1813 –cü il tarixində Gümüşxanədə doğulmuşdur. 10 yaşında Trabzona gələrək alimlərdən dərs almağa başlamışdır. Böyük qardaşının əsgərliyə getməsi ilə əlaqədar bir müddət atası ilə birlikdə ticarətlə məşğul olmuş, ailəsinin qarşı çıxmasına baxmayaraq, 1831-ci ildə İstanbula köçərək təhsilinə orada davam etdirmişdir. Dövrün bir çox öndərləri onun söhbətlərindən təsirlənərək həyatını dəyişdirmişdi. Bu öndərlər arasında Sultan II Əbdülhəmid Xan da var idi.
Ömrünün 28 ilini kitab işlərinə ayıran Gümüşxanəvi 16 il şəxsən təbliğatçılıq fəaliyyətində olmuşdur. Sayları bir milyonu aşan tələbələrinin şəxsi sərvətlərini bir yerə toplayaraq ortaq bir "köməkləşmə və sərmayə fondu" qurdurmuşdur. Bu sərmayələr sayəsində bir mətbəə, nəşriyyat, içində 18.000 kitabın var olduğu 4 ayrı kitabxana və müxtəlif vəqflər qurdurmuşdur.
Sünnəyi-səniyyəyə böyük əhəmiyyət verən Gümüşxanəvi davamlı olaraq tələbələrinə hədislər mövzusunda dərslər vermişdir.
Gümüşxanəvi dövrünün ən qabaqcıl İslam alimi olaraq qəbul edilmişdir. Ölkə səviyyəsində kitabxanalar qurduraraq və təhsil fəaliyyətinə şəxsən özü qatılaraq müsəlmanların irəliləyə bilməsi üçün əlindən gələn bütün səyləri göstərmişdir. 93-cü il müharibəsi olaraq tanınan 1877-78-ci il Osmanlı-Rus müharibəsində cəbhədə döyüşmüş və əsgərlərimizə mənəvi dəstək vermişdir.
1880-ci ildə Misir səyahətindən qayıtdıqdan sonra Gümüşxanəvi dərgahını xəlifəsi Həsən Hilmi Əfəndiyə buraxaraq sadəcə cümə söhbətlərinə qatılmışdır. 13 may 1893-cü ildə yay aylarını çadır quraraq keçirdiyi Beykozdakı Yuşa təpəsində vəfat etmişdir.
Gümüşxanəvinin söylədiyi sözlərdən bəziləri bunlardır:
- Məhəbbətin dörd növü vardır: Allahı sevmək, Allahın sevdiklərini sevmək, Allah üçün sevmək, Allahla birlikdə sevə bilmək.
- Eşq, bütün hiss, iradə və düşüncələrdən sıyrılaraq, tək Allaha böyük bir şövqlə yönəlmək, mal, övlad, dünya və hər cür əlaqədən qoparaq, Xaliqə həsrət hissi ilə yanaşmaqdır.
- Günahlardan qurtuluşun ən sürətli yolu, məhəbbətullah və cəmalullaha eşq və şövq ilə bağlanmaqdır. Bu isə çox ibadət etmək, tövbə etmək, ölümü və cəhənnəm atəşini çox düşünmək, gecələrini ibadətlə canlandırmaq, məxluqata şəfqət göstərmək, hüsnü zənn bəsləmək, şəhvət, kin və pis fikirlərə qarşı səbir etməklə əldə edilər.
- Sağa-sola baxmaq ürəyin gücünü necə parçalayıb zəiflədirsə, gözləri bağlamaq da, əksinə qüvvət və rahatlıq verər.
- Kim ki, gözünü haramdan çəkər, nəfsini şəhvətdən qoruyar və halal ruzi ilə bəslənsə fərasətində yanılmaz. Lakin fərasət, bədəndə nəfsin hakimiyyəti ilə deyil, Cənabı Haqqın nuru ilə baxa bilmə xüsusiyyətini qazanmaqla əldə edilən bir xüsusiyyətdir.
- Təməl əsas xidmətdir. İnsan xidmət etdikcə hikmətə nail olar, izzət tapar və səadətə çatar.
Gümüşxanəvinin əsərlərindən bəziləri:
- "Camiul Üsul", "Ruhul-arifin", "Mecmuatül-ahzab", "Kitabül-arifin fi sirri esmail-erbain", "Məktub".