Səmimiyyətsizliyini ört-basdır edərkən insan çox vaxt yalana üz tutur. Dürüst insan ətrafındakıları səmimiyyətinə inandırmağa ehtiyac duymur. Allah`ın izni ilə, bütün hərəkət və sözlərində dürüstlüyünün təzahür etdiyini bilir. Səmimiyyət elə bir xüsusiyyətdir ki, insanın baxışlarından, üzündəki ifadələrdən, səs tonundan, üslubundan, hadisələri nəql etmə tərzindən dərhal sezilir. Səmimiyyətsiz insanlar isə öz xasiyyətlərinə bələd olduqları üçün səmimiyyətsizliklərini böyük səylə, xüsusilə də, hər sözlərinə və hərəkətlərinə izah gətirərək gizlətməyə çalışırlar. Ancaq səmimiyyətsizliyi gözəl əxlaqla pərdələyib davam etdirmək mümkün deyil. Aydındır ki, yenə də Qurana zidd, xoşagəlməz əxlaq nümayiş etdirəcəklər. Səmimiyyətsiz insanların yalana üz tutmasının səbəbi də budur. Lakin unutmaq olmaz ki, pis əməli pis əxlaqla ört-basdır etmək qeyri-mümkündür. Bu, insanın haqq yoldan daha da uzaqlaşmasına, səmimiyyətini və özünə olan hörmətini itirməsinə səbəb olar. Eyni zamanda ətrafındakı möminlərin ona olan etibarını da ciddi zədələyə bilər. Çünki möminlərin nəzərində insanın üstünlüyü yalnız Quran əxlaqı ilə ölçülür. Rəbbimiz Quranda yalanı bəyənmədiyini və qadağan etdiyini xəbər verir:
“Bax belə! Hər kim Allah`ın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu) sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin...” (Həcc surəsi, 30)
“Vay halına iftiraçının və günahkarın!” (Casiyə surəsi, 7)
Əlbəttə, nəfsinin əmrlərinə tabe olan insanlar Quranın bu hökmündən xəbərdardırlar. Bütün yalanlarının, dünyada və ya axirətdə mütləq ifşa olunacağını, Allah`ın bu əməllərindən razı qalmayacağını yaxşı bilirlər. Buna görə də yalanlarını səmimiyyətsiz sözlərlə əsaslandırmağa çalışırlar. Bəzən hamı tərəfindən aydın görülən həqiqəti danmağın yalan olduğunu qəbul edir və bu əməldən çəkinirlər. Ancaq çox vaxt bəzi istisnalar olduğunu, bunların yalan sayılmadığını iddia edirlər. Təbii ki, onlara bu hiyləgər üsulları öyrədən şeytandır. Məsələn, şeytan onlara sübutu çətin üsullarla yalan danışmağı fısıldayır. Əgər yalan danışdıqları sübuta yetirilmirsə, bu halda insanları sözlərinin doğru olduğuna inandırmağa çalışırlar. Şeytan bu hiyləsi ilə səmimiyyətsiz insanlara yalan danışmağı təlqin edir, mənasız izahatlarla da yalanlarını gizlətməyi öyrədir.
Ən əhəmiyyətlisi, tez-tez yalan danışmaqlarına baxmayaraq, bu insanlar əxlaqsızlıq etdiklərini əsla qəbul etmirlər. Şeytanın yolunu izləyərək yalanlarını müxtəlif bəhanələrlə izah etməyə, üzlərində məsumluq ifadəsi yaratmağa çalışırlar. Məsələn, “ağzımdan elə çıxdı”, “səhv dedim”, “əskik danışmışam”, “səhv xatırlamışam”, “o hissəsini deməyi unutmuşam”, “başqa söhbətlə qarışdırmışam” və s. belə ifadələrlə yalanlarına məsumluq donu geyindirməyə cəhd edirlər. Bir sözlə, əslində pis niyyətlə yalan danışmadıqlarını və yalanlarının zərərli olmadığını iddia edirlər. Yalançılığın pis əxlaq olduğunu xatırlatdıqda, yalan danışmaq istəmədiklərini, sadəcə mövcud vəziyyəti açıqlamağa çalışdıqlarını deyirlər. Səmimiyyətsizlikləri sübut olunduqda isə bu dəfə də başqa üsula əl atırlar. İnsanların düşüncələrinin onlar üçün əhəmiyyətli olmadığını, qəlblərindəki təmiz niyyətdən əmin olduqlarını vurğulayırlar. Əlbəttə, insanın niyyəti çox əhəmiyyətlidir. Lakin bu həqiqəti dilə gətirməkdə tək məqsədləri səmimiyyətsizliklərini ört-basdır etməkdir. Burada unutduqları ən böyük həqiqət Allah`ın onsuz da hər şeyi bilməsidir. Bəhsi keçən insanlar isə bu həqiqətdən sui-istifadə etməyə çalışır, qəlblərindəki əsl niyyəti Allah`ın bildiyindən arxayın olduqlarını deyir, bu arxayınlıqlarını “dəlil” kimi təqdim edirlər. Ancaq qəlbən nə qədər səmimiyyətsiz olduqlarını bilirlər. Beləliklə, niyyətin əsas əhəmiyyət daşıdığını və başqaları onlara inanmasa da, öz səmimiyyətlərindən əmin olduqlarını dediklərində də yalan danışırlar. Qəlblərində gizlətdiklərinə Allah`ı şahid göstərirlər. Halbuki Allah onların yalan danışdıqlarını bilir. Quranda bu insanların vəziyyəti “...Onlar bilə-bilə Allah`a qarşı yalan danışırlar” (Ali İmran surəsi, 78) ayəsi ilə bildirmişdir.
İnsanın yalan danışdığı sezilməsə, müxtəlif üsullarla ətrafındakıları aldatmağı bacarsa belə heç vaxt unutmamalıdır ki, Allah gizlidən daha gizlini də bilir. Quranda bu həqiqət belə bildirilir:
“Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur. Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.” (Ta ha surəsi, 6-7)
“Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir.” (Nəml surəsi, 74)
“...onların heç bir şeyi Allah’dan gizli qalmayacaqdır...” (Ğafir surəsi, 16)
Allah haqqı gizlətmək üçün edilən bütün cəhdləri və deyilən bütün yalanları ən incəliklərinə qədər bilir. Rəbbimiz “...Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın...” (Ənam surəsi, 151) ayəsində gizli-aşkar bütün pis əməlləri haram qılmışdır. Başqa bir ayədə isə Allah “Günahın aşkarından da, gizlisindən də əl çəkin! Şübhəsiz ki, günah qazananlar etdikləri əməllərə görə” (Ənam surəsi, 120) gizli səmimiyyətsizlikdən çəkinmək üçün insanları xəbərdar edir.
Ancaq nəsfinin istəklərini Allah`ın rizasından üstün tutan insanlar bu həqiqətləri qulaq ardına vururlar. Şeytanın təsiri ilə yalanlarını hiyləgərliklə izah etməyə və özlərinə haqq qazandırmağa çalışırlar. Nəticədə tez-tez yalan danışmağa başlayırlar. Belə ki, yalan danışmaq artıq vərdişlərinə çevrilir. Bu insanların şeytanın təsiri ilə hərəkət etdikləri Quranda belə xəbər verilir:
“Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. (Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!” (Şuəra surəsi, 221-223)
Əlbəttə, insan özünü nə qədər aldatmağa, vicdanını rahatlatmağa çalışsa da, həqiqəti dəyişdirə bilməz. İnsanın bütün əməlləri sağında və solunda oturan mələklər tərəfindən anbaan yazılır. Ətrafındakıları, hətta dünyadakı bütün insanları aldatmağı bacarsa da, həqiqətin Allah qatında saxlanıldığını unudur. İnsan Allah`ın hüzurunda bütün əməl və sözlərindən məsul tutulacaq. Səmimi insan isə hər yanlışında, günahında Allah`a tövbə ilə yönəlir, səhvlərini Quran əxlaqı ilə düzəltməyə çalşır.