Allah`a təvəkkül
ucgen

Allah`a təvəkkül

771

Mömin qarşılaşdığı hər hadisəni Allah'ın imtahan məqsədilə xüsusi yaratdığını bilməli, Allah'a təvəkkül etməli və Onun rizasına ən uyğun şəkildə davranmalıdır.

Allah Günəş sistemindən tutmuş bütün kainata qədər hər şeyi insana xidmət etmək üçün yaratmışdır. Bu qədər açıq dəlillər varkən insan həyatının bir məqsədi olmadığını düşünmək böyük cəhalətdir. Əlbəttə, insanın bir yaradılış məqsədi var və bu məqsədi Allah belə açıqlayır:

“Mən insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.” (Zariyat surəsi, 56)

İnsanların çox az qismi yaradılış məqsədini qavrayır və buna uyğun şəkildə yaşayır. Allah dünya həyatımızı bu məqsədə uyğun şəkildə yaşayıb-yaşamayacağımızı sınamaq üçün yaratmışdır. Allah'a könüldən qulluq edənlərlə Ona üsyan edənlər bu sınaq nəticəsində ortaya çıxacaqlar. İnsana verilən bütün imkanlar (bədəni, duyğu orqanları, malları) bu imtahan üçündür. Bir ayədə Allah belə buyurur:

Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)

İnsanın dünyadakı vəzifəsi Allah'a və axirətə iman gətirmək, Allah'ın Quranda bildirdiyi kimi gözəl əxlaq sahibi olmaq, Allah'ın qoyduğu həddlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır. Allah'ın əmrlərini kimlərin yerinə yetirəcəyini ancaq yaşadığımız bu dünya həyatındakı imtahan nəticəsində görə biləcəyik. Allah insanlardan həqiqi və səmimi iman istədiyi üçün insan ancaq “iman gətirdim” deməklə dərin imana sahib ola bilməz. İnsan Allah'a və Onun dininə həqiqətən iman gətirdiyini göstərmək üçün şeytanın bütün cəhdlərinə baxmayaraq, doğru yoldan dönməməlidir. İnsan inkar edənlərə tabe olmamalı, öz nəfsinin həvəslərini Allah'ın rizasından üstün görməyəcəyini sübut etməlidir. Bunu isə qarşısına çıxan hadisələrə göstərdiyi münasibətlə ortaya qoyacaqdır. Allah iman gətirən insanın qarşısına bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi münasibətlə onu imtahan edəcəkdir. Bu həqiqət Quranın bir ayəsində belə izah edilir:

İnsanlar yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Ənkəbut surəsi, 2)

Allah Quran'ın başqa bir ayəsində iman gətirdiyini söyləyənləri sınayacağını belə bildirir:

Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri bilib ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz? (Ali İmran surəsi, 142)

İman gətirən bir insanın qarşılaşdığı çətinliklərə təəccüb etməsi, əlbəttə, doğru deyil. Bu çətinliklər günlük həyatın sanki adi görünən problemləri də ola bilər, yaxud ilk baxışda böyük fəlakət kimi görünən hadisələr də. Mömin bütün bunlara imtahan gözü ilə baxmalı, Allah'a təvəkkül etməli və Onun rizasına uyğun şəkildə davranmalıdır. Bir ayədə möminlərin qarşılaşacaqları çətinliklərdən belə bəhs edilir:

Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

Sadəcə çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allah'ın yaratdığı imtahandır. Allah verdiyi hər nemət qarşısında insanın Ona şükr edib etmədiyini sınayır. İnsan həm çətinlik, həm də nemətlərə sahib olduğu zaman daim aləmlərin Rəbbi olan uca Allah'a şükr edib Onun əmrlərini yerinə yetirməlidir.


PAYLAŞIN
logo
logo
logo
logo
logo