Səmada qanadlarını açaraq süzən quşa heyran olmayan yoxdur. Bu gün hər kəs quşların bioloji xüsusiyyətləri sayəsində uçduğunu bilir. Ancaq bəzi insanlar quşların bu xüsusiyyətlərə necə yiyələnmələrini spekulyasiya mövzusuna çeviriblər.
Ağıl və vicdanla düşünən insanlar isə quşların tüklərinin quruluşu, sümüklərinin yüngüllüyü və ikiqat tənəffüs sistemini əsas götürərək bu xüsusiyyətlərin hamısı birlikdə olmazsa, uçmağın mümkün olmayacağını və bunların ancaq üstün ağılın əsəri olduğunu düşünürlər. Bəzi insanlar isə bunun təbiətdə öz-özünə inkişaf etdiyini bildirir və "vicdanla doğrunu bilmələrinə baxmayaraq", quşu var edən üstün ağılı, yəni Allahı inkar edirlər. Bundan başqa, kərtənkələ və ya dinozavra bənzər sürünənin milçək qovarkən, ya da ağacdan-ağaca tullanarkən zamanla inkişaf edib uçduğunu iddia edirlər.
Heç bir dəlilə əsaslanmayan bu hekayə dünyanın hər yerində elmi fikir kimi təqdim edilir və darvinist diktatorluğun təzyiqi ilə yüz milyonlarla insan buna inanır.
Əslində, bu, yeni fikir deyil. Bu fikir Misir, Babil və Şumer sivilizasiyaları dövründən etibarən davam edir. Şumer yazılarında yaradılışı inkar edən və canlıların təsadüf nəticəsində mərhələli şəkildə əmələ gəldiyini iddia edən ifadələrə rast gəlinib. Misirlilər də öz batil dinlərinə uyğun olaraq "ilan, qurbağa, soxulcan və siçanların Nil çayının palçıqlarından meydana gəldiklərinə" inanırdılar.
Buradan aydın olur ki, Nəmrud və ya Firon dövründən Allaha inananlara hücum edən cəmiyyətlər və fikirlər hər zaman mövcud olmuşdur. Ancaq bu gün onlar əvvəlki dövrlərlə müqayisədə daha mütəşəkkildirlər və əllərində media adlanan qüvvə var. Həyatın Allahın yaratması ilə deyil, təsadüfən əmələ gəlməsinə dair fikirlərini məktəblərdə şagirdlərə məcburən sırımağa çalışırlar. Yüz minlərlə müəllim və professor minlərlə məktəb və universitetdə darvinist diktatorluğun təzyiqi ilə təkamül nəzəriyyəsini yeganə elmi həqiqət kimi tədris edir. Gənclər kitablar və sənədli filmlər vasitəsilə dinozavrların milçək qovarkən quş olduğu, çayda balıq ovlayan ayıların balinaya çevrildiyi kimi cəfəngiyyatlara inanırlar.
Heç kim və heç bir dövlət rəhbərliyi bu təhsil sistemini dayandırmır. İslam dövləti kimi tanınan ölkələr belə təkamül inancına boyun əyiblər.
Bu gün məktəblərdə, mətbuatda və mediada aparılan darvinist təbliğat nəticəsində insanların imanı hücuma məruz qalır. Baxmayaraq ki, bir çox müsəlman Allahı inkar edən bu sistemdən əziyyət çəkir, amma onlar səslərini çıxarmır, bu vəziyyətə qarşı mübarizə apara bilmirlər. Batil darvinist diktatorluq dəccali sistem olduğundan bütün dünya üçün böyük təhlükə törədir. Bu gün baş verən müharibələr, qətllər, müstəmləkəçi təfəkkürlər, əxlaqi çöküntülər və bütün fəlakətlərin səbəbkarı Allahı açıq şəkildə inkar edən azğın fikir sistemi olan darvinizmdir (Allahı tənzih edirik). Müsəlmanlar bu batil sistemə qarşı elmi mübarizə aparmalı və təkamül nəzəriyyəsini çürüdən dəlilləri mümkün olan hər yerdə yaymalıdırlar.
Tarixdə ilk dəfədir ki, yer üzündə Allahı inkar etmək bu qədər çox və geniş yayılıb. Əlbəttə ki, uca Allah bu çirkin cəsarəti nəticəsiz qoyacaq və dünyaya İslam əxlaqını hakim edəcək. Allah bu vədini bir Quran ayəsində belə bildirib:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir... (Nur surəsi, 55)
Şübhəsiz ki, Allah diləmədikcə heç bir dəccali qüvvə ayaqda dura bilməz.
«Nur» surəsinin 55-ci ayəsində İslam əxlaqının bütün dünyaya hakim olacağı, insanların İslam əxlaqının gözəlliyi ilə yaşayacağı dövrdən bəhs edilir. Bu, Mehdiyyət dövründə, yəni bu əsrdə baş verəcək. Müsəlmanların mənəvi lideri, öndəri isə Mehdi (əs) olacaq.
Peyğəmbərimiz (səv) də inananların bu qələbəsinin Mehdi (əs) vasitəsilə olacağını və İslam əxlaqının dünyaya hakim olacağı dövrdə sülh, sevgi və zənginliyi ətraflı şəkildə bildirmişdir.
Müsəlmanların imanlarının yer üzündə möhkəm təməllərlə qəlblərə yerləşməsi inkarın güclü göründüyü və müsəlmanların xilaskar istəməsindən sonra baş verəcək. Müsəlmanlar hər çətin dövrdə mənəvi lider, xilaskar gözləmişlər. Bu, Quranın hökmünün tələbidir.
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz ? (Nisa surəsi, 75)
Ayədən məlum olur ki, müsəlmanlar onları güclü görünən kafirlərdən qoruyan Mehdiyə (əs) tezliklə qovuşmaq üçün Allaha dua etməlidilər. Eyni zamanda da bütün dünyanı bürüyən dəccali sistemə və bütün fəlakətlərin səbəbi olan təkamül nəzəriyyəsinə qarşı elmi və təsirli mübarizə aparmalıdırlar. Şübhəsiz ki, bütün güc Allaha məxsusdur. Qalib gələnlər isə daim Allahın tərəfdarları olacaq:
Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)