Hal-hazırda İslam dünyasında axan qanın ilkin səbəblərindən biri müsəlmanlar arasındakı ixtilaflardır. Quranda müsəlmanlara bir-birlərinin qardaşları olduqları bildirilmişdir, lakin bəzi müsəlmanlar bu əxlaqdan uzaqlaşaraq bir-birlərini düşmən kimi görürlər. Əsl İslama zidd olan bu xurafatlara görə də bir-birlərini öldürməyi və qardaş qanını tökməyi qanun hesab edirlər.
Müsəlmanlar arasında yaşanan bu ixtilaflar və qarşıdurmalar çox ciddidir. Dünyanın əksər yerində müsəlmanlar şiddətə məruz qalırlar. Bu problemin həlli Quran əxlaqına əməl etməkdir.
Yalniz İslam ölkələri öz aralarındakı münaqişələri bitirib birləşdikləri zaman müsəlmanlara edilən zülmlər və qırğınlara son qoyulacaq. Bu birliyə üzv olan dövlətlər öz müstəqilliklərini və milli sərhədlərini qorumaqla yanaşı, İslam mədəniyyəti adı altında birləşərək ortaq siyasət inkişaf etdirə bilərlər. Lakin hal-hazırda davam edən məzhəb münaqişələrinə görə müsəlmanlar parçalanmış vəziyyətdədir və əksər ölkələr bu zülmü kənardan izləyir.
Allah Quranda bütün müsəlmanlara birləşərək, dünyadakı zülmə qarşı elmi mübarizə aparmalarını əmr etmişdir. Bu, Allah`ın bütün müsəlmanlara fərz qıldığı hökmdür, lakin müsəlmanlar aralarındakı ixtilaflara görə bu əhəmiyyətli hökmü yerinə yetirmirlər.
Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimdir və Allah haram və halal buyurduğu hər şeyi Quranda bildirmişdir. Allah ayələrdə müsəlmanlar arasında gərginlik yaşanmasının Quran əxlaqına uyğun olmadığını bildirmişdir.
İslam əxlaqında ayrılıq deyil, birlik vardır. Bu birliklə müsəlmanların Quran əxlaqına uyğun olaraq yaxşılıq uğrunda birləşmələri öyrədilmişdir. Bölünmə, yəni bir birliyin özünü başqa birlikdən üstün tutması və ya müsəlmanların mənfəətləri yerinə öz maraqlarını güdməsi kimi anlayış isə İslam əxlaqında yoxdur.
Bütün İslam aləminin hüzuru, dincliyi və yaxşılığı üçün Quranda da bildirildiyi kimi, "birlik və bərabərlik" ruhu yaşanmalıdır. Allah Quranda əks təqdirdə müsəlmanların güclərini itirəcəklərini bildirmişdir:
Allah’a və Onun elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (“Ənfal” surəsi, 46)
İslam dünyasında yaşanan bəzi problemlərə görə çox vaxt Qərbi günahlandırırlar. Lakin əsl günahkar ixtilafdan heç cür xilas ola bilməyən İslam dünyasıdır.
Allah`ın Quranda bildirdiyi kimi birlik yaratmaq və İslam əxlaqına görə yaşamaq İslam dünyasını örtən qara buludları sürətlə uzaqlaşdıracaq. Allah`ın bizə Quranda göstərdiyi həll yolu da budur.
Bu ittifaq yaranmadığı təqdirdə, Allah bizi bu torpaqlar üzərində böyük fitnə-fəsad olacağı ilə xəbərdar etmişdir:
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz, (bir-birinizə yardımçı olmasanız) yer üzündə fitnə və böyük bir fəsad baş verər. (“Ənfal” surəsi, 73)
İslam dünyasının ən əhəmiyyətli hədəflərindən biri fərqli camaatlar, məzhəblər və qruplar arasında qarşıdurma yaranmamış ortaq mövqe tapmaqdır. Bu birlik vəsiləsi ilə İslamın gözəlliyi və bərəkəti bütün dünyaya yayılacaq. Belə güclü mənəvi birlik həm ölkələrin daxili problemlərini həll edəcək, həm də digər xalqların müsəlman ölkələrinin daxili işlərinə müdaxilə etməsinin qarşısını alacaq. Bu birliklə məzhəb və qruplaşmalar arasındakı getdikcə artan ixtilaflar da sona çatacaq.
İslam dünyası birlikdə, eyni bədən kimi hərəkət etdiyi təqdirdə güclü olacağını unutmamalıdır. Bədiüzzaman Səid Nursi həzrətlərinin “Lemalar” adlı kitabında (21. Lema) ifadə etdiyi kimi, bir bədənin bütün orqanları ancaq "birlik" olduğu zaman dinclik içindədir və bütün bu orqanlar eyni fabrikin işçiləri kimi çalışırlar: "Çünki insanın bir əli digər əli ilə rəqabət etməz, bir göz digərini tənqid etməz, dili qulağına etiraz etməz, qəlb ruhun eyibini görməz. Bəlkə bir-birinin xətasını, qüsurunu örtər, ehtiyacını qarsılayıb vəzifəsinə kömək edər. Əks təqdirdə o insanın həyatı sönər, ruhu qaçar, cismi də dağılar."
İslam dünyasının hüquqları da yalnız bu birliklə qorunar. Bunun nəticəsində bütün ayrılıqlar, haqsız tətbiqlər və zülm sona çatacaq, ortaya siyasi, ictimai və iqtisadi cəhətdən böyük güc çıxacaq.
Əlbəttə ki, İslam dünyasında fərqli mədəniyyətlər və ənənələr vardır. Bu təbii haldır. Lakin bu, ixtilafa səbəb deyil. Fərqli xüsusiyyətlərimizi birləşdirərək inanc birliyi və qardaşlıq mühiti yaratmaq həm çox əhəmiyyətli, həm də asandır.
Müsəlmanlar İslam əxlaqına görə qardaş olduqlarını, irq, dil, millət və ya məzhəb kimi ünsürlərin bunu dəyişdirməyəcəyini heç vaxt unutmamalıdırlar. İslam dünyasındakı fikir ayrılıqları müsəlmanların arasında ixtilafa çevrilməməli, əksinə gözəllik və zənginlik olaraq qiymətləndirilməlidir.
İslam ölkələrinin birliyi dünyadakı bütün müsəlmanların qurtuluşu üçün vacib tələbdir. Unudulmamalıdır ki, bu birlik yaranmadığı təqdirdə İslam dünyasının xilas olması qeyri-mümkündür.