Müdir Və Direktor Xarakteri
ucgen

Müdir Və Direktor Xarakteri

1787

Din əxlaqından uzaq cəmiyyətlərdə bir iş yerində bir-birindən fərqli bir çox xarakterə rast gəlmək mümkündür. Bu xarakterlərin hər biri həmin iş yerində özlərinə verilən mövqenin təsirində qalmışdırlar. Hər birinin yerinə yetirdiyi məsuliyyətlər, aldıqları əmək haqqı və digər işçilərə görə mövqeləri bu xarakterləri formalaşdırır. Bu şərtlərin təsiri altında yaranan xarakterlərdən biri də "direktor xarakteri"dir. Bu xarakteri daşıyan kəslərin öz aralarında çox normal qarşıladıqları, amma əslində olduqca səhv bir məntiqin məhsulu olan bir xüsusiyyətləri vardır; vəziyyətə görə dəyişib formalaşan iki xarakteri eyni anda yaşayarlar. Bunlardan biri iş yerində özlərindən mövqe və vəzifə etibarilə yuxarı olan kəslərə, digəri isə aşağı kadrlarda çalışan kəslərə göstərdikləri xarakterdir.

Cahil cəmiyyətdəki bu əxlaqa sahib kəslər müdirlərinin yanında olduqca məzlum bir xarakterə bürünərlər. Onlara həmişə olduqca ehtiram göstərər, hətta bəzən qabaqlarında "ikiqat əyilərlər". İstənilən hər şeyi dərhal yerinə yetirər və ən kiçik bir səhvə yol verməməyə olduqca etina edərlər. Müdirlərinin özlərinə hər cür söz deməyə, lazım gəlsə danlayıb tərsləməyə haqqı çatar. Müdirin bu rəftarları xətirlərinə dəyməz və bunun müdirlərinin haqqı olduğunu düşünərlər. Bütün gücləriylə özlərini bəyəndirməyə və onların gözünə girməyə çalışırlar. Hətta onların "gözünə girə bilmək" üçün öz işindən kənar başqa ağır işlərini belə görərlər. Bütün bu fədakar rəftarların səbəbi isə çox aydındır; onlara maaşlarını verən və iş yerinin bütün hüquq və səlahiyyətlərini əlində saxlayan adam, müdirləridir, bu səbəbdən də müdirlərin bütün mənfəətləri yenə bu kəslərin əlindədir. Onların dəstəyini və sevgisini qazanmaq, müdirlərin kariyeraları və gələcəkləri baxımından olduqca əhəmiyyətlidir. Bu səbəblə də bu əxlaqdakı kəslər şəxsiyyətlərindən və qürurlarından bəhsi keçən mövzuda güzəştə getməkdən çəkinmirlər.

Yenə burada əhəmiyyətli bir ayrı-seçkiliyi ifadə etməkdə fayda vardır: İnsanların özlərindən vəzifə və ya yaş etibarilə üstün olan birinə ehtiram göstərmələri, hörmət göstərmələri, əmrlərini yerinə yetirmələri, əlbəttə ki, gözəl bir davranışdır. Ancaq bu kəslərin bunu edərkən Allahın rizasını axtarmaları və qarşı tərəfi təmin edə biləcəyi maddi mənfəətlər istiqamətində deyil, onun əxlaqı istiqamətində qiymətləndirməlidirlər.

Halbuki cahil cəmiyyətdə insanlar qarşılarındakı şəxsləri bu cür meyarlar əsasında qiymətləndirməzlər. Maddi zənginliyi olan bir insan əxlaqi cəhətdən olduqca zəif olsa belə, ona dərin bir hörmət bəsləyərlər. Buna qarşılıq özlərinə bağlı olaraq işləyən kəsləri əxlaqlarını heç qiymətləndirmədən əzməyə çalışırlar. Çünki burada da meyarları Allahın rizası deyildir. Cahilliyin səhv məntiqinə görə özləri o insanlardan vəzifə etibarilə və maddi cəhətdən üstündürlər, buna görə də onlara hər cür pis rəftar göstərmə haqqına sahibdirlər. Artıq müdirinin qarşısındakı o əzik insan getmiş yerinə qürurlu, özünə həddindən artıq arxayın olan, "dediyim dedik" bir rəhbər gəlmişdir. Tabeliyindəki kəslərə qarşı olduqca qatı, prinsip sahibi və güzəştə getməyən biridir. Ətrafa əmrlər yağdırar, hər hansı bir çatışmazlıq olduqda isə, əlaqədar adamı hər kəsin ortasında danlamaqdan çəkinməz. Çünki bu kəslərdən heç bir mənfəət əldə etmir. Həmçinin müdirlərinin öz üzərlərində təmin etdikləri qürurlarını onlar da özlərindən aşağı səviyyədə işləyən kəslər üzərində tətbiq etmək istəyərlər. Beləcə şəxsiyyət əldə etdiklərini və müdirlərinin yanında büründükləri əzik şəxsiyyətdən xilas olduqlarını düşünərlər.

Bu iki xarakter arasındakı ziddlik iş yerinin bütün işçiləri və cahil cəmiyyət tərəfindən olduqca normal qarşılanır. Çünki sistemin belə işlədiyi düşünülər. Bu batil sistemə görə şirkətin sahibi müdirlərə, müdirləri katiblərə, katibləri də xadiməyə, ya da idarəxidmətçilərinə istədikləri rəftarları göstərməkdə sərbəstdirlər. Bu siyahıya tərsinə baxdıqda isə hər kəs özündən üstün olana qarşı əlindən gələn ən yaxşı davranışları göstərər və tələb olunanı ən dəqiq şəkildə yerinə yetirər. Ancaq bir-birlərinin yanında olmadıqda nifrətlərini dilə gətirməkdən çəkinməzlər və göstərdikləri hörmət də heç vaxt həqiqi bir hörmət olmaz.

Açıq şəkildə göründüyü kimi bu, olduqca yanlış bir sistemdir. Çünki bu insanlar gözəl davranmağı bildikləri halda sırf bir-birlərindən mənfəət əldə etmədikləri üçün bu rəftarları bir-birlərinə göstərməyə ehtiyac duymaz və ancaq bəhsi keçən mənfəətlər olduğunda istifadə edərlər. Bu rəftarlar cahil sistemin yanlışlığı içərisində gözə batmaz və gündəmə gətirilməz. Halbuki bu Qurana görə böyük bir vicdansızlıq nümunəsidir. Çünki insan vicdanının və ağlının çatdığı səviyyədə, şərtlər nə olursa olsun, hər hansı bir maddi və ya dünyəvi dəyər güdmədən, ən gözəl rəftarları göstərməklə məsuldur. Allah insana tolerant və təvazökar olmasını əmr etmişdir.

Çünki insanın özünü ətrafındakı kəslərdən üstün görə biləcəyi, özünə aid heç bir xüsusiyyət yoxdur. Mövqe də, məqam da ancaq Allaha aiddir. Onu qullarından istədiyinə verər və istədiyini ucaldar. İstədikdə isə insanın vəziyyətini tam tərsinə çevirməyə və ona verdiyi bütün imkanları geri almağa qadirdir. Məhz bu səbəblə də insan Allaha hər an itaət etmək məcburiyyətindədir. Allah insana bu mövqeyini və acizliyini Quranda belə xatırlatmışdır:

Yer üzündə lovğalanaraq gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən. (İsra surəsi, 37)

Məhz mömin, bu əxlaqı yaşayan insandır. Yer üzündə qarşısında hər kim olursa olsun lovğalanmır və Allaha qarşı məsul olduğunu unutmur. Bu səbəblə də belə dəyişkən və səmimiyyətsiz bir xarakteri özünə yaraşdırmaz. Allahın bəyəndiyi əxlaqı hər an, hər yerdə, hər kəsə qarşı göstərər. Qarşısındakı insanın məqamı, mövqeyi nə olursa olsun hörmətli və nəzakətli bir rəftar göstərər. Amma bu gözəl rəftarlarına qarşılıq o adamdan bir mənfəət gözləməz; əksinə hər yaxşı əməlin qarşılığını Allahdan gözləyər, Onun rizası üçün səy göstərər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo