Allahın, Quranda diqqət çəkdiyi qadınlardan biri də, Misirdə olan bir Əzizin arvadıdır. Hz. Yusuf, qardaşlarının özünə qurduğu bir tələ nəticəsində, bir kölə taciri tərəfindən bu Misirli Əzizə satılmışdır. Allah Quranda Əziz ilə arvadının, Hz. Yusufu yanlarına almalarını belə xəbər verməkdədir:
Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir.(Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (Yusuf Surəsi, 21-22)
Allah, Hz. Yusufu Əzizin yanına yerləşdirmiş və beləliklə onu Misirdə məskun etmişdir. Hz. Yusuf, Əziz və arvadının yanında böyümüş, yetkinlik çağına çatdığında isə, Allah ona Qatından bir elm və hikmət vermiş, sözlərin şərhini öyrətmiş, onu seçmiş və rəhmətiylə dəstəkləmişdir.
Allah, həyatının bu dövründə Hz. Yusufu əhəmiyyətli bir sınaqdan keçirmişdir. Əzizin arvadı, yanlarında qallan Hz. Yusufdan ayədə bildirilən ifadəylə "murad almaq istəmiş" və bu istəyini reallaşdıra bilmək üçün bir hiylə quraraq, onu tələyə salmağa çalışmışdır. Bunun üçün olduğu yerin qapılarını möhkəmcə bağlamış və Hz. Yusufa istəklərini bildirmişdir. Hz. Yusuf isə, haram bir iş görməkdən Allaha sığındığını söyləyərək qadından üz çevirmişdir.
Hz. Yusuf, qadının bu hərəkətindən imtina etməsi üçün ona Əzizin vəziyyətini xatırlatmış, onun özünün əfəndisi olduğunu, onu məmnun etdiyini və yaxşı baxdığını söyləyərək, əfəndisinə qarşı bir sədaqətsizlik etməyəcəyini ifadə etmişdir. Hz. Yusuf qadına həmçinin zalımların qurtuluşa çata bilməyəcəyini də söyləyərək, bunun zalım bir davranış olacağını xatırlatmışdır. Allah, Quranda Əzizin arvadının bu cəhdini və Hz. Yusufun ixlaslı rəftarını belə xəbər verməkdədir:
Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi. (Yusuf Surəsi, 23)
Allahdan qorxan və səmimi iman sahibi olan Hz. Yusuf, Allahın köməyiylə Əzizin arvadının bu təklifini rədd etmiş və Allahın sərhədlərini qorumaqda dözümlülük göstərmişdir. Allah, Hz. Yusufun bu rəftarını Quranda belə bildirmişdir:
(Qadın) ona meyl etmişdi. Əgər (Yusuf) Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır. (Yusuf Surəsi, 24)
Hz. Yusuf bu dözümlülüyünə görə qadından uzaqlaşmağa çalışarkən qadının əriylə qarşılaşmışdır. Əzizin arvadı bu anda bir daha hiylə etmiş və Hz. Yusufun iffətli və ixlaslı rəftarına baxmayaraq, özünü təmizə çıxara bilmək üçün, Hz. Yusufa böhtan atmışdır. Hz. Yusufun özünə pis niyyətlə yaxınlaşdığını söyləyərək, Əzizdən onun cəzalandırılmasını istəmişdir. Zindana atılmasından ya da ağrılı bir əzabla əzablandırılmasından başqa bir variant olmadığını qarşıya qoyaraq, günahsızlığına şahid olduğu Hz Yusufun cəzalandırılması üçün Əzizi inandırmağa çalışmışdır. Allah Quranda bu hadisəni belə bildirir:
Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” (Yusuf Surəsi, 25)
Əzizə sədaqətsizlik edərək, haram bir hərəkətə yanaşmaq istəməsi, ardından da günahsız olduğunu çox yaxşı bildiyi halda yalan danışaraq Hz. Yusufa böhtan atması, Əzizin arvadının Allah qorxusundan məhrum və zalım bir xarakterə sahib olduğunu açıq bir şəkildə ortaya qoymaqdadır. Bütün bunlar eyni zamanda nəfsinin vicdanını necə örtdüyünü də göstərməkdədir.
Hz. Yusuf, qadının bu vicdansız böhtanları qarşısında
"Onun özü məndən murad almaq istədi." (Yusuf Surəsi, 26)
deyərək, Əzizə hadisənin doğrusunu söyləmişdir. Qadının yaxınlarından biri isə kimin doğru söylədiyinin aydın ola bilməsi üçün belə bir təklif etmişdir:
(Yusuf) dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. (Qadının) ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, (qadın) doğru deyir, o isə yalançılardandır.Yox əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır”. (Yusuf Surəsi, 26-27)
Qadının bu mövzunu xatırlatması nəticəsində isə, Hz. Yusufun köynəyinin arxadan cırılmış olduğu görünmüşdür. Bu səbəbdən Hz. Yusufun qapıya doğru yönəldiyi, qadının isə onun arxasından qaçdığı dəliliylə birlikdə ortaya çıxmışdır. Beləliklə, Hz. Yusufun günahsızlığını, arvadının ondan murad almağa çalışdığını, Əzizin özü də açıqca anlamışdır. Allah Quranda Əzizin bu mövzudakı sözlərini belə bildirmişdir:
(Qadının əri) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.Yusuf, sən bundan (bu işi açıb danışmaqdan) vaz keç! Sən də (ey arvad), günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”. (Yusuf Surəsi, 28-29)
Ayələrdən də aydın olduğu kimi, Əziz, Hz. Yusufun haqlı olduğunu vicdani olaraq anlamışdır. Ancaq bu mövzu burada bağlanmamışdır. Allahın
“Şəhərdəki qadınlar dedilər: “Əzizin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”. (Yusuf Surəsi, 30)
ayəsiylə bildirdiyi kimi, bu hadisə şəhərdə qadınlar arasında yayılmışdır. Şəhərdəki qadınlar, günahkar olanın Hz. Yusuf deyil , Əzizin arvadı olduğunu anlamış və öz aralarında vəzirin arvadını qınamışdılar. Əzizin arvadı isə, özü haqqında danışıldığını anladığında, bunu edən qadınlara da bir hiylə hazırlamışdır.
Qurduğu bu hiylə ilə, Allahın ayələrdə diqqət çəkdiyi kimi, özünün, üstün bir gözəlliyə sahib olan Hz. Yusufdan murad almaq istəməkdəki haqlılığını qadınlara sübut etməyə çalışmışdır. Bu şəkildə, onları da öz mövqesinə salmaq və öz günahına ortaq etmək istəmişdir.Qadınları yanına dəvət etmiş və gəldiklərində də hər birinin əlinə meyvə soymaları üçün bir bıçaq vermişdir. Ardından da Hz. Yusufu yanlarına çağıraraq verəcəkləri reaksiyanı görmək istəmişdir. Qadınlar Hz. Yusufun gözəlliyini gördüklərində böyük bir qarışıqlığa düşmüş və heyranlıqlarından bıçaqlarla əllərini kəsmişlər. Allah Quranda qadınların bu vəziyyətini belə bildirməkdədir:
Qadın onların dedi-qodularından xəbər tutduqda (qonaqlığa gəlmək üçün) onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə bir bıçaq verdi və (Yusufa): “Onların qarşısına çıx!”– dedi. (Qadınlar) (Yusufu) gördükdə onu o qədər təriflədilər ki, (unudub meyvə əvəzinə) öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir! (Yusuf Surəsi, 31)
Hz. Yusufun gözəlliyi bu qadınlara Allahı xatırlatmış və onlar da bu fövqəladə gözəllik qarşısında Allahı təsbeh etmişlər. Onun gözəlliyini fövqəlinsan bir gözəllik olaraq şərh etmiş və hətta mələk olduğunu da iddia etmişlər.
Əzizin arvadı, Allahın
"(Qadın) dedi: “Barəsində məni qınadığınız (oğlan) bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”. (Yusuf Surəsi, 32)
ayəsiylə bildirdiyi kimi, yanındakı qadınlara özünün günahkar olduğunu, Hz. Yusufun isə iffətini qorumaq istədiyini açıq olaraq etiraf etmişdir. Ancaq bununla bərabər qadınların qarşısında, Hz. Yusufa qarşı olan çirkin təklifini bir daha təkrarlamışdır.
Göstərdiyi bu münasibət, qadının nə qədər zalım və çirkin bir əxlaq sahibi olduğunu bir daha ortaya qoymaqdadır. Qadın bəlkə Misirdəki mövqeyinə və zənginliyinə güvənərək Hz. Yusufu harama girməyə məcbur etməkdədir. Bu son dərəcə iffətsiz bir təklifdir. Hz. Yusuf isə,
"... Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”. (Yusuf Surəsi, 33)
deyərək, qadının bu davranışından Allaha sığınmışdır.
Allah Yusuf Peyğəmbərin duasını qəbul etmiş və onların hiyləli nizamlarını özündən uzaqlaşdırmışdır.
Həm Əzizin özü, həm də arvadının təklifinə şahid olan digər qadınlar, Hz. Yusufun günahsızlığına çox açıq bir şəkildə şahid olduqları halda, bu mövzuda haqqa uyğun davranış göstərməmiş və vicdansızca hərəkət etmişlər. Bunun nəticəsində, Allahın
"(Bu qədər) dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. (Yusuf Surəsi, 35)
ayəsiylə bildirdiyi kimi, Hz. Yusuf zindana atılmış və neçə illər orada qalmışdır. Allah, qadınların hiyləsini peyğəmbərdən uzaqlaşdırmış və Özünə qarşı göstərdiyi ixlas və səmimiyyət səbəbiylə də, daha sonra Hz. Yusufu zindandan çıxararaq, günahsızlığını insanlara göstərmiş və onu Misirə idarəçi etmişdir.
Bütün bu hadisələrin düşünülməsi və ibrət götürülməsi lazım olan bir çox cəhəti vardır. Əzizin arvadının və digər qadınların hərəkətləri, Allahdan qorxmayan insanların azğınlıqda nə qədər qərarlı və çirkin bir cəsarətə sahib ola bildiklərini və necə hiylələr qura bildiklərini açıq-aydın ortaya qoymaqdadır. Allah qorxusu olmayan bir insan, asanlıqla hər cür vicdansızlıq edə bilməkdə, nəfsinin istəkləri üçün insanlara tələ qurmaqda, böhtan atmaqda tərəddüd etməməkdədir. Allahın ayədə, Əzizin “Şübhəsiz ki, bu sizin (qadın) hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür.”sözüylə diqqət çəkdiyi kimi, Allah qorxusu olmadığında, “hiylə qurmaq” qadın əxlaqında rahatlıqla yer ala bilir. Allah, iman sahibi olmayan qadınların nəfsindəki bu xüsusiyyətə Quranın bəzi ayələrində belə diqqət çəkmişdir:
İpliyini möhkəm əyirdikdən sonra (onu) açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan (sayca və malca) daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə mütləq bildirəcəkdir. (Nəhl Surəsi, 92)
De: “Sığınıram sübhün Rəbbinə!Məxluqatının şərindən,çökən zülmətin şərindən,düyünlərə üfürən (cadugər) qadınların şərindən. (Fələq Surəsi, 1-4)
Allah, tələ quraraq, hiyləyə və pisliyə müraciət edərək nəfsin istəkləri üçün başqalarına pislik etməkdən çəkinməyən insanların şərrindən çəkinilməsini xatırlatmaqdadır. Allahın bu ayəsi, bu əxlaqı mənimsəyən qadınların şərrinin həqiqətən böyük ola bildiyini göstərməkdədir.
Ancaq unudulmamalıdır ki, Hz. Yusuf nümunəsində olduğu kimi, Allah insanların hiylələrini daim pozacağını bildirməkdədir. Pis əxlaq, daim insanın özünə zərər verər. Allah qorxusu və dürüstlük isə, -Allahın diləməsiylə- daim Allahın köməyi və neməti ilə qarşılıq tapar.