Müsəlman ətrafında baş verənlərə heç vaxt laqeyd qalmaz və “mənə toxunmayan ilan min il yaşasın” məntiqi ilə düşünməz. Çünki O, Allah`a təslim olmuşdur, Onun yolundadır və yaxşılığı təmsil edir, baş verən zülm, haqsızlıq və terrorizmə qarşı etinasız yaşamır. Heç bir cinayət törətməmiş günahsız insanları öldürən terrorun ən böyük düşməni də müsəlmandır. Çünki İslam dini hər cür terrora qarşıdır.
Dünyada baş verən hadisələr özlərinə zərər vermədiyi müddətcə etinasız davranan insanlar dinin insanlara aşıladığı fədakarlıq, qardaşlıq, dostluq, dürüstlük kimi anlayışlardan məhrum insanlardır. Həyatları boyunca insanların ehtiyaclarını, yaşadıqları çətinlikləri düşünmədən, onların problemləri ilə maraqlanmadan yalnız öz nəfslərinə uyğun yaşayırlar. Halbuki Allah Quranda daim insanlar üçün faydalı işlər edən, ətrafındakı hadisələrə qarşı laqeyd olmayan, insanları doğru yola çağıran əxlaq modelini məqbul göstərmişdir. Bir ayədə ətrafına heç bir faydası olmayan insanlarla daim xeyir gətirən insanlar arasındakı fərq belə müqayisə edilir:
Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nahl surəsi, 76)
Ayədə də ifadə edildiyi kimi, “doğru yolda olub” dininə bağlı, Allah`dan qorxub çəkinən, mənəvi dəyərlərə əhəmiyyət verən, vətəninə, millətinə və insanlığa şövqlə xidmət edən insan cəmiyyətə böyük faydalar verir. Buna görə insanların həqiqi dini öyrənmələri və Quranın göstərdiyi gözəl əxlaqı yaşamaları son dərəcə vacibdir. Bu üstün əxlaqı yaşayan insanları Allah bir ayəsində belə təsvir edir:
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allah`a aiddir. (Həcc surəsi, 41)
Allah yaxşılıq etməyi əmr edir
Müsəlman Allah`ın əmrlərinə əməl edən, Quran əxlaqını dəqiqliklə həyata keçirən və dünyanı gözəlləşdirməyə, sülh və əmin-amanlığı hakim etməyə cəhd edən insandır. Məqsədi insanlarla gözəl rəftar etmək, yaxşılıq etmək və onlara faydalı olmaqdır. Qasas surəsində belə bildirilir:
.... Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz (Qəssas surəsi, 77)
İslam dinini yaşayan bir insanın məqsədi Allah`ın razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Bu yolda çox ciddi səy göstərməlidir, Allah`ın razı olacağı əxlaqı dünya həyatında ikən qazanmağa çalışmalıdır. Bu əxlaqın əsas xüsusiyyətləri isə mərhəmət, şəfqət, ədalət, dürüstlük, təvazökarlıq, insanpərvərlik, fədakarlıq və səbirdir. Mömin insanlara qarşı gözəl rəftar edər, xeyir işlərdə yarışar, yaxşılıq və fədakarlıq edər. Allah ayələrdə belə buyurur:
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)
Ayədə də ifadə edildiyi kimi, Allah iman gətirənlərdən insanlar ilə gözəl rəftar etmələrini, yaxşılıqda bir-birlərinə kömək etmələrini, fitnə-fəsaddan uzaq durmalarını istəyir. Yaxşılıq edənləri “... Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər...” ayəsi ilə xəbər verir, pislik edənləri isə “... Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz...” (Ənam surəsi, 160) şəklində xəbər verilir.
Allah kitabında insanlara özünü “ürəklərində olanı bilən” kimi tanıtmış və “hər cür pis əməldən çəkinmələrini” bildirmişdir. Bu vəziyyətdə “Allah`a təslim olan” mənasını verən “müsəlman” adını daşıyan bir insanın dünyada terrora qarşı mübarizə aparan insan olacağı aşkardır.
