Bir həşərat uçarkən saniyədə təxminən bir neçə yüz dəfə qanad çırpır. Hətta saniyədə 600 dəfə qanad çırpan həşəratlar da var. Bir saniyədə bu qədər hərəkət, üstəlik, fövqəladə həssaslıq bu dizaynın texnoloji cəhətdən təqlidini qeyri-mümkün edir.
Kaliforniya Universitetinin biologiya professoru Maykl Dikinson və əməkdaşlarının meyvə milçəklərinin uçma texnikasını öyrənmək üçün düzəltdikləri robot meyvə milçəklərindən 100 dəfə böyük olmasına baxmayaraq, ondan min dəfə az sürətlə qanad çırpa bilir. Hər beş saniyədə bir qanadını hərəkət etdirən robot milçək bu hərəkəti etmək üçün 6 müxtəlif mühərrikdən yardım alır.
Elm adamları illərdir ki, həşəratların qanad çırpma xüsusiyyətlərini müəyyən etmək üçün müxtəlif təcrübələr aparırlar. Bunlardan biri də Kaliforniya Universitesinin bioloqu prof. Maykl Dikinsonun meyvə milçəkləri üzərində apardığı təcrübələrdir. Bu təcrübələr nəticəsində Dikinson milçək qanadlarının çox kompleks aerodinamik texnikadan faydalandığını müəyyən etmişdir. Bundan başqa, qanadlar hər çırpmada istiqamətini dəyişir: aşağı hərəkət edən qanadda üst hissə yuxarı baxarkən, yuxarı hərəkət edəndə qanad dönərək qanadın alt hissəsi yuxarı baxır. Bu kompleks uçuş texnikasını analiz etməyə çalışan elm adamları təyyarə qanadları üçün istifadə edilən klassik aerodinamikanın qeyri-kafi olduğunu bildirirlər.
Meyvə milçəkləri uçmaq üçün birdən çox aerodinamik xüsusiyyətdən faydalanırlar. Məsələn, qanadlar bir vuruş meydana gətirəndə arxasında girdablı, qarışıq hava dalğası buraxır. Qanad geri dönərkən bunu kilvater kimi dalğanın içindən keçirərək, bundan əvvəl itirdiyi enerjinin bir qismini yenidən bərpa edir. Saniyədə 200 dəfə qanad çırpan 2,5 millimetrlik meyvə milçəklərinin və digər həşəratların uçma əzələləri ən güclü əzələlər kimi xarakterizə edilir.
Bundan əlavə, qanadlarla bərabər iti gözlər, tarazlıq üçün istifadə edilən kiçik arxa qanadlar və s. kimi daha bir çox detal da həşəratların dizaynlarındakı mükəmməlliyi artırır.
Qeyd etmək lazımdır ki, həşəratlar milyonlarla ildir ki, bu aerodinamik qaydalardan faydalanaraq ucurlar. Hal-hazırda inkişaf etmiş texnologiyalardan istifadə edən elm adamları həşəratların uçma texnikalarını tam olaraq açıqlaya bilmirlər. Bu da yaradılışın açıq-aşkar dəlillərindən biridir. Allah hikmətlə baxanlar üçün kiçik bir həşəratda da ağlının və elminin bənzərsizliyini nümayiş etdirir. Bir ayədə Allah buna belə diqqət çəkir:
Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)
Bir böcəkdən ilham almaq
Milçəklər müasir təyyarələrdən daha üstün uçuş sisteminə sahibdirlər. Belə ki, mühəndislər milçək kimi uça bilən miniatür təyyarələr düzəltməyi arzulayır. Məsələn, Marsa uçarkən planetə enə bilən və manevr qabiliyyətinə sahib olan robotların üzərinə böyük vəzifə düşür. Robotlara tətbiq ediləcək xüsusiyyət arasında birinci yeri kəpənəklər tutur. NASA və Georgia Tech təşkilatının elm adamları Marsın səthinə enə bilən və burada hərəkət edə bilən robotlar hazırlayırlar. Həşəratlardan ilham alaraq düzəldilən robotları “entomopter” adlandırırlar. (www.spacedaily.com/news/ mars-plane-01a.html)
Hal-hazırda 15 santimetrdən kiçik qanadı olan təyyarə istehsal etmək mümkün deyil.
Çünki bundan daha kiçik qanadların qaldırma qüvvəsi olmur. Milçəklər isə daha kiçik qanadlarla mükəmməl uça bilirlər. Milçəklərlə təyyarələrin qanadlarının təmin etdiyi qaldırma qüvvəsi müqayisə edildikdə milçəklərin təyyarələrdən 10 qat daha üstün olduğu ortaya çıxmışdır. (Harun Yəhya, Biomimetika)
15 santimetrlik təyyarələrə mini kamera yerləşdirilərək 100 metr yüksəklikdən uçurulur və onlardan casusluq məqsədilə istifadə edilir. ABŞ-ın Kaliforniya ştatında qurulan Aerovironment şirkəti illərdir bu təyyarələri istehsal edir. Proyektin lideri Matt Keennon milçək kimi havada qalan, ani manevrlər edən, şaquli səthlərə qoyulan və uzaqdan idarə olunan bir robot-milçək istehsal etmək istəyir. Ancaq müasir texnologiya milçəkləri bu mənada təqlid edə bilmir. Milçəyin uçuşunun təqlid edilməyəcək dərəcədə kompleks olması, kiçik canlının etdiyi hərəkətləri insanın təqlid etməsi də Allahın iznilə mümkündür. Allah Quranda milçəklərin yaradılış möcüzəsini bu şəkildə xəbər verir:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)