Möminlər Allah`a və Onun yaratdığı qədərə iman gətirdikləri üçün sevinc və xoşbəxtlikləri daimidir. Bu hal onların gündəlik həyatlarında da öz əksini tapır və möminlərin xarakterlərinin təməl qaynağını təşkil edir. Allah`a iman gətirməyin, hər an imanın dəlillərini görməyin, xeyirlərdə yarışmağın, azğın ideologiyalara qarşı fikri yolla imani mübarizə aparmağın və cəhənnəmdən çəkinib cənnəti qazana bilmək üçün göstərdikləri səyin yüksək həyəcanını yaşayırlar. Quran əxlaqının yayılmasını istəyir və bunun sakit, sabit və monoton əxlaq modeli ilə həyata keçirilə bilməyəcəyini bilirlər. Belə yanlış rəftar göstərməyin həqiqətən səmimi şəkildə iman gətirmiş insan üçün çox böyük qəflət halına səbəb olacağının şüurundadırlar. Bu səbəbdən özündə bu cür sakitlik və passivlik olduğunu hiss edən mömin dərhal özünə bu sualları verməlidir:
Əgər dünyadakı bütün müsəlmanlar bu şəkildə öz dərdlərinə düşərək, ağır, sakit və içinə qapalı şəxsiyyət formalaşdıracaqlarsa, Quran əxlaqı insanlara necə təbliğ ediləcək, inkar edənlərin müsəlmanlara və din əxlaqının yayılmasına qarşı qurduqları tələlərə necə qarşı qoyulacaq və bu hiylələr necə pozulacaq?
İnsanları yaxşılığa yönəldib pislikdən çəkindirmək vəzifəsini kim boynuna götürəcək?
Müsəlmanların şövqləndirilməsi, təlimləndirib məlumatlarının artırılması, daha gözəl əxlaq üçün təşviq edilməsi kim tərəfindən həyata keçiriləcək?
Allah`dan həqiqətən qorxub çəkinən mömin Allah`ın Quran hökmləri ilə ona verdiyi bütün bu məsuliyyətləri hər şeydən öncə hesab edib boynuna götürür və bunun üçün əlindən gəldiyi qədər canlı və şövqlü davranış nümayiş etdirir. Uca Allah`ın Quranda “Möminləri də (döyüşə) təşviq et!..” (Nisa surəsi, 84) ayəsi ilə də əmr etdiyi kimi ətrafındakı möminləri də şövqləndirir.
Din əxlaqını yaşamayan insanların gördükləri işlərdə hər hansı bir mənfəətləri olmadığı müddətcə şövqlü hərəkət etmələri, demək olar ki, qeyri-mümkündür. Heç bir zaman həyatlarına məna qazandıracaq, enerjili olub həyəcan hiss edəcəkləri idealları olmaz. Bu rəftarları da gördükləri işlərə təsir edir və ortaya çıxan nəticə bərəkətsiz olur. Halbuki möminlər imanlarının onlara verdiyi xoşbəxtlik səbəbi ilə heç bitməyən enerji, şövq və istəyə sahibdirlər. Hər gün Allah`ın razılığını daha çox qazanmaq üçün səmimi səy göstərirlər. Bu qısa dünya həyatında Allah`ın razılığını qazanmaq üçün nə qədər çox saleh əməl işləyərlərsə, axirətdə görəcəkləri gözəl qarşılığın da o qədər böyük olacağını bilirlər. Bu müjdə Quranda belə bildirilmişdir:
“(Xeyirxah işlərdə) öndə gedənlər, (Cənnətdə də) öndədirlər! Onlar (Allah’a) yaxın olanlar, Nəim bağlarında (qalacaq kimsələrdir). Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də axırıncılardandır. (Onlar) bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər”.(Vaqiə surəsi, 10-16)