Bu gün ən çox Qərbdə istifadə edilən “Radikal İslam” anlayışı İslamın və Quranın əsaslarına tamamilə zidd bir anlayış kimi 20-ci əsrin ikinci yarısında ortaya çıxmışdır. İslam inancının şiddət, qiyam və inqilab yolu ilə hakim edilməsi və cəmiyyətlərə qəbul etdirilməsi kimi yanlış zehniyyəti müdafiə edən bir sıra yazıçı və ideoloqlar bu anlayışın yaranmasına zəmin hazırladılar.
1979-cu ildə SSRİ-nin Əfqanıstanı işğal etdiyi dövrdə yaradılan Əl-Qaidə və buna bənzər təşkilatlar “Radikal İslam” anlayışının dünya miqyasında tanınmasına yol açdılar. 1990-cı il Körfəz müharibəsinin ardınca ortaya çıxan, 2000-ci illərdə İraq və Əfqanıstan müharibələri dövründə getdikcə güclənən sələfi cərəyanların bir qismi də bu zehniyyəti mənimsədi.
11 Sentyabr hücumundan indiyədək davam edən, yaxın tarixdə İŞİD və buna bənzər sələfi təşkilatların törətdiyi terror hadisələri ilə hazırda “radikal terror” və “İslami terror” kimi anlayışlar ortaya çıxmışdır. Bunun nəticəsində hazırda radikalizm və terror anlayışları bir çoxları tərəfindən haqsızcasına İslam dini və müsəlmanlarla əlaqələndirilir.
Halbuki tarixi və sosioloji baxımdan araşdırdıqda “radikal” və “radikalizm” kimi anlayışların çox illər əvvəl də İslamla əlaqələndirildiyini görmək olur.
Britannika ensiklopediyası “radikal” anlayışının siyasi olaraq ilk dəfə 1797-ci ildə İngiltərə Parlamentindəki Viq qrupundan olan millət vəkili Çarlz Ceyms Foks tərəfindən ortaya atıldığını bildirir. Hər cür siyasi fikir və ideologiyanı təzyiq, şiddət və terror yolu ilə üstün etmək, mövcud sistemi inqilab yolu ilə kökündən yıxmaq istəyən zehniyyəti ifadə etmək üçün “radikalizm” kəlməsindən istifadə olunmağa başladı.
Gördüyünüz kimi, radikalizm fikir, düşüncə və inancların mahiyyətindən daha çox, bunların məcburi şəkildə qəbul etdirilməsi ilə bağlı zorakı ideoloji vasitədir. Məsələn, hədsiz solçu siyasi fikirləri demokratik yollarla deyil, qanlı kommunist inqilabla hakim etmə və yaxud hədsiz sağ milliyətçi fikirləri parlament sistemi ilə müdafiə etmək əvəzinə, faşist üsullarla insanlara qəbul etdirmə cəhdlərini radikalizmə misal çəkmək olar.
Eyni qaydada, dini inancı və ya həyat tərzini təlqin etmək, dini ideyaları həyata keçirmək üçün təzyiq, şiddət, terror və müharibə yolunu seçmək də birbaşa radikalizmdir.
Halbuki səmavi dinlər mahiyyət etibarilə sevgi, sülh, qardaşlıq, fədakarlıq, yardımlaşma kimi ortaq və müqəddəs dəyərləri özündə ehtiva edir. Lakin bu dinlərin bəzi mənsubları sonradan radikalizm “tor”una düşürlər.
Mənası sülh və rifah olan “İslam” sözünün radikalizm kimi vəhşi və qorxunc bir zehniyyətlə birlikdə işlədilməsi, həqiqətən də, yanlış və ziddiyyətlidir. Belə ki, İslamın yeganə güvənilən mənbəyi olan Quranda radikalizmə heç bir əsas tapmaq mümkün deyildir. Əksinə, Quran ayələri inanc və düşüncə azadlığını hazırki müasir cəmiyyətlərdə olduğundan daha yüksək səviyyədə müdafiə edir. Quran çox açıq şəkildə İslamda məcburiyyət olmadığını bildirir (2: 256) və başqasının dininə qarışmağa heç bir qaydada icazə vermir (109: 4-6).
Quranda təzyiq, şiddət, terror bir yana qalsın, inanc və ibadətlərə müdaxilə mövzusunda ən kiçik məcburiyyət belə tətbiq edilməməsi buyurulmuşdur. Quran inananlara onların yalnız xəbərdaredici olduqlarını və insanlar üzərində güc sahibi olmadıqlarını bildirir. (88:21-22, 50:45)
Lakin bu gün İslam dünyasının böyük hissəsi bilmədən də olsa, Quranı tərk etmiş və onun əvəzinə Qurana tamamilə zidd olan, xurafatçı din modelini yaşamağa başlamışlar. Onlar qədim qəbilə mədəniyyətlərindən qalan adət-ənənələri, alim hesab etdikləri müxtəlif səmimiyyətsiz “din adamları”nın Qurana zidd izahlarını, haqsız yerə Peyğəmbərimizə isnad edilən uydurma rəvayətləri və çoxlu sayda xurafatları İslamiyyət sanaraq mənimsəyib tətbiq edirlər.
Allahın Qurandakı “bir günahsız insanı öldürməyi bütün insanlığı öldürməyə bərabər tutan” (Maidə surəsi, 32) hökmünə baxmayaraq, İslam adı altında kamikadze (intihar bombalayıcısı) halına gəlmək bəhs edilən cəmiyyətin Qurandan uzaq yaşadığının dəlillərindən biridir. Bu düşüncədəki bir insanın özü ilə birlikdə onlarla günahsız insanı qətl edərək cənnətə girməyi gözləməsindəki ziddiyyətin mənbəyi yenə də Qurandan uzaq olan bu xurafatçı din anlayışıdır.
Məhz bu səbəblərə görə, Qurandan uzaq və cəhalət içində yaşayan cəmiyyətlərin qlobal istismarçı sistem tərəfindən radikalizmə sürüklənməsi, hər cür provokasiya, manipulyasiya və siyasi oyuna alət edilməsi heç də çətin olmur. Bu cəmiyyətlər istismarçı sistemin başında dayanan bir sıra qüvvələr tərəfindən dünyanın yenidən formalaşdırılmasında nə etdiklərini dərk etmədən sanki oyuncaq kimi istifadə edilirlər.
Nəticə etibarilə, radikalizm heç bir ilahi dinin məzmununda və əsasında olmayan, hətta bu əsaslardan tamamilə uzaq olan xurafatçı sistemlərə asanlıqla yeridilə bilən azğın bir zehniyyətdir. İslam dünyasını xurafatçılıq bəlasından, bütün dünyanı radikalizm və terrorun pəncəsindən qurtarmanın yeganə yolu o insanları İslamın əslinə, yəni Qurana yönəltməkdir. Bu da hərbi əməliyyatlarla deyil, ancaq əsaslı təhsil sayəsində mümkün olacaqdır.
Adnan Oktarın “Kashmir Reader” və “Riyadh Vision”da yayımlanan məqaləsi:
http://kashmirreader.com/2017/07/16/radicalism-islam-two-diametrically-opposite-concepts/
http://www.riyadhvision.com.sa/2017/07/18/radicalism-and-islam-two-diametrically-opposite-concepts/