Quranda mömin qadınlara atılan böhtanlara diqqət yetirilir və möminlərin belə böhtanlara necə cavab verdikləri aydın şəkildə bildirilir:
“Şübhəsiz ki, yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.” (Nur surəsi, 11)
“(Murdar əməldən) xəbəri olmayan ismətli mömin qadınları (zinada) günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir. O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın, Haqq olduğunu biləcəklər” (Nur surəsi, 23-25)
Allah möminlərə şər və böhtanla qarşılaşdıqları vaxt bu sözlərin böhtan olduğunu dilə gətirmələrini əmr etmişdir. İnsanların əksəriyyəti dedi-qodudan, yalan olduğunu bilə-bilə qalmaqal yaradan xəbərlərə qulaq asmaqdan və bu xəbərləri yaymaqdan şeytani həzz duyurlar. Allah bu insanlardan Quranda belə bəhs edir:
“Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.” (Maidə surəsi, 42)
Allah Ondan qorxub çəkinən səmimi müsəlmanların əxlaqını isə Quranda belə bildirmişdir:
“Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!” – demədilər? Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsil yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. (Allahım!) Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”– demədiniz? (Nur surəsi, 12-16)
Eyni zamanda Rəbbimiz möminlərə şübhələndikləri və ya imansız olduğunu bildikləri bir şəxsdən xəbər gəldiyində onu ətraflı şəkildə araşdırmaqlarını əmr edir. Əks halda yalan xəbər və ya böhtanla məsum bir insan zərər çəkə bilər. Allah`ın rəhməti ilə belə təhlükə ortadan qaldırılmışdır.
“Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.” (Hucurat surəsi, 6)