Həqiqətən, Biz insanı qarışıq bir nütfədən (sudan) yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)
Təkamül yolu ilə yaradılış yalanını müdafiə edənlər bir çox ayədə keçən "insanın sudan yaradıldığına" dair ifadələri öz iddialarına dəlil kimi göstərməyə çalışır, bütün canlıların sudan əmələ gəldiyini iddia edirlər. İnsanın yaradılış mərhələlərindən bəhs edən başqa ayələrə də nəzər yetirdikdə Quranda təkamülə işarə edən heç bir məlumatın olmadığını aydın şəkildə görürük:
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar. Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. (Həcc surəsi, 5)
Ayədə bir insanın yaradılış mərhələləri təsvir edilir.
Birinci mərhələni insan orqanizminin əsas mineral və elementlərini özündə ehtiva edən torpaq təşkil edir.
İkinci mərhələdə isə bu elementlər ana bətnindəki yumurtanı dölləndirmək üçün müvafiq quruluş və genetik məlumata sahib olan spermalardan ibarət və Quranda qarışdırılmış su kimi təsvir edilən mənidə toplanır. Bir sözlə, insanın əsas xammalı torpaqdır. Torpağın əsası bir damcı mənidə insanı meydana gətirəcək şəkildə toplanmışdır. Ayədə bu "su" mərhələsindən dərhal sonra insanın ana bətnindəki inkişaf mərhələləri göstərilmişdir. Halbuki təkamül nəzəriyyəsi həyatın guya öz-özünə suda başlamasından insanın ortaya çıxmasınadək milyonlarla xəyali mərhələ (ilk hüceyrə, təkhüceyrəlilər, çoxhüceyrəlilər, onurğasızlar, onurğalılar, sürünənlər, məməlilər, primatlar və s. və bunların saysız-hesabsız keçid mərhələləri kimi) olduğunu qəbul edir. Ayədə bəhsi keçən yaradılış mərhələlərinin ardıcıllığında isə belə bir məlumat yoxdur. İnsanın bir damla sudan ələqə (laxtalanmış qana) çevrildiyi bildirilir.
Aydın məsələdir ki, ayədə insanın təkamül mərhələlərindən keçməsi deyil, ana bətnindən əvvəlki, ana bətnindəki və dünyaya gəldikdən sonrakı yaradılış mərhələləri təsvir edilir.
Bəzi şərhçilər bu ayələrdəki "canlıların sudan yaradılması" ifadəsinin təkamül prosesinin izahı olduğunu zənn edirlər. Halbuki bu, çox yanlış izahdır. Ayələrdə canlıların sudan yaradıldığı və əsas quruluş elementlərinin su olduğu xəbər verilir. Belə ki, müasir biologiya suyun dünyadakı hər canlının bədəninin ən vacib faktoru olduğunu ortaya qoymuşdur. İnsan bədəninin təxminən 70%-i sudur. Hər canlının bədənindəki su sayəsində hüceyrədaxili, hüceyrələrarası və toxumalararası əlaqə təmin edilir. Su olmadan həyat ola bilməz. İnsanın və digər canlıların sudan yaradıldığını bildirən digər ayələrdə də yenə təkamül nəzəriyyəsinə əsas verəcək bir məna yoxdur. Aşağıdakı ayələrdən də bunu aydın görə bilərik:
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya surəsi, 30)
Aşağıdakı ayələrdə isə bir damla suyun nütfə (sperma) olduğu açıq şəkildə ifadə edilir:
(İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur – (Bir qətrə) nütfədən axıb tökülərkən. (min nutfətin iza tumna)
Yenidən diriltmək də Ona aiddir! (Nəcm surəsi, 45-47)
min : dən, dan
nutfətin : nütfə, bir damla
iza : -dığı zaman
tumna : mənini tökmək
Məgər o tökülən bir qətrə nütfə deyildimi?! (nutfətən min məniyyin yumna) (Qiyamə surəsi, 37)
nutfətən : nutfə, bir damla su
min : dən, dan
məniyyin : məni
yumna : atılıb tökülən
Elə isə insan nədən yaradıldığına bir baxsın! O, axıb tökülən bir sudan yaradılmışdır. (Xuliqa minma’in dəfiq) (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! (Tariq surəsi, 5-7)
xuliqa : yaradıldı
min : dən, dan
main : su
dəfiq : birdən boşalan, tökülən, birdən axıdılan, axıdılan.
İlk öncə torpaqdan, sonra sudan yaradılmanın təkamül yolu ilə yaradılışa dəlil olması yalanı
“…Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?” (Kəhf surəsi, 37)
Ömər Nasuhi Bilmən eyni ayəni bu şəkildə təfsir edir:
“... Əcdadın hz. Adəmi (torpaqdan) yaradan, sonra da səni (nütfədən), vücuduna ən yaxın maddə olan bir damla mənidən (yaradan, sonra da səni kişi qiyafəsinə salan), mütəaddit ətvari həyatiyə (bəzi həyati vəziyyətlər) nəticəsində səni tam, baliğ (yetkin) bir insan kimi yetişdirən Xaliqi-Kərimi (inkarmı edirsən), çünki axirət həyatını inkar etmək onun zahir olacağını xəbər verən və ona qadir olan Allah Təalayı inkar etməkdir...”
Ayələrdəki “torpaqdan yaradılış” ifadəsi hz.Adəmin yaradılışını, sudan yaradılış isə yetkin insanın spermadan başlayan inkişaf dövrünü açıqlayır. Allah ilk bəşəri palçıqdan yaratdığını bildirir. Hz. Adəmin yaradılışından xəbər verən ayədə yalnız bir mərhələdən bəhs edilir:
Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş qara palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Qurandakı yaradılış mərhələlərini, ardıcıllıqla izah edilən prosesləri diqqətlə nəzərdən keçirdikdə təkamülə işarə edən heç bir məlumat olmadığı dərhal anlaşılır.
Quranda hz. Adəmin təkamül mərhələsi ilə yaradılmadığını açıq şəkildə bildirən başqa ayələr də var. Bu ayələrin birində belə buyurulur:
Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu. (Ali İmran surəsi, 59)
Yuxarıdakı ayədə Allah hz.Adəmlə hz. İsanın eyni şəkildə yaradıldıqlarını bildirir. Daha əvvəl də qeyd etdiyimiz kimi, hz.Adəm hər hansı bir əcdadı olmadan, torpaqdan və Allahın "Ol" deməsi ilə var edilmişdir. Hz. İsa isə atası olmadan, Allahın istəməsi ilə "Ol" əmri ilə yaradılmışdır.
Torpaqdan və sudan yaradılışın bildirildiyi digər ayələrdə də yuxarıda qeyd etdiyimiz kimi, insanın təkamül mərhələləri deyil, insanın yaradılışının ana bətninə düşməmişdən əvvəlki, ana bətnindəki və doğumdan sonrakı mərhələləri təsvir edilir:
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar. Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. (Həcc surəsi, 5)
Quranda təkamül mərhələsinin olması yalanı
İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır. (İnsan surəsi, 1)
Təkamülçülər bu ayəni də saxta hekayələrinə dəlil göstərməyə çalışır, “özü xatırlanmağa layiq bir şey deyilkən” ifadəsinin insanın formalaşmazdan əvvəlki dövrlərini təsvir etdiyini iddia edirlər. Müasir elm bu fərziyyələrin əsassızlığını sübuta yetirir. Altından xətt çəkilən ifadənin ərəbcəsi bu formadadır:
“ləm yəkun şəy’ən məzkurən”
ləm yəkun: deyildi
şəy’ən: bir şey
məzkurən: zikr edilən, bəhs edilən
Bu ifadəni "təkamül yolu ilə yaradılışa" dəlil göstərmək də çox məntiqsizdir. Ayənin İslam alimləri tərəfindən təfsirində də təkamül prosesindən bəhs edilmir. Məsələn, Elmalılı Həmdi Yazır bu ayədəki zaman ifadəsini belə təfsir edir:
“Başlanğıcda ilk maddələri olan element və metallar, sonra onlardan mərhələ-mərhələ yaradılan bitki və heyvan mənşəli qidalar “palçıq cövhəri” (Muminun surəsi, 12) sonra yavaş-yavaş, müəyyən mərhələlərlə onlardan süzülən, məniyə bənzər bir şey olmuş, ancaq insan olmamışdı. Həqiqətən, insanın cinsi əzəli deyil, sonradan yaranmadır. Dəhrin (aləm, təbiət) başlanğıcından, dünyanın yaradılışından çox sonra yaranmışdır.”
(Elmalılı Hamdi Yazır, http:// www.kuranikerim.com/telmalili /insan-dehr.htm)
Ömər Nasuhi Bilmən isə ayəni belə təfsir edir:
“İnsan başlanğıcda heç mövcud deyildi, bir müddət sonra bir qətrə sudan, torpaqdan və palçıqdan təsvir edilmiş cəsəd halına gəlib. Həmin insan o vaxt məlum deyildi, onun nə adda və nə üçün yaradıldığını göy və yer əhli bilmirdi. Sonra özünə ruh bilgisi verilməyə başlandı".
(Ömer Nasuhi Bilmen, Kuran”ı Kerim”in Türkçe Meali Alisi ve Tefsiri, 8.cilt, s. 3915)
Dəyərli İslam alimlərimizin də qeyd etdiyi kimi, Quranda heç bir şəkildə təkamüllə yaradılışa işarə yoxdur. Quranda bildirilən yaradılış Rəbbimizin "Ol" əmri ilə baş verən yoxdan yaradılışdır.
Hz.Adəmin ilk insan olmaması ilə bağlı yalan
Təkamüllə yaradılış yalanı ilə bağlı ortaya atılan digər iddia isə hz.Adəmin ilk insan olmamasıdır (hətta insan olmaması) (hz. Adəmi tənzih edirik). Bu batil iddiaya "dəlil" olaraq aşağıdakı ayə göstərilir:
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. (Bəqərə surəsi, 30)
Bu iddianı müdafiə edənlər ayədə keçən "xəlifə yaradacağam" ifadəsində keçən ərəbcə "cəalə" felini "təyin etmək" sözü ilə açıqlayırlar. Yəni hz.Adəmin ilk insan olmadığı, bir çox insan arasından xəlifə olaraq "təyin edildiyi" yalanını irəli sürürlər. Halbuki "cəalə" sözü Quranda müxtəlif mənalarda istifadə edilmişdir:
Cəalə: Yaratmaq, icad etmək, çevirmək, etmək, qoymaq
Quranda "cəalə" felinin keçdiyi digər ayələrdən bir neçə nümunə bu şəkildədir:
Allah sizi tək bir nəfərdən xəlq etdi. Sonra onun özündən həmtayını yaratdı. O, heyvanlardan səkkiz cift əmələ gətirdi... (Zümər surəsi, 6)
De: “Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükür edirsiniz!” (Mülk surəsi, 23)
Yuxarıdakı ayələrdə də göründüyü kimi, "cəalə" sözü bu ayədə yaradılma mənasında istifadə edilmişdir. Eyni zamanda, bir çox digər ayədə də hz. Adəmin torpaqdan yaradıldığı bildirilir. Bu ayələrin hamısından hz.Adəmin digər insanlar kimi olmadığını, xüsusi və fərqli şəkildə yaradıldığını anlayırıq.
Hz.Adəmin dünyada yaradıldığı yalanı
Quranda hz.Adəmin ilk insan olması ilə bağlı verilən digər mühüm məlumat da etdiyi səhvə görə özünün və (həyat) yoldaşının cənnətdən çıxarılmasıdır. Ayələrdə bu şəkildə buyurulur:
Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)
Biz dedik: “Ey Adəm, sən zövcənlə Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa zülm edənlərdən olarsınız”. Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də: “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var”, -dedik. (Bəqərə surəsi, 35-36)
Bu ayələr başadüşülən və aydın şəkildə ifadə olunmuşdur. Allah hz.Adəmi bütün insanlardan fərqli yaratmışdır. Ayələrdən də aydın olur ki, hz.Adəm əvvəlcə cənnətdə yaradılmış, daha sonra oradan çıxarılmışdır. Ancaq təkamül yalanına inanan bəzi müsəlmanlar aydın ifadə olunan bu həqiqətləri qulaqardına vuraraq ayələrdəki “cənnət” sözünün axirətdəki cənnətə deyil, dünyadakı gözəl məkanlara işarə etdiyini deyirlər. Halbuki hz.Adəmin yaradıldığı cənnətin bir çox xüsusiyyəti Quranda bildirilir. Burada mələklər və şeytan var. Mələklər Allahla danışır. Ayələrdəki ifadələr bu qədər açıq olduğu halda, Quran əxlaqına uyğun olmayan şərhlərlə təkamül nəzəriyyəsinə "dəlil" axtarmağa çalışmaq yanlışdır.
Bütün insanların hz.Adəmdən gəldiyini, yəni hz.Adəmin ilk insan olduğunu xəbər verən ayələrdən bəziləri bunlardır:
Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”;Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bizi də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür. (Əraf surəsi, 172-173)
Adnan Oktarın “News Rescue”da yayımlanan məqaləsi (Amerika):
http://newsrescue.com/error-creation-water-indicates-evolutionary-creation/#axzz4xanX4Cvl