Quranda Allahın bildirdiyi hikmətli bənzətmələrə misallar
ucgen

Quranda Allahın bildirdiyi hikmətli bənzətmələrə misallar

1834

 

Rəbbimizin Quranda bizə bildirdiyi bənzətmələr çox təsirli, nəzərə çarpan, oxuyanın o mövzuda zehnini açacaq xüsusiyyətdədir. Bənzətmələrin və təsvirlərin hamısı izah edilən mövzunun ən təsirli və anlaşılan şəkildə nümunəsidir. Bu üsulla zənginləşdirilmiş izahın insanların dərin düşünməsi, öyüd alması məqsədi ilə verildiyi bir ayədə bu şəkildə bildirilir:

Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr. (Həşr surəsi, 21)

Qışqıran heyvan misalı

Uca Allah hər insanı müəyyən bir anlayış və düşünmə qabiliyyəti ilə yaratmışdır. Ancaq bu qabiliyyətin lazımi kimi istifadə edilməsi, ancaq səmimi imanla mümkün olur. Rəbbimiz qullarına doğrunu, yanlışı, yaxşını, pisi, insanın ağlını necə istifadə etməsini, bu anlayışlar arasındakı fərqi necə görə biləcəyini və necə düşünməli olduğunu ayələrlə bildirmişdir. Quranı özünə rəhbər edən bir insan bu bilgilər əsasında yaşadığı üçün Allahın izni ilə gerçək ağıla və dürüst vicdana sahib olur. Mömin uca Allahın Quranla bildirdiyi bu gerçəkləri qavrayaraq Quran əxlaqına görə yaşayır və ağıllı olur.

İman gətirməyən insanlar isə ağıldan məhrum olduqları üçün bu gerçəklərdən xəbərsizdirlər. Bu insanlar nə qədər zəkalı olursa-olsunlar, iman etmədikləri üçün uca Allahın qüdrətini təqdir edə biləcək, yaşadıqları dünyanın müvəqqəti olduğunu anlayacaq və bunun nəticəsində nə etməli olduqlarını qavrayacaq ağıla sahib olmurlar. Ağıl, ancaq Allahın diləməsi ilə meydana gələn, iman gətirənlərə xas anlayış və qavrama gücüdür. Uca Allah Quranda düşünməyən insanların bu şüursuzluqlarını sözdən anlamayan, ağılı olmadığı üçün hər zaman qışqırıb bağıran bir heyvan misalı ilə xəbər vermiş, bu xüsusiyyətlərinə görə həmin insanların kar, kor və dilsiz olduqlarını bildirmişdir:

Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, anlamazlar. (Bəqərə surəsi, 171)

www.quranmocuzeleri.org

Sonsuz elm və hikmət sahibi uca Rəbbimiz Quranı çox aydın və hikmətli bir dillə ərəbcə vəhy etmişdir. Quranı araşdırdığımızda bəzi ayələrdə müxtəlif bənzətmələrin və nümunələrin yer aldığını görərik.

Yuvarlanan daşlar misalı

Uca Allah Quranda insanlara sonsuz qüdrətini, məqamının ucalığını və üstünlüyünü, Özünə qarşı gələnlər üçün hazırladığı əzabın şiddətini və böyüklüyünü ətraflı şəkildə izah etmişdir. İnsan gücü çatdığı qədər Rəbbimizin təhdid etdiyi cəhənnəm əzabının böyüklüyünü və sonsuzluğunu təfəkkür etməlidir. Bunun nəticəsində qəlbində təbii olaraq Allah qorxusu meydana gələcək. Bu qorxu iman edənlərin uca Allahın əmr və qadağalarını yerinə yetirmələrini təmin edəcək. Quranda bu hörmət dolu qorxunun nə qədər güclü bir hiss olduğunu bildirmək üçün möminlər üzərində təzahür edən Allah qorxusu hikmətli bir nümunə ilə izah edilir:

Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da qatı oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir! (Bəqərə surəsi, 74)

Ayədə tərif edilən Allah qorxusunun digər dünyəvi qorxularla qarışdırılmaması üçün uca Allah Quranda Özündən qorxan möminlərin hisslərini, ruh hallarını və qorxularının gücünü yuvarlanan daşlara bənzədərək vurğulayır. Həqiqətən də Allah qorxusu başqa heç bir qorxuya bənzəməyən, çox dərin və hörmət dolu qorxudur. Bu qorxu digər qorxular kimi insana sıxıntı və əzab verən qorxu deyil. Əksinə insana qulluğunu və acizliyini xatırladan, onun ağlını və şüurunu açan, insanı çox üstün əxlaq səviyyəsinə çatdıran bir qorxudur. Bu qorxu möminin axirətə olan həsrətini, ümid və şövqünü artıran qorxudur. Allah qorxusu möminin Allaha yaxınlığını və sevgisini qat-qat artıran, ona böyük mənəvi həzz yaşadan hissdir.

www.Qurandaixlas.com

Şiddətli yağışda çılpaq qaya misalı

İnfaq, insanın sahib olduğu malı və imkanı uca Allahın yolunda istifadə etməsi deməkdir. Bu səbəbdən bütün ibadətlərdə olduğu kimi, infaq edərkən də bu ibadətin hikmətinin fərqində olmaq çox önəmlidir. Çünki infaq möminlər üçün mənəvi təmizlik vasitəsidir.

Malını Allah yolunda, sadəcə Onun rizasını qazanmaq məqsədi ilə xərcləyənlərin mallarında azalma olmayacağı və qazanclarının daima bərəkətli olacağı, buna qarşılıq olaraq isə insanlara göstəriş məqsədli, istəmədən xərcləyənlərin isə etdiklərinin axirətdə özlərinə bir fayda gətirməyəcəyini uca Allah Quranda çılpaq qalan qaya misalı ilə hikmətli şəkildə açıqlayır.

Rəbbimiz bu insanların səmimiyyətsiz şəkildə infaq etmələrini və qazandıqları pulun heç bir şeyə gücü çatmayacağını «Bəqərə» surəsində bu şəkildə bildirir:

 

Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz! (Bəqərə surəsi, 264)

İman gətirməyənlər mallarına dünya həyatında çox dəyər verir, böyük sevgi və ehtirasla bağlanırlar. Halbuki bu mallar möminlər üçün Allahın rizasını qazanmağı umduqları bir vasitədir. Möminlər sahib olduqları hər şeyin gerçək sahibinin uca Allah olduğunu bildikləri üçün infaq ibadətini çox böyük həvəslə yerinə yetirirlər. Bütün nemətləri ancaq Allahın rizasını qazanmaq üçün böyük şövqlə istifadə etmələri və infaq etməyi uca Allaha yaxınlaşmağa vasitə kimi görmələri, möminlərin Rəbbimizə olan sədaqətlərini, Onun rəhmətini və məmnuniyyətini dünyadakı heç bir şeylə dəyişdirməyəcəklərini, bu yolda hər şeyi fəda edə biləcəklərini ən gözəl şəkildə ortaya qoyur.

Sahibi çox olan (kölə) insan misalı

Uca Allahdan başqa güc sahibi olmadığı Quranda bildirilmişdir. Allahın yaratdığı varlıqların güc sahibi kimi göründükləri isə əslində Allahın sonsuz gücünün onlardakı bir yansımasıdır. Allah dilədiyi anda bu gücü onlardan geri ala bilər. Bu səbəbdən Allahın kimisə bu dünyada müvəqqəti olaraq imtahan üçün verdiyi güc və qüdrətə görə gözündə böyütmək, ona heyran olmaq, bu gücü ona ait kimi görmək bir növ insanı ilahlaşdırmaq olar. (Allahı tənzih edirik) Böyük görüləsi, heyran olunası, mədət umulası yeganə mütləq varlıq aləmlərin Rəbbi uca Allahdır.

Ancaq inkar edənlər əldə etdikləri nemətləri və gücü uca Allahın vəsilə etdiyi maddələrə və şəxslərə aid edir və onlardan mədət umurlar. Onlara minnətdar olur, onlara şükür etməyə çalışırlar. Qısası, Allahdan başqa güc sahibi zənn etdikləri saysız saxta ilahları olur. (Allahı tənzih edirik) Ağıllı olmadıqları üçün bütün saxta ilahları da, onların etdiklərini də Allahın yaratdığını, Allahın diləməsi və əmri olmadan heç bir şey edə bilməyəcəklərini, heç bir şeyə güclərinin çatmayacağını görmürlər. Allahı unudaraq gücü və təsiri Onun qullarında axtarıb, onlara yönəlir, onlara şükür edir və onlardan mədət umurlar. Bu isə həm şirk, həm də çox böyük bir nankorluqdur. Ancaq Allah’a şərik qoşan insanların şüurunda olmadıqları bir gerçək var. Bu da Allahdan başqa sitayiş etdikləri varlıqları razı salmalarının mümkün olmadığıdır.

Allah (müşriklərlə müvəhhid möminlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tərif) ancaq Allaha məxsusdur, lakin onların əksəriyyəti bilməz! (Zumər surəsi, 29)

www.gozelmovzular.com

Göydən endirilmiş su misalı

Dünyada gözəl olan nə varsa, bir gün gözəlliyini itirəcək və yox olacaq. Bu üzərində dərin düşünülməli bir mövzudur. Çünki Allah bu nümunələri «düşünən insanlar» üçün açıqladığını bildirmişdir. Sonsuz hökm və hikmət sahibi Allah Quranın bir çox ayəsində dünya həyatının keçiciliyini və bu mövzunun önəmini bildirmişdir. Bu gerçək bir əyədə belə bir nümunə ilə bildirilmişdir:

Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib  bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik! (Yunis surəsi, 24)

 

Gözəl sözün gözəl ağaca bənzədilməsi

Uca Allah Quranda insanların bir-birlərinə gözəl sözlər söyləmələrini əmr edir. Quran əxlaqının bir tələbi olan gözəl sözün önəminə dair Quranda çox hikmətli və təsirli bir nümunə verilmişdir. Gözəl söz gözəl ağaca, pis söz isə pis ağaca bənzədilərək ayədə bu şəkildə buyrulmuşdur:

Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. (İbrahim surəsi, 24-26)

Ən gözəl misallar Allahındır

Sonsuz elm, ağıl və hikmət sahibi olan uca Allah Quranda insanların qavraya biləcəyi ən gözəl misalları, ən təsirli bənzətmələrlə bildirmişdir. Quranın bənzərsiz üslubu ilə zənginləşən, düşünən və iman gətirən insanların öyüd ala biləcəkləri bu gözəl nümunələr Allahın sonsuz elmini və möhtəşəm yaradışını bizə göstərən dəllillərdən təkcə biridir. Elm baxımından hər yeri əhatə edən uca Allah çox hikmətli bir misalla bu vəziyyəti Quranda bu şəkildə bildirir:

Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir! (Loğman surəsi, 27)

Rəbbimizin Quranda bildirdiyi bu bənzətmələr oxuyan insanları düşünməyə və daha asan qavramağa yönəldən hikmətli üslubdadır.

Məqalədə verilən misallarda da göründüyü kimi, möminlərin yol göstəricisi olan Qurandakı bənzətmələrin və təsvirlərin hamısı mövzunu ən açıq şəkildə izah edir. Bu bir həqiqətdir ki, ən gözəl nümunələrin tək sahibi Rəbbimizdir

Ən pis sifət axirətə inanmayanlara, ən yüksək sifət isə Allaha məxsusdur. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nəhl surəsi 60)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr