Türkiyə son iki ildə həm daxili, həm də xarici siyasətdə çox fəal dövrlər keçirmişdir. Suriyada aparılan “Fərat Qalxanı” əməliyyatı, PKK ilə mübarizədə əldə edilən müvəffəqiyyətlər və “15 iyul” dövlət çevrilişinə cəhddən sonra başlayan qeyri-adi dövr… Bütün bu baş verənlər qısa müddətdə həm Türkiyədə, həm də digər ölkələrin Türkiyəyə münasibətində böyük dəyişikliyə səbəb oldu. Rusiya ilə münasibətlərdə mühüm irəliləyişlər əldə edilsə də, Suriyadakı terror təşkilatı olan PYD/PKK-ya ABŞ-ın yardım etməsi ABŞ ilə münasibətlərə nisbətən mənfi təsir göstərdi. Bu, Türkiyənin Avropa İttifaqı ilə olan münasibətlərini də dəyişdirdi.
Avropa İttifaqı ilə münasibətlərdə yaranan problemlər təkcə Türkiyənin siyasəti ilə bağlı deyil. Avropa Parlamentində son dövrlər sayca artan ifrat sağ liderlər həm əcnəbilər, həm də müsəlmanlar əleyhinə aparılan təbliğatda əsas rol oynayırlar. Lakin irqçilik, eləcə də əcnəbi düşmənçiliyi birləşdirici fəaliyyət həyata keçirməsi gözlənilən Avropa İttifaqının əsas dəyərlərinə ziddir.
Aprel ayında Avropa Şurası Parlament Assambleyasında keçirilən səsvermə nəticəsində Türkiyə barədə bir qərar qəbul edildi. Bu qərar Türkiyə və Avropa İttifaqı arasında əlaqələrin son vəziyyətini əks etdirirdi. Qərara əsasən, Türkiyə Avropa Komissiyası tərəfindən siyasi nəzarət altına alınmalıdır. Bu siyasi nəzarət Sovet hökümətinin dağılmasından sonra kommunist partiyaların hakimiyyəti altındakı Şərqi Avropa ölkələrinin Qərbi Avropanın demokratik dəyərlərinə uyğunlaşdırılması məqsədi ilə edilmişdir. Türkiyədə isə kommunist idarəetmə sistemi yox idi. Sadəcə Yaxın Şərqə yaxın olan müsəlman ölkəsi olduğuna görə nəzarət ediləcək ölkələr siyahısına əlavə edilmişdi. Daha sonra “Ədalət və İnkişaf” partiyası hökümətinin həyata keçirdiyi bir sıra islahatlar nəticəsində Türkiyə bu siyahıdan çıxarılmışdı. Bu islahatlar arasında ən önəmlisi isə ölüm cəzasının ləğv edilməsi idi. Türkiyə yeganə ölkədir ki, 2004-cü ildə nəzarət altındakı ölkələr siyahısından çıxarılmasına baxmayaraq, yenidən o siyahıya əlavə edildi.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa İttifaqının orqanı deyildir. Lakin qəbul edilən qərar Avropa İttifaqının Türkiyəyə olan münasibətini vurğulayırdı. Əlbəttə ki, Avropa İttifaqı bir müddətdir Türkiyədə baş verən hadisələri lazımi qədər dəyərləndirə və bunun əsasında ədalətli qərar verə bilməz. Çünki Avropa Türkiyə kimi nə daxildə qruplaşmış dəstələrin çevriliş cəhdinə məruz qalıb, nə PKK bəlası ilə üz-üzədir, nə də sərhəddə bitməyən müharibələrlə. Buna görə də nəzarət altına alınacaq ölkələri öz normalarına əsasən qəbul edən Avropa İttifaqının Türkiyə ilə bağlı məsələləri düzgün dəyərləndirməsi çox çətindir.
Avropa İttifaqının təktərəfliliyi, Avropada son həddə çatan islamofobiya və ksenofobiya Avropanın dərhal həll etməli olduğu məsələlərdir. Lakin Türkiyə qəbul edilən bu qərarı mütləq öz lehinə çevirməlidir. Unutmayaq ki, Türkiyənin illər əvvəl Avropa İttifaqına üzvlük tələbi göndərməsinin səbəbi demokratiya və insan hüquqlarının təmin edilməsinin ən yüksək səviyyəyə çatdırılması idi. Türkiyə bu tələbdən sonra həyata keçirdiyi bir sıra islahatlarla insan hüquqları ilə bağlı mühüm addımlar atmışdır. Bunlar da, əslində, Türkiyənin ehtiyacı olan addımlardır.
Avropa qadın hüquqlarının qorunduğu, qadınların təzyiqə məruz qalmadığı, elmin, sənətin, estetikanın və keyfiyyətin əsas götürüldüyü modeli seçmişdir. Bunlar hazırda müsəlman ölkələrində ən ehtiyac duyulan məsələlərdir. Çünki bəzi müsəlman ölkələri uzun müddət xurafat düşüncələrin təsiri altında qalmış, bu səbəbdən sənət, demokratiya, insan azadlıqları, qadın hüquqları kimi məsələlərdə inkişafdan geri qalmışdır. Bu cür vəziyyət isə həmin ölkələrdə xoşbəxt və yaradıcı cəmiyyətin formalaşmasına mane olur. Sənət gözəllikdir, insanın ruhunu zənginləşdirir, sevinc, xoşbəxtlik verir, bədbinliyi yox edir. Sənətdən, estetikadan, keyfiyyətdən uzaq olan insanlar asanlıqla bədbinliyə qapılır, tez sıxılır, sevgiyə qarşı laqeyd olur və ruhən zənginliklərini itirirlər. Buna görə də Avropa İttifaqının ön planda tutduğu sənət, estetika və keyfiyyət anlayışı ən vacib məsələ olaraq dəyərləndirilməlidir.
Demokratiya yalnız Avropanın deyil, əslində, İslamın tövsiyə etdiyi modeldir. Dində məcburiyyətə icazə verməyən dinimiz demokratiyanı ən mükəmməl şəkildə təsvir etmişdir. Buna görə də əsil demokratik cəmiyyətlər İslam ölkələri olmalıdır. Türkiyə demokratiya yolunda inamla irəliləyir. Bunu Avropadan da üstün demokratiya formalaşdıraraq tam həyata keçirə bilər.
Adnan Oktarın “Gulf Times” , “Eurasia Review” və "Riyadh Vision"-da yayımlanan məqaləsi:
http://www.eurasiareview.com/09052017-turkey-under-european-observation-oped/