Quran əxlaqı ədaləti tələb edir
Allah`ın Quranda təsvir etdiyi həqiqi ədalət insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm etməyi, insanların haqqını müdafiə etməyi, zülmə göz yummamağı, zalıma qarşı məzlumu qorumağı əmr edir. Bu ədalət hadisələri hər tərəfli araşdırmağı, düşünmədən fikir bildirməməyi, tərəfsizliyi, dürüstlüyü, insanpərvərliyi, mərhəməti və şəfqəti tələb edir. Məsələn, hadisələri ədalətli qiymətləndirə bilməyən, həyəcan və hislərinə təslim olan insan doğru qərar verə bilməyəcək, duyğularının təsiri altında qalacaq. Halbuki ədalətlə hökm verən insan bütün fərdi duyğu və düşüncələrini bir tərəfə buraxmağı, hər vəziyyətdə doğrunun tərəfini saxlamağı, dürüstlükdə və ədalətdə heç bir zaman güzəştə getməməyi Quran əxlaqı çərçivəsində öyrənir. İnsan elə əxlaqa sahib olmalıdır ki, öz mənfəətlərindən əvvəl qarşı tərəfi düşünməli, özünə zərər gəlsə belə, əgər qarşı tərəf haqlıdırsa, ədalətli olmalıdır. Allah Nisa surəsinin 48-ci ayəsində “insanlar arasında hökm edildiyində ədalətlə hökm edilməsini” əmr edir.
Allah`dan qorxub çəkinən və axirət günü hesab verəcəyini bilən insan Allah`ın rizasını qazanmaq üçün ədalətlə hökm edir. Bilir ki, Allah etdiyi, söylədiyi hər sözə və fikrindən keçən hər düşüncəyə görə onu axirət günündə hesaba çəkəcək və əməllərinin əvəzini görəcək. Quranda ədalətin necə olması bildirilmiş, iman gətirənlərə hadisələr qarşısındakı davranışları və ədalətin necə tətbiq olunacağı təsvir edilmişdir. Bu iman gətirənlər üçün çox Allah`dan bir rəhmətdir. Buna görə də, iman gətirənlər həm Allah`ın razılığını qazanmaq, həm də rahat, hüzurlu və sülh içində həyat yaşamaq üçün insanlar arasında ədaləti bərqərar etməklə məsuldur.
Allah`ın Quranda əmr etdiyi ədalət dil, din, irq və etnik mənşəyinə fərq qoymadan, bütün insanlar arasında bərabər olaraq tətbiq olunan ədalətdir. Qurandakı ədalət anlayışı yer, zaman və insanlara görə dəyişmir. İndiki zamanda dünyanın dörd bir tərəfindəki insanlar irqləri ya da dərilərinin rənginə görə zalım və ədalətsiz rəftarla qarşılaşırlar. Halbuki Quran əxlaqında fərqli xalqların və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların “bir-birləriylə tanış olmaları” bildirilir. Allah`ın qulu olan fərqli millətlər və ya qəbilələr bir-birlərini tanımalı, yəni bir-birlərinin fərqli mədəniyyətlərini, dillərini, ənənələrini, qabiliyyətlərini öyrənməlidirlər. Fərqli irq və millətlərin mövcud olmasının məqsədi qarşıdurma və döyüş deyil, mədəni zənginlikdir.
Bu müxtəliflik Allah`ın yaradılışındakı gözəllikdir. Bir insanın daha uzun boylu, birinin isə qısa boylu olması, bir insanın dərisinin ağ, digərinin sarı rəng olması bu adama hər hansı üstünlük gətirmədiyi kimi, əksiklik də gətirmir. Bunların hər birini Allah çox böyük hikmətlərlə yaratmışdır. Bu fərqliliklərin Allah Qatında heç bir əhəmiyyəti yoxdur. İman gətirən bir insan tək üstünlüyün təqva ilə, yəni Allah qorxusu və Allah`a imandakı üstünlüklə olduğunu çox yaxşı bilir.