Təktanrılı dinlərin təkamüllə çoxtanrılı dinlərdən əmələ gəlməsi yalandır
Təxminən bir əsr əvvəl, Çarlz Darvinin “Növlərin mənşəyi” adlı kitabı hələ ilk dəfə nəşr olunduğu dövrdə təkamül anlayışı materialist və ateist kütlələrin dəstəyini qazanmışdı. Dövrün bəzi mütəfəkkirləri insanın ətrafındakı hər şeyi təkamüllə açıqlayırdılar. Onların fikrincə, hər şey “ibtidai”dən başlayır, daha sonra aliyə doğru inkişaf edirdi.
Bu yanlış fikri bir çox sahəyə tətbiq etməyə çalışdılar. Məsələn, iqtisadiyyatda marksizm təkamül xarakterli inkişafın labüd olduğunu və nəticədə, bütün millətlərin kommunizmi qəbul edəcəyini iddia edirdi. Bunun ancaq təxəyyül məhsulu olduğu və marksizmin irəli sürdüyü iddiaların həqiqətləri əks etdirmədiyi zaman keçdikcə aparılan təcrübələrlə sübut edildi.
Eyni şəkildə, sosiologiya, antropologiya, tarix kimi elm sahələrinə də təkamül nəzəriyyəsi təsir etmiş, ancaq son əsrdə əldə edilən məlumatlar və elmi irəliləyişlər bu mənfi təsiri aşkar etmişdir.
Bütün bu təkamül nəzəriyyələrinin ortaq cəhəti isə Allah inancına qarşı olmaları idi. Dinlərin təkamülü yalanı da bu məqsədlə və bu fəlsəfi təməl üzərində irəli sürüldü. Bu yalanın qabaqcıl tərəfdarlarından Herbert Spenserin (Herbert Spencer) həqiqətdənkənar iddialarına görə, bəşəriyyətin ilk dövrlərində heç bir dini inanc yox idi. “İlk dinlər” isə ölülərə tapınmaqla başlamışdı. Dinlərin təkamülü yalanını müdafiə edən digər antropoloqlar isə daha fərqli hekayələr uydurdular. Bəzilərinə görə, dinin mənbəyi animizmə (təbiəti canlandırma, təbiətin ruhu olduğuna inanma) və bəzilərinə görə, totemizmə (insana, qrupa və ya əşyaya tapınma) əsaslanırdı. Başqa bir antropoloq E. B. Teylorun fikrincə, tarixdə sıra ilə animizm, manizm (ölmüş əcdadların ruhuna tapınma), politeizm (çoxtanrılılıq) və sonda monoteizm (təktanrılılıq) gəlirdi.
Halbuki XIX əsrin ateist antropoloqları tərəfindən masa arxasında yazılan ssenarilərlə irəli sürülən və daha sonra daima gündəmdə tutulan bu nəzəriyyə yalandan başqa bir şey deyildi. Arxeoloji və tarixi tapıntıların da göstərdiyi kimi, sözügedən şəxslərin iddialarının əksinə, tarixin ilk dövründən etibarən Allahın peyğəmbərləri vasitəsilə insanlara vəhy etdiyi haqq din mövcud olmuşdur. Ancaq hər dövrdə haqq dinlə birlikdə batil inanclar da olmuşdur. Dövrümüzdə də Allahın bir və tək olduğuna iman gətirən, Rəbbimizin nazil etdiyi dinə tabe olan insanlar olduğu kimi, daşdan, taxtadan düzəldilmiş bütlərə, bəzi ruhlara, şeytana, müxtəlif heyvanlara, əcdadlarına, Günəşə, Aya, ulduzlara tapınan insanlar da var. Habelə, bu insanların əksəriyyəti müasir, inkişaf etmiş mühitdə yaşayan insanlardır.
Digər tərəfdən, tarix boyu Allahın göndərdiyi haqq dinlərin əmrlərini, hökmlərini və əxlaqi dəyərlərini pozmağa çalışan insanlar da olmuşdur. Quranda bəzi insanların batil inancları dinə daxil etməyə çalışdığı, beləcə, göndərilən haqq dini dəyişdirib təhrif etdiyi xəbər verilmişdir:
Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitabı yazır, sonra da: “Bu, Allahın vəhyidir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına! (Bəqərə surəsi, 79)
Bu vəziyyət Allahın varlığına və birliyinə inanan və Rəbbimizin bildirdiyi hökmlərə tabe olan bəzi insanların zaman ərzində haqq dindən uzaqlaşmasına və batil inanclara yönəlməsinə səbəb olmuşdur. Beləliklə, bəzi batil inanclar üzə çıxmışdır. Başqa sözlə, bəzi insanların irəli sürdüyü kimi, “dinlərin təkamülü” kimi bir proses əsla baş verməmiş, ancaq haqq dinin müəyyən dövrlərdə insanlar tərəfindən təhrif edilməsi ilə batil dinlər meydana gəlmişdir.
Haqq dinin təhrif edilməsi
XX əsrdə dinlərin mənşəyi haqqında ciddi araşdırmalar aparıldı. Beləcə, dinlərin təkamülü iddialarının heç bir elmi əsası olmayan, təxəyyülün məhsulu olan ssenarilər olduğu çox keçmədən üzə çıxdı. Endru Lenq (Andrew Lang), Vilhelm Şmidt (Wilhelm Schmidt) kimi antropoloqların rəhbərliyi ilə dünyadakı dinlərin tədqiq edilməsi nəticəsində dinlərin təkamül keçirmədiyi, əksinə, zaman ərzində təhrif edildiyi məlum oldu.
Mesopotamiya və Misirdə əldə edilən arxeoloji tapıntılar
Mesopotamiya ovalığı tarixi mənbələrdə “sivilizasiyaların beşiyi” adlandırılır. Mesopotamiya ovalığının yaxınlığında isə antik Misir mədəniyyəti yerləşir.
Bu sivilizasiyalarla bağlı aparılan arxeoloji qazıntılarda diqqət çəkən xüsuslardan biri bu xalqların dini inanclarına dair əldə edilən tapıntılar idi. Əldə edilən yazılı qaynaqlarda saysız-hesabsız saxta ilahların gördüyü işlərdən bəhs edilirdi. Daha çox tapıntı əldə edildikcə və tədqiqatçılar bunları anlamaq üçün faydalı metodlar tapdıqca bu sivilizasiyaların inancları ilə əlaqədar bəzi detallar da üzə çıxmağa başladı. Diqqətçəkən cəhət bu idi ki, bu qövmlərin inandığı batil ilahların hamısından üstün tək bir İlah inancı var idi. Əldə edilən tarixi yazılar və tapıntılar tarix boyu haqq dinin mövcud olduğunu göstərirdi. Mesopotamiya, Misir, hind, Avropa sivilizasiyaları ilə yanaşı, astek, ink, mayyalar kimi Amerika sivilizasiyalarının da tək İlah inancına malik olduğu, onlara haqq dini təbliğ edən elçilər gəldiyini göstərən dəlillər əldə edilmişdir. Çoxtanrılı inancın içində bir Tanrı inancının gizli olduğunu tapan ilk tədqiqatçı Oksford Universitetindən Stefan Lenqdon (Stephan Langdon) idi. Lenqdon 1931-ci ildə əldə etdiyi tapıntıları elm dünyasına xəbər verərkən bu məlumatların gözlənilməz olduğunu deyirdi, çünki bu tapıntılar daha əvvəlki təkamül xarakterli açıqlamalara tamamilə zidd idi. Lenqdon tapıntılarla bağlı belə izah verir:
Mənim fikrimcə, insanın ən qədim tarixi tək tanrı inancının pozularaq çoxtanrılığa və pis ruhlara inanca çevrildiyini göstərir.
Lenqdon 5 il sonra “The Scotsman” jurnalında belə yazırdı:
… Bütün dəlillər əvvəlcə tək Tanrı inancının olduğunu göstərir. Semitik mənşəli xalqların arxeoloji və ədəbi qalıqları da ən qədim zamanlarda belə tək Tanrı inancının olduğunu göstərir. Yəhudi dininin və digər semitik mənşəli dinlərin totemik, bütpərəst mənşədən əmələ gəldiyinin tamamilə əsassız olduğu bu gün artıq məlum olmuşdur.
Birdən çox ilaha tapınma azğınlığı dinlərin təkamülü nəzəriyyəsinin iddia etdiyi kimi, insanların təbiət güclərini təmsil edən bəzi mənfi ruhlara tapınmaları ilə meydana gəlməmişdi. Bir və tək olan İlahın müxtəlif isimləri insanlar tərəfindən zaman ərzində fərqli şərh edilmiş və tək İlah inancı təhrif edilmişdi. Tək İlahın müxtəlif isimləri zaman ərzində çox ilah inancına çevrilmişdi.
Buna bənzər pozulmanın izlərini antik Misirdə də görmək mümkündür. Tədqiqatçılar antik Misirin əvvəlcə təktanrılı inanc sisteminə malik olduğunu, daha sonra bu təktanrılı inancın bəzi insanlar tərəfindən təhrif edilərək Günəşə tapınan “sabiiliyə” çevrildiyini aşkar ediblər. Antropoloq M. De Ruj (M. de Rouge) bu barədə belə deyir:
Misir dini çox sayda tanrının tək Tanrıya çevrilməsi ilə meydana gəlməmişdi. Əksinə, Misir dininin tək Tanrı inancına yaxın olduğu zamanlar bu sivilizasiyanın ən qədim dövrlərinə uyğun gəlirdi. Misir dininin son mərhələləri isə bütün Misir dininin ən çox pozulmuş halı olmuşdur.
Hindistanda batil çoxtanrılı inancın mənşəyi
Hind mədəniyyəti Yaxın şərq sivilizasiyaları qədər qədim olmasa da, dünyanın qədim sivilizasiyalarından biri hesab edilir.
Hindistanda saysız-hesabsız tanrılara tapınılan batil inanclar var. Bu batil dinləri araşdıran tədqiqatçılardan biri Endru Lenqdir. Lenq uzunmüddətli tədqiqatlar nəticəsində çoxtanrılı dinlərin Yaxın şərqdə meydana gəlməsinə oxşar prosesin Hindistanda da baş verdiyini üzə çıxarmışdır.
Edvard Makkreydi (Edward McCrady) də hindlilərin Veda adlı kitablarını tədqiq edərkən hind mədəniyyətinin erkən dövrlərində tanrıların bir üstün İlahın müxtəlif xüsusiyyətləri kimi şərh edildiyini yazır. Veda kitabındakı ilahilərdə də açıq şəkildə təktanrılı tövhid inancının pozulmasının izlərini görmək mümkündür. Mövzunu təhlil edən tədqiqatçılardan Maks Müller (Max Müller) əvvəlcə tək İlah inancının olduğunu qəbul edir:
Vedada tək Tanrı inancının çoxtanrılı inancdan daha əvvəl olduğunu görürük. Saysız-hesabsız tanrıya dualarında belə tək sonsuz Tanrının zikri göyü duman kimi örtmüş bütpərəst anlayışın arasından mavi səmanın görünməsi kimi üzə çıxır.
Buradan bir daha məlum olur ki, dinlərin təkamülü baş verməmişdir, əksinə, insanların haqq dinə bəzi batil inanclar əlavə etməsi və ya bəzi əmr və qadağalara etinasız yanaşması ilə dini inanclar zaman ərzində təhrif edilmişdir.
Avropa tarixində dinlərin təhrif edilməsi
Tarixi Avropa xalqlarının inanclarında da bənzər pozulmanın izini görürük. Məsələn, qədim yunan batil inancları üzərində tədqiqat aparmış Aksel V. Persson (Axel W. Persson) “Tarixdən əvvəl yunan” adlı əsərində belə yazır:
Əvvəl mövcud olan tək Tanrı inancı daha sonra yunan dini miflərində gördüyümüz saysız-hesabsız əhəmiyyətsiz tanrı şəxsiyyətlərə çevrilmişdir. Mənim fikrimcə, bu bir çox ilahın varlığı tək və bir olan Tanrını tərif edən müxtəlif isimlərin zaman ərzində fərqli şərh olunmasına bağlıdır.
Eyni pozulmanın izlərini İtaliyada da görmək mümkündür. Arxeoloq Rozenzveyq (Rosenzweig) qədim Etrusk dövrünə uyğun gələn “İkviun lövhələri” (İguine tablets) üzərində apardığı təhlillərdə: “İlahlar əvvəlcə isimlərin müxtəlif xüsusiyyətlər kimi şərh olunması nəticəsində meydana gəlir”, -deyir.
Qısaca desək, təqribən bir əsr ərzində əldə edilən bütün antropoloji və arxeoloji tapıntılar tarix boyu xalqların əvvəlcə tək Tanrı inancına malik olduğunu, ancaq zaman ərzində bu inancın təhrif edildiyini göstərir. Əvvəlcə hər şeyi yoxdan yaradan, hər şeyi görən və bilən, bütün aləmlərin sahibi olan Allaha inanan xalqlar zaman keçdikcə Rəbbimizin isimlərini ayrı-ayrı ilahlar kimi düşünmüş və birdən çox batil ilaha tapınmağa başlamışlar. Haqq və gerçək din bir və tək ilah olan Allaha ibadət edilən dindir. Çoxtanrılı dinlər isə Rəbbimizin hz. Adəmdən etibarən insanlara vəhy etdiyi haqq dinin insanlar tərəfindən təhrif edilməsi nəticəsində meydana gəlmişlər.
Allahın vəhy etdiyi haqq din
Yer üzündə fərqli ərazilərdə yaşayan və yaşamış xalqların dini dəyərlərinə və mədəniyyətlərinə nəzər saldıqda ortaq inanca malik olduqlarını görürük. Aralarında mədəni mübadilənin baş verməsinin qeyri-mümkün olduğu xalqların dinlərində mələk, cin və şeytan kimi insanla eyni məkan ölçüsündə yaşamayan varlıqlardan axirət inancına, insanın palçıqdan yaradılmasından edilən ibadətlərə qədər bir çox ortaq cəhət var. Məsələn, Nuh tufanı haqqında məlumatlar şumer qaynaqlarında, Çin yazılı mənbələrində, Qaller, Litva inanclarında və bir çox müxtəlif xalqların mədəni irsində mövcuddur.
Bu həqiqət din əxlaqını bir və tək olan uca İlahın, yəni aləmlərin Rəbbi olan Allahın vəhy etdiyini göstərən dəlillərdən biridir. Dünyanın hər tərəfindəki müxtəlif xalqlar eyni uca məqamdan gələn, bənzəri olmayan bir tək İlahın varlığını xəbər verən dinlərlə tərbiyə ediliblər. Rəbbimiz hər dövrdə üstün etdiyi bəzi seçilmiş qulları vasitəsilə Özünü insanlara tanıtmış və insanlar üçün seçdiyi dini bildirmişdir. Allahın son vəhyi olan Quranda “hər qövmün bir doğru yolgöstərən rəhbəri olduğu (Rəd surəsi, 7)” xəbər verilmişdir. Başqa ayələrdə isə Allahın hər xalqa xəbərdar edən göndərdiyi belə bildirilir:
Biz heç bir məmləkəti onu xəbərdar edənlər olmadan məhv etmədik. (Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım deyilik! (Şüəra surəsi, 208-209)
Bu mübarək elçilər xalqlarına bir və tək olan Allaha iman gətirməyə və qulluq etməyə dəvət etmiş, yaxşılığı əmr edib pislikdən çəkindirmişlər. İnsanlar Rəbbimizin qatında seçilmiş müqəddəs elçilərə və onların miras qoyduğu ilahi kitablara tabe olmaqla xilas ola bilərlər. Rəbbimizin aləmlərə rəhmət olaraq göndərdiyi son Peyğəmbər hz. Muhəmməd (s.ə.v) və Allahın əbədiyyən qoruduğu son ilahi kitab Qurani-kərim də bəşəriyyətin ən doğru yolgöstəricisidir.