İslam dini göndərildiyindən etibarən hər dövrdə dünyanı aydınladan işıq olub. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və Əshabi-kiram Quran əxlaqının insanlara qazandırdığı üstün və müasir mədəniyyət anlayışının ən gözəl təmsilçiləri olublar. Bu görkəmli sivilizasiyanın təməlində isə təhsilə verilən əhəmiyyət, elm, mədəniyyət və incəsənətə verilən dəyər çox böyük rol oynamışdır. Dövrümüzdə isə inkişaf edən texnoloji imkanların da vasitəsilə məlumat əldə etməyin, öyrənməyin və başqalarına öyrətməyin yolları tarixin heç bir dövründə olmadığı qədər artmışdır. Bu vəziyyət, eyni zamanda, axırzamanda olduğumuzun bir dəlilidir və bütün müsəlmanlar üçün mühüm öhdəlikləri də özü ilə gətirir.
Çünki İslam əxlaqının yayılması ilə meydana gələcək sülh və əmin-amanlıq şəraiti imanlı, bilikli, əxlaqlı, mədəniyyətli nəsillərin yetişdirilməsilə mümkündür. Bu məqsədlə, hər sahədə lazımi təhsilin verilməsi çox vacibdir.
İstər Quran əxlaqının təbliğində, istərsə də insanın Allahın nemətlərini görməsində mühüm rol oynayan elmin, başqa sözlə, təhsil və mədəniyyətin müsəlmanların həyatının mühüm hissəsi olduğu aydındır. Bununla bərabər, hər cəmiyyətdə fərdlərin özlərinə, ailələrinə, ətraflarına, ölkələrinə və bəşəriyyətə faydalı insan kimi yetişdirilməsinin də ancaq hərtərəfli təhsillə mümkün olduğu qəti həqiqətdir. Peyğəmbərimiz (s.ə.v) hər uşaq sahibinin uşağını gözəl yetişdirməli olduğunu bildirmişdir. Bəs İslam əxlaqının tələbinə uyğun təhsil anlayışı hansı bilikləri əhatə edir? Aldığımız təhsilin məqsədi nə olmalıdır? Elm, mədəniyyət və incəsənət sahəsində qabaqcıl olmağın əhəmiyyəti nədir? Hər sahədə bilikli və təcrübəli olmağın hansı faydaları var? Bu suallara ən gözəl cavab digər bütün məsələlərdə olduğu kimi, Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərindədir.
Təhsil və bilik nə üçün vacibdir?
1. Hər sahədə təhsilli və bilikli olmaq Quran əxlaqına uyğun yaşamağın təbii nəticəsidir:
Quran əxlaqına uyğun yaşayan möminlər gözəl əxlaqlarını və yüksək şəxsiyyətlərini Quran biliyi, müasir elmlər, mədəniyyət və incəsənət kimi sahələrdəki bilikləri ilə birləşdirərək İslamı ən gözəl şəkildə təbliğ edirlər. Bu sayədə digər insanlara nümunə olmağı və onların imanlarına səbəb olmağı ümid edirlər. İslamda yeri olmayan davranış formaları və düşüncələrlə ortaya çıxan bəzi cahil insanların Quran əxlaqını təmsil edə bilməyəcəyi çox aşkardır.
İman gətirənlər biliyi Allahın rizasını qazanmaq üçün gözəl yol hesab edirlər. Nə qədər bilikli olsalar, bunun imanlarının artmasına səbəb olacağını, Allaha yaxınlaşmaq məqsədilə elm öyrənmək üçün göstərdikləri cəhdin də, Allahın iznilə, saleh əməl olacağını bilirlər. Məsələn, kosmosu tədqiq edən imanlı elm adamı eyni tədqiqatları edən, ancaq iman gətirməmiş insandan çox fərqli düşünür. Kosmosda gördüyü hər şeyin Allahın sonsuz elminin dəlillərindən olduğuna şahidlik edir, acizliyini daha yaxşı anlayır. Bu yolla, imanı güclənir və ona verilən nemətlərə görə şükür edir. Əldə etdiyi hər məlumat onu ən doğru yola sövq edir, kəşf etdiyi hər təfərrüat Allahın sonsuz gücünə olan heyranlığını artırır. Allah Quranda bilik sahibi olmağın əhəmiyyətini belə bildirmişdir:
De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar!” (Zumər surəsi, 9)
Uca Allaha olan sevgi Onun yaratdığı varlıqlardakı üstün və qüsursuz xüsusiyyətləri oxuyub, araşdırıb öyrənməklə daha da artır. Yaradılış dəlilləri möminlərin üstün güc sahibi, hər şeyin yaradanı olan Rəbbimizdən lazım olduğu kimi qorxmasına da səbəb olur. Allah Quranda belə buyurmuşdur:
Məgər Allahın göydən bir yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli – ağ, qırmızı, tünd qara yollar əmələ gətirdik. İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır! (Fatir surəsi, 27-28)
4. Quran elmə təşviq edir və elmə yol göstərir:
Elm Quranda bildirilən həqiqətlərə uyğun istiqamətləndirildiyi təqdirdə çox sürətlə irəliləyər və bəşəriyyətə daha çox xidmət edər. Allah Quranda insanlara göylər, yer, dağlar, ulduzlar, bitkilər, toