Yalan danışmaq uca Allahın Quranda qadağan etdiyi davranışdır. Allahın hər şeyi bildiyinə və gördüyünə, hesab günündə bütün etdiklərinin ortaya çıxacağına inanan bir insanın belə bir rəftar göstərməsi, Allahın iznilə, mümkün deyil.
Yalanın müxtəlif növləri var. İnsanlar çox vaxt ancaq açıq şəkildə və birbaşa deyilən yalanı nəzərə alırlar. Məsələn, hər hansı bir mövzuda onlardan: “Bunu sən etdin?” – deyə soruşanda: “Xeyr, mən etmədim”, – deməyin yalan olduğunu hamı bilir. “Mən yalan danışmaram”, – deyəndə də bu cür dürüstlük anlayışından bəhs edirlər. Bundan başqa, yalan növlərini isə daha günahsız və əhəmiyyətsiz hesab edirlər. Bu səbəblə də yalan adlandırmadıqları yalanları söyləməkdən çəkinmirlər. Halbuki, səmimiyyətsiz edilən rəftarın günahsız tərəfi yoxdur. Bir insan həqiqəti inkar etmək məqsədilə hansı üsuldan istifadə edirsə, bu, yalandır.
Yalan nəfsin çətinlik çəkdiyi anlarda ortaya çıxır
Ağlı başında olan bir insan yalan danışmağın pis xüsusiyyət olduğunu bilir. Ancaq nəfsi çətinlik çəkəndə və ya özünü təmizə çıxarması lazım olduqda dərhal yalanın “günahsız növlərinə” əl atır. Məsələn, qürur, eqoistlik kimi nəfsə uyğun pisliklər insanı özünü müdafiə, qüruru xilas etmə, alçalmama, nəfsi təmizə çıxarma kimi məqsədlə yalana apara bilər. Bu səbəblə, insan özünü qiymətləndirərkən, nəfsinə qarşı çox dürüst və səmimi olmalı, səmimiyyətsiz rəftarlarını heç bir örtüklə örtüb günahsız göstərməyə çalışmamalıdır.
Nəfsin çətinlik çəkdiyi anlarda insan nəfsindəki pis xüsusiyyətlərə qarşı çıxan ağıla, imana və vicdana sahib olmalıdır. Əks halda, insan nəfsindəki pisliklərə qarşı iradə göstərə bilməz. Nəfsini qorumaq üçün hər cür yalan, səmimiyyətsizlik və saxtakarlığa əl ata bilər. Ancaq imanlı bir insan yalanın hər növünə etiraz edər. Güclü Allah qorxusuna sahib səmimi mömin Allahın axirətdə verə biləcəyi qarşılığı düşünərək eqoistliyini məğlub edər. Maddi-mənəvi cəhətdən nə qədər zərərə uğrasa da, həmişə dürüst olar.
”Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar” (Nəhl surəsi, 105)
Səmimi mömin Allaha iman gətirməyən, Allahdan qorxmayan və axirətə inanmayan insanların rahatlıqla göstərdiyi rəftarın eynisini göstərməkdən Allaha sığınar.
Yalançılıq şeytanın xüsusiyyətidir
Yalan danışmaq, yəni yanıldıcı məlumat vermək şeytanın əsas xüsusiyyətlərindəndir. Şeytan bu xüsusiyyəti ilə insanları aldadıb doğru yoldan azdırır. Öz tərəfdarlarını, təsiri altına aldığı insanları da belə davranmağa sövq edir. Quranda şeytanın yalançı xarakterinin bildirildiyi ayələrdən biri bu şəkildədir:
“İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin sizə yalan danışdım…” (İbrahim surəsi, 22)
Üstüörtülü yalan ard-arda başqa yalanlara qapı açır
Yalanı çirkin gördüyünü söyləyən və yalan danışanları şiddətlə qınayan, ancaq üstüörtülü yalan deməyə vərdiş etmiş bəzi insanlar var. Bu cür yalanların ən əhəmiyyətli xüsusiyyəti isə isbat edilməsi çox çətin olmasıdır. Bu cür yalanlarda bəlkə də açıq şəkildə var olan bir şey inkar edilmir, ya da heç olmayan bir mövzu uydurulub xəyali bir söz söylənmir. Amma var olan bir mövzu səmimiyyətsiz üsullarla dəyişdirilir. Quranda bu şəkildə həqiqəti təhrif edərək yalan danışanların əxlaqı belə bildirilmişdir:
”Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar” (Şüəra surəsi, 221-222)
Uca Allah Quranda belə şəxslərin şeytanın təsiri altında hərəkət etdiklərini bildirmişdir. Bu insanlardan soruşduqda yalan söyləmədiklərini iddia edərlər. Halbuki, etdiklərinin açıq şəkildə deyilən yalandan heç bir fərqi yoxdur. Birində həqiqət açıq şəkildə inkar edilir, digərində müxtəlif bəhanələr uydurularaq inkar edilir. Məsələn, bir insan söylədiyi sözü geri götürmək istədikdə açıq şəkildə: “Mən yanlış söylədim”, – demək əvəzinə: “Mən o sözümlə başqa şey nəzərdə tutmuşdum”, – deyərək həqiqəti təhrif etməyə çalışır. Bu, səmimiyyətsiz üslubdur. Belə üslubun yalanın bir növü olduğu deyildikdə həmin insan bu samimiyyətsizliyini başqa bir səmimiyyətsizliklə örtməyə çalışır. Bu şəkildə, yalan danışmadığını isbat etməyə çalışarkən ard-arda bir çox yalan danışır. Səmimiyyətsizlik özü ilə bərabər mütləq qarışıqlıq gətirdiyi üçün yalan üzərində qurulmuş bu səy nəticəsində işin içindən heç cür çıxa bilmir. Bir dəqiqə əvvəl söylədiyi bir sözü bir dəqiqə sonra xatırlamır. Yeni bir məntiq ortaya qoyur. Dürüst olmadığı üçün bu yeni məntiq də əvvəlki ilə ziddiyyət təşkil edir. Bu ziddiyyətləri məqbul hala gətirmək üçün yeni yalan söyləmək məcburiyyətində qalır. Bu qarışıqlıq içərisində öz söylədiyi sözləri tamamilə unudur. Özünə deyiləndə yenə özünü müdafiə etmək üçün içindən çıxa bilmədiyi məntiqləri tamamilə inkar edir. Nəticədə, “mən elə demək istəmədim” və ya “mən onu o məqsədlə deyil, bu məqsədlə etdim” kimi günahsız zənn etdiyi səmimiyyətsiz üsullarla həqiqəti təhrif edir. Bu da zəncirvari şəkildə bir çox yalanı özü ilə bərabər gətirər.
Halbuki, bir hadisəni gizlətmək, əksini söyləmək necə yalandırsa, belə səmimiyyətsiz üsullarla həqiqəti təhrif etməyə çalışmaq da eyni şəkildə açıq-aşkar yalandır. Allah hər şeyin ən doğrusunu, bir insanın bir söz söylərkən niyyətini, səmimiyyətini, bununla nəyi hədəflədiyinin hamısını biləndir.
Quranda bu həqiqət insanlara belə bildirilir:
”Onlar insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər …” (Nisa surəsi, 108)”Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir!” (Mömin surəsi, 19)“… Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” (Nisa surəsi, 135)
Peyğəmbərimiz (s.ə.v) insanlara doğru söz söyləməyi tövsiyə etmişdir
”Siz doğruluğa davam edin, çünki düzgünlük sahibini xeyirə çatdırar. Yaxşılıqlar da cənnətə aparar. Yalandan çəkinin, şübhəsiz, yalan insanı fücura aparar, fücur isə atəşə, yəni cəhənnəmə aparar, qul yalana davam etdikcə və yalanı axtardıqca Allah qatında yalançı yazılar”. (Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cilt 1, s.279; Buhari ve Müslim’den)
”Əgər siz Allah və Rəsulunun sizi sevməsini istəyirsinizsə, sizə verilən əmanəti sahibinə verin. Söylədiyiniz vaxt doğru söyləyin, qonşularınızla gözəl qonşuluq edin”. (Mehmed Zahid Kotku, Hadislerle Nasihatlar, Cild 1, s.278; Taberani’den)
Nəticə: yalan danışmaq xəstəliyindən xilas olmağın yolu səmimi imandır
İnsanın söylədiyi sözləri unutduğu və daim ziddiyyətli danışıb bir yalandan başqasına keçdiyi qədər ağlını, yaddaşını bağlayan bir vicdan qarışıqlığı yaşaması Allahdan gərəyi kimi qorxub çəkinməməsindən qaynaqlanır. Şeytan özünə zərər gəlməsin deyə, insanı yalana təşviq edir. Halbuki, insan bununla dünyada da, axirətdə də özünü hörmətdən salır, hüsrana gətirib çıxaran səmimiyyətsizliyin içinə girmiş olur. İnsanların etibarını, razılığını, yaxınlığını qazanacağını ümid edərkən həm etibarsız bir insan halına gəlir, həm də uca Allahın razılığından uzaqlaşmış olur.
Bunun həlli, nə olursa olsun, dünyadakı ən böyük maddi və mənəvi zərərə uğrasa da, insanın dürüstlükdən, səmimiyyətdən vaz keçməməsidir. Uca Allahın razılığına uyğun olan əxlaq budur. Bir insan Allahdan qorxduğu üçün daim dürüst olsa, Allah dünyada da, axirətdə də həmin insanın dürüstlüyünü mütləq xeyirlə nəticələndirər. Dürüst olan insan heç vaxt zərər çəkməz. Çünki uca Allah dürüst və ədalətli olan qullarını sevəndir. Sonsuz rəhmət sahibi olan Allah dürüstlərin və səmimi möminlərin qarşılaşdığı gözəl nəticəni Quranda belə bildirmişdir:
”Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur” (Maidə surəsi, 119)
Yalan danışmağın doğru davranış olmadığı barədə hamı həmfikirdir. Ancaq bu, yalnız sözdə qalır, çünki insanların əksəriyyəti bu çirkin davranışı çəkinmədən edirlər. Bunun səbəbi, yalanı məqbul hala gətirmək üçün “ağ yalan”, “kiçik yalan” kimi örtüklərlə günahsız və qanuni bir davranış kimi göstərilməsidir. Halbuki, yalanın yaxşısı-pisi, böyüyü-kiçiyi olmaz. İnsan Allah qatında etdiklərindən məsul olduğunu unutmamalı və nə vəziyyətdə olursa olsun, mütləq doğrunu söyləməlidir. Quran əxlaqına uyğun olan doğru davranış budur.