Sosial mediadan istifadənin yayılması ilə cəmiyyətin müəyyən hissəsində yeni problem gündəmə gəldi. İnsanlar bir-birinə olan məhəbbəti, mərhəməti, yardımlaşmağı, gözəllikləri, Allaha şükür etməyi xatırlatdıqda çox gözəl şərait ola biləcək sosial media, bir çox insan üçün münaqişə və mübahisə meydanına çevrildi. Bir cümləlik paylaşım, bir dəqiqəlik video material, bir şəkil üzərindən ağlasığmaz təbliğatın aparıldığı sosial medianı bəzi dairələr şüurlu olaraq kütlələri provokasiya etmək üçün istifadə edirlər. Kiçik bir araşdırma nəticəsində yalan olduğu asanlıqla başa düşülə bilən məlumatlar qısa müddət ərzində minlərlə insana çatır. Bu məlumatlarla birlikdə təqdim edilən fitnəkar, istiqamətverici açıqlamalar təxmin ediləndən daha qısa bir müddət ərzində qəzəb və nifrət selinə çevrilir. Məsələn, hər hansı bir təbii fəlakət zamanı və ya münaqişə sahəsində çəkilmiş fotoşəkil, altına yazılmış iki sətirlik yanlış məlumatla insanların paylaşması üçün təqdim olunur və insanların vətənpərvərlik hissi təhrik edilərək nifrət hissləri qabardılır. Bir müddət sonra bu məlumatın yanlışlığı ifadə edilib həqiqət ortaya çıxsa belə artıq on minlərlə insana çatmış yalanları bərpa etmək hər zaman mümkün olmur.
Bəs necə olur ki, insanlar araşdırmağa ehtiyac duymadan, hər eşitdiklərinə inanıb bu qədər tez təsirlənə bilirlər? Bunun iki əsas səbəbi var.
Birincisi, xüsusilə yeni yetişən nəslin qarşılaşdığı hər hansı bir hadisəni hərtərəfli dəyərləndirmə xüsusiyyətlərini tam inkişaf etdirə bilməmələridir. İnternetdə özlərinə təqdim olunan həyat tərzindən kənara çıxmayan bu gənclərin duyğularını və fikirlərini ifadə etmə formaları, zarafatları, tənqidləri və hətta qəzəbləri belə müəyyən qəliblər daxilindədir. Söz bazaları çox məhdud olan bu gənclər çox vaxt əzbərlənmiş cümlələrdən başqa bir cümlə qura bilmirlər. Bəyəndikləri bir şey olduqda bir-iki sözdən başqa rəğbətlərini ifadə edə bilmirlər. Tənqid edəcəkləri bir şey olduqda yenə öyrəndikləri qəlib cümlələri qururlar. Çox ağıllı təsbitlər edib qarşıdakını məğlub etdiklərini zənn edərkən də əslində yenə eyni qəliblərdən kənara çıxa bilmirlər. Halbuki bəzən oxşarlıqlar olsa belə hər bir insanın hər hadisə qarşısında hissləri eyni deyil. Gözəl mənzərə qarşısında hər bir insanın aldığı zövq ayrı olduğu kimi, hisslərini ifadə etmə forması da fərqlidir. Ya da vətənpərvərlik duyğusuna təşviq edən bir vəziyyətlə qarşılaşdıqda buna qarşı verəcəyi reaksiya da öz ağlı və vicdanı nisbətindədir. Milyonlarla insanın gördüyü hər gözəllik, ya da hər narahatedici şey qarşısında eyni sözləri işlətməsi normal deyil. Xüsusilə gənclərin özlərini məhkum etdikləri bu dar dünyagörüşü asan idarə edilmələrinin də qapısını açır.
Digər bir səbəb isə insanların böyük hissəsinin ağıllı, sevgiyə əsaslanan, anlayışı əsas alan dəyərləndirmə etmək əvəzinə qəzəblərinə məğlub olmalarıdır. Hər bir insan səhv edə bilər, yaxşı olmayan bəzi xüsusiyyətlərə malik ola, ya da yerində olmayan bir qərar verər bilər. Bu səhvlərin insanda və cəmiyyətdə təxribata səbəb olmaması üçün əsas şərt səbirli olmaq və anlayışla yanaşmaqdır. Belə ki, insanların çoxu səhv etdikdə qarşı tərəfdən görmək istədikləri anlayışı və əfvediciliyi digər insanlara göstərmək məsələsində o qədər də istəkli deyillər. Hətta tam əksinə cəmiyyətin bəzi təbəqələrində "yıxılanı vurmaq" kimi də xarakterizə edilən olduqca amansız olmaq çox vaxt məqbul qarşılanır. Bir nəfərin səhvi varsa, bunu düzəltməsi üçün ona yardım etmək, doğrunu göstərmək və şəfqətlə yanaşmaq əvəzinə o insanı zəiflətmək, əzmək, hətta tamamilə yox etmək daha asan görünür. İman, ağıl və vicdanla dəyərləndirilmədikdə adi görünən bu vəziyyət əslində ciddi anormallıqdır və bir çox dəyərin korlanmasına səbəb olur.
Bu dəyərlərin ən mühümlərindən biri də cəmiyyətdə birlik və bərabərlik ruhudur. Anlayışı, səbiri, şəfqəti, sevgini gözardı edən cəmiyyətlərdə düşmənçilik ruhu tez yayılır. İnsanlar qonşusu, dostu, yaxını da olsa fərqli fikirlərə malik insanlarla düşmən olurlar. Fərqli partiyaya səs verməsi, fərqli siyasi baxışa sahib olması, fərqli həyat tərzlərinin olması, hətta fərqli komandaları dəstəkləməsi belə insanlar arasında düşmənçilik üçün yetərli olur. Bir cəmiyyətdə düşmənçilik hissi yayıldıqda həmin ölkənin maddi-mənəvi parçalanması da asanlaşır.
Qısası sevgidən və mərhəmətdən, ağıllı düşünməkdən uzaqlaşan bir cəmiyyətin sonu ürəkaçan olmaz. Belə bir cəmiyyətdə xoşbəxt, dinc insanların varlığından bəhs etmək də mümkün olmaz. Elə bu səbəbdən sosial medianın necə istifadə edildiyi istər insanların ruh sağlamlığı, istərsə də ictimai quruluş baxımından çox əhəmiyyətlidir.
İnsanlar nə qədər incidici, nə qədər kobud, nə qədər qəzəbli və kinli olarlarsa, o qədər təqdir görərlər məntiqi yox, nə qədər mərhəmətli, anlayışlı, səbirli, bağışlayan olarlarsa, təqdir görəcəkləri sistem inkişaf etdirilməlidir. Bunun üçün bir sözlə belə olsa sevginin gözəlliyini, mərhəmətin və bağışlamağın gətirdiyi gözəllikləri və incəlikləri görməyin əhəmiyyətini, təvəkkül və ağıllı olmağın verdiyi rahatlığı israrla anlatmaq və gündəmdə saxlamaq lazımdır. O zaman sosial media münaqişə və nifrət arenası deyil, dostluq və məhəbbət məkanı olacaq.