İnsanı maddi və mənəvi pisliklərdən təmizləyən, nəfsini öyrədərək Allahın məmnun olduğu bir əxlaqa çatmasına vəsilə olan ən əhəmiyyətli ibadətlərdən biri də Allah yolunda və xeyir üçün edilən xərcləmələrdir. Allah peyğəmbərə möminlərin mallarından sədəqə alaraq bu şəkildə onları təmizləməsini bildirmişdir. Ayədə belə hökm edilir:
Onların mallarından sədəqə al, bununla onları təmizləmiş olarsan… (Tövbə surəsi, 103)
Ancaq insanların təmizlənmələrinə vəsilə olan xərcləmələr Quranda bildirildiyi şəkildə edilən xərcləmələrdir. İnsanlar yolda gördükləri dilənçilərə qəpik-quruşdan bir az verdiklərində, ya da köhnə paltarlarını kasıb gördükləri bir-iki adama payladıqlarında və ya ac gördükləri birini doyurduqlarında, üzərlərinə düşən məsuliyyəti artıqlamasıyla yerinə yetirdiklərinə inanarlar. Bunların hamısı, əlbəttə, Allahın məmnuniyyətini qazanmaq üçün edildiyində Allah qatında savabı olan davranışlardır. Ancaq, Allahın Quranda bildirdiyi sərhədlər vardır. Məsələn, Allah ehtiyaclardan artıq qalanın infaq edilməsini bildirir:
... Və səndən nəyi infaq edəcəklərini soruşarlar. De ki: "Ehtiyacdan artıq qalanını. Beləcə, Allah sizə ayələrini açıqlayar; bəlkə, düşünəsiniz;" (Bəqərə surəsi, 219)
İnsanın dünya həyatında yaşaması üçün lazım olan ehtiyacları çox azdır. İnsanın ehtiyacları üçün istifadə etdiyi miqdar xaricində sahib olduğu mal ehtiyacdan artıq qalan deməkdir. Əhəmiyyətli olan nəyin xərcləndiyi deyil, adamın səmimi olaraq verə biləcəyi nədirsə onu verməsidir. Allah hər şeyin doğrusunu bilir və insanların ehtiyaclarından artıq qalan miqdarın nə qədər olduğunu tamamilə insanın ağlına və vicdana buraxmışdır. Dünya ehtirası olmayan, dünyalarını axirətlərinə qarşılıq olaraq satanlar üçün infaq çox asan bir ibadətdir. Allah dünya ehtirası olanların və ya içində bir az belə dünyaya bağlılığı olanların da mallarından infaq edərək təmizlənmələrini və dünya ehtirasını buraxmalarını istəmişdir. Şübhəsiz, bu, möminlərin axirətləri üçün çox əhəmiyyətli bir ibadətdir.
İnsan sevdiyi şeylərdən də ehtiyac içində olanlara verməlidir
İnsanlar başqalarına bir yaxşılıq etdikləri zaman bu edilən yaxşılığın özlərinə heç toxunmamasını istəyərlər. Məsələn, ehtiyac içindəki birinə əşyalar verəcək biri öz sevmədiyi, bəlkə, heç istifadə etmədiyi şeyləri verər.
Allah adamın özünə uyğun hesab etmədiyi, köhnə gördüyü, istifadə edilməyəcəyinə qərara gəldiyi mallarından çox, sevdiyi bəyəndiyi əşyalarından infaq etməsinin məqbul olduğunu əmr etmişdir. İnsana sevdiyi şeyləri infaq etmək çətin gələ bilər, ancaq insanın təmizlənməsi və yaxşılığa çata bilməsi üçün belə bir fədakarlıq etməsi lazımdır. Bu, Allahın bizə bildirdiyi əhəmiyyətli bir sirrdir. Allah bundan başqa insanın əsla yaxşılığa çata bilməyəcəyini bildirmişdir:
Sevdiyiniz şeylərdən infaq edənə qədər əsla yaxşılığa çata bilməzsiniz. Hər nə infaq etsəniz, şübhəsiz Allah onu bilər. (Ali İmran surəsi, 92)
Ey iman edənlər, qazandıqlarınızın yaxşı olanından və sizin üçün yerdən bitirdiklərimizdən infaq edin. Özünüzün göz yummadan ala bilməyəcəyiniz şeyləri verməyə cəhd etməyin və bilin ki, şübhəsiz, Allah heç bir şeyə ehtiyacı olmayandır, təriflənməyə layiq olandır. (Bəqərə surəsi, 267)
Allah yolunda sərf olunanlar Allaha yaxınlaşmaq üçün bir yoldur
Bir müsəlman üçün heç bir şey Allahın məmnuniyyətindən və Onun sevgisini qazanmaqdan daha üstün deyil. Mömin həyatı boyunca özünü Allaha yaxınlaşdıracaq vəsilələr axtarar. Allah bir ayəsində möminlərə bunu belə bildirir:
Ey iman edənlər, Allahdan qorxub çəkinin və (sizi) Ona (yaxınlaşdıracaq) vəsilə axtarın; Onun yolunda cəhd edin (səy göstərin), bəlkə, qurtuluşa çatarsınız. (Maidə surəsi, 35)
Allah Quranda möminlərə bir sirr və bir müjdə olaraq etdikləri infaqların Ona yaxınlaşmağa səbəb olduğunu bildirmişdir. Bu səbəblə sevdiyi şeylərdən və ehtiyaclarından artıq qalanını infaq etmək müsəlmanlar üçün bir çətinlik deyil, əksinə Allaha olan bağlılıqlarını və sevgilərini göstərəcəkləri çox qiymətli bir fürsətdir. Mövzu ilə əlaqədar ayə belədir:
"Bədəvilərdən elələri də vardır ki, onlar Allaha və axirət gününə iman edər və infaq etdiyini Allah qatında bir yaxınlaşmağa və elçinin dua və bağışlama diləklərinə (bir yol) sayar. Xəbəriniz olsun, bu, həqiqətən, onlar üçün bir yaxınlaşmadır. Allah da onları Öz rəhmətinə daxil edəcək. Şübhəsiz, Allah bağışlayandır, əsirgəyəndir". (Tövbə surəsi, 99)
Allah üçün hər sərf olunanın gözəl bir qarşılığı vardır
Allahın infaq mövzusu ilə əlaqədar olaraq bildirdiyi bir başqa sirr isə adamın əslində bir fədakarlıq edərək infaq etdiyi şeyin mütləq özünə geri dönəcəyidir. Bu, Allahın əhəmiyyətli bir vədidir. Yoxsulluq qorxusu yaşamadan Allah yolunda mallarını infaq edən insanlara həyatları boyunca heç gözləmədikləri nemətlərlə ruzi verilər. Xeyir olaraq infaq etdikləri hər şey xeyir olaraq özlərinə dönər. Allahın bu vədinin bildirildiyi ayələrdən bəziləri belədir:
Onların hidayətə çatması, sənin üzərində (bir öhdəçilik) deyil. Ancaq Allah dilədiyini hidayətə çatdırar. Xeyir olaraq hər nə infaq etsəniz, özünüz üçündür. Onsuz da siz ancaq Allahın məmnuniyyətini istəməkdən başqa (bir məqsədlə) infaq etməzsiniz. Xeyirdən hər nə infaq etsəniz -haqsızlığa (zülmə) məruz qalmadan- sizə əskiksiz ödənəcək. (Bəqərə surəsi, 272)
… Allah yolunda hər nə infaq etsəniz, sizə "əskiksiz olaraq ödənər" və siz haqsızlığa məruz qalmazsınız. (Ənfal surəsi, 60)
De ki: "Şübhəsiz, mənim Rəbbim qullarından dilədiyinin ruzisini artırar da, azaldar da. Hər nə infaq etsəniz, O (Allah), yerinə bir başqasını verər; O, ruzi verənlərin ən xeyirlisidir. (Səba surəsi, 39)
Möminlər mallarını və canlarını infaq edərkən yalnız Allahın razılığını və cənnətini istəyərlər, ancaq ayələrdə görüldüyü kimi, Allahdan bir sirr olaraq hər nə infaq etsələr, özlərinə geri ödənər. Ayədə bildirildiyi kimi Allah yerinə başqasını verər. Bunlar həm dünyadakı nemətlər, həm də hamısının üzərində Allahın cənnətdə möminlər üçün hazırladığı nemətlərdir. İnfaq edənlərin əksinə, mallarını xəsisliklə tutan və ya Allahın sərhədlərini tapdalayaraq mallarını artırmağa çalışanların isə Allah bərəkətlərini azaldar. Bununla əlaqədar ayələrdən biri faiz alanların vəziyyətini bildirir:
Allah faizi yox edər, sədəqələri artırar. Allah günahkar kafirlərin heç birini sevməz. (Bəqərə surəsi, 276)
Allah mallarını infaq edənlərin Allah qatından qovuşdurulduqları bərəkəti başqa ayələrində belə bildirir:
Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 261)
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)
Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 265)
Bu ayələrin hər biri Allahın Quranda iman edənlərə bildirdiyi sirlərdir. İman edənlər yalnız Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaq üçün infaq edərlər. Ancaq Allahın ayələrlə bildirdiyi bu sirləri də bildikləri üçün, Allahın bərəkətini və rəhmətini ümid edərlər. Onlar Allah yolunda mallarını və canlarını xərclədikcə, halala-harama diqqət yetirdikcə, Allah onların zənginliklərini artırar, işlərini asanlaşdırar, Allah yolunda xərcləyəcəkləri daha çox imkan yaradar. Bu sirri, heç bir narahatlıq və gələcək qayğısı duymadan, Allahdan qorxub çəkinərək Allahın sərhədlərini qoruyan hər mömin öz həyatında yaşayar.