığı müxtəlif hadisələrdəki hərəkətləri və davranışı haqqında məlumatlar verilmişdir. Bu məlumatlar bizə Allahın bir peyğəmbəri olan Hz. Yusifin üstün əxlaqını, Allaha olan imanını, təslimiyyətini, sədaqətini açıq göstərir. Qarşılaşdığı şərtlər nə olursa olsun peyğəmbərin üstün əxlaqında və təslimiyyətində ən kiçik bir dəyişiklik də olmamış, bütün həyatı boyu ətrafındakı insanlara Allahın varlığını və sonsuz qüdrətini izah etmişdir.

Hz. Yusif peyğəmbər olsa da onun müsəlman kimi ölməyi və salihlər arasında yer almağı istəməsi də üzərində ciddi düşünülməsi lazım gələn bir mövzudur. Heç kimin mömin kimi ölməyə və cənnətə getməyə qarantiyası yoxdur. Möminlər bunu bilərək Allahdan qorxar və Hz. Yusif kimi müsəlman kimi ölmək üçün dua edərlər.

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr