Allah-Təala Hz. Salehi Səmud qövmünə peyğəmbər göndərmişdi. Quranda Hz. Salehin peyğəmbər kimi gəldiyi qövmə yalnız Allaha qulluq etməyin vacibliyini söylədiyi xəbər verilmişdir:
"Biz Səmud tayfasına - Allaha ibadət edin deyə -qardaşları Salehi göndərdik. Saleh öz tayfasının yanına gələn kimi onlar bir-biri ilə çəkişən iki firqəyə ayrıldılar" ("Nəml" surəsi, 45).
Bütün peyğəmbərlər kimi Hz. Saleh də öncə qövmünə etibarlı bir peyğəmbər olduğunu təbliğ etmiş və qövmünü Allahdan qorxub çəkinməyə çağırmışdı:
"Səmud tayfası da peyğəmbərləri təkzib etdi. O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin!" ("Şuəra" surəsi, 141-144).
Hz. Saleh də bu insanları Allahın dininə çağırarkən onlardan heç bir əvəz gözləmədiyini söyləmişdi.
Allahın rəsulları öz qövmlərinə etdikləri təbliğ zamanı Allahın varlığının dəlillərinə diqqəti cəlb etmiş, Allahın yaratdığı qüsursuz tarazlıqları, sistemləri, canlılardakı üstün xüsusiyyətləri insanlara xatırlatmışdılar.
Hz. Saleh də yaradılış dəlillərini izah edərək qövmünü Allahı xatırlamağa təşviq edən elçilərdən biridir. Qövmünün Allahın sonsuz elmini, sonsuz ağlını və sonsuz böyüklüyünü dərk etməsi üçün ona insanın ilk yaradılışını xatırlatmışdı:
"Səmud qövmünə də qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, duaları qəbul edəndir!"" ("Hud" surəsi, 61).
Hz. Saleh qövmünə sahib olduqları nemətlərin həqiqi sahibi olan Allahdan qorxub çəkinməyin, yer üzündə fitnə-fəsad törətməməyin və ona itaət etməyin vacibliyini xatırlatmışdı. Əgər bunu etməsələr, Allahın onları yaşadıqları yerdə təhlükəsizlik içində saxlamayacağını bu sözləri ilə təbliğ etmişdi:
"Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli xurmalıqlar içində! Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? Artıq Allahdan qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!" ("Şuəra" surəsi, 146-152).
Allah-Təala peyğəmbərləri insanları haqq dinə dəvət etmək və yer üzündə nizam-intizam yaratmaq üçün göndərmişdir. Hz. Salehin yuxarıdakı xəbərdarlıqları da bu vəzifəni yerinə yetirməyə yönələn bir çağırışdır.
"Səmud tayfasına da qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şid dətli bir əzaba düçar olarsanız!
Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın, Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!"" ("Əraf" surəsi, 73-74).
Ancaq Səmud qövmü Hz. Salehə itaət etməmiş və "Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik" ("Hud" surəsi, 62) deyərək qarşı çıxmışdı. Bunun üzərinə Hz. Saleh qövmünə Allaha qarşı çıxacağı zaman ona kömək edə biləcək heç bir varlığın olmadığını təbliğ etmişdi:
"Saleh onlara belə cavab verdi: "Ey camaatım! Bir deyin görək. Əkər mənim Rəbbimdən aşkar bir möcüzəm olsa, O mənə Özündən bir mərhəmət lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!" ("Hud" surəsi, 63).
Əlbəttə, Allaha üsyan edən insanları Allahın qəzəbindən qoruya biləcək heç bir güc yoxdur. Və Hz. Salehin yuxarıdakı sözləri ilə bildirdiyi kimi, Allaha üsyan edən bir insana uyan adam da mütləq bir ziyana uğrayacaq.
Peyğəmbərlərin gətirdiyi haqq din inkarçıların mənafeyinə zidd olduğu üçün bu insanlar peyğəmbərlərə iman gətirmək istəməmişdilər. Peyğəmbərlərin onlara Allahı və axirəti xatırlatmasından son dərəcə böyük bir narahatlıq hiss etmişdilər. Bu, tarix boyu bütün inkarçı qövmlərdə tez-tez rast gəldiyimiz xüsusiyyətdir. Əlbəttə, eyni vəziyyət Allahdan qorxmayan Səmud qövmündə də olmuşdu. Bu insanlar Hz. Salehin onlara verdiyi bütün öyüd-nəsihətdən üz çevirmişdi. Hz. Salehin bu barədə qövmünə xitabı belədir:
"Saleh onlardan üz döndərib belə dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!"" ("Əraf" surəsi, 79).
Hz. Saleh qövmünü haqq yola yönəldə bilmək üçün ciddi mübarizə aparmış, ancaq qövmü inadkarlıq edərək inkarda israr etmişdi. Allah bu qövmü ona bir dişi dəvə göndərməklə sınamış və onlara dəvəni incitməməyi əmr etmişdi. Bu əmrə uymadıqları təqdirdə onlara böyük bir əzab gələcəyini də bildirmişdi. Allahın əmrinə qarşı çıxan qövm ona göndərilən dəvəni öldürmüş və beləliklə, Allaha qarşı çıxan bir qövm kimi böyük bir əzabla həlak edilmişdi. Bununla bağlı olan ayələrdən bəziləri belədir:
"Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət, qüvvət sahibidir! O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası kənar oldu!" ("Hud" surəsi, 66-68).
Bu nümunədən də gördüyümüz kimi, Allahın peyğəmbərləri göndərildikləri cəmiyyətin insanlarına Allahın dinin təbliğ etmiş, dünyanın bir imtahan yeri olduğunu xatırlatmış və ancaq Allahın əmrlərini yerinə yetirən insanların əzabdan qurtula biləcəklərini söyləmişdilər. Əgər inkar etməkdə israrla davam etsələr, Allahın onlara mütləq bir əzab göndərəcəyini bildirmişdilər.
Ancaq peyğəmbərlərin bu böyük cəhdləri yalnız Allaha iman gətirən az bir qrupa təsir etmiş, insanların çoxu öyüd almağa səy göstərməmişdi. Amma əlbəttə, bu israrlı inkarçılığın nəticəsində də itkiyə məruz qalan özləri olmuş, əzabla qarşılaşmışdılar. Axirətdə isə bundan daha böyük cəza ilə qarşılaşacaqlar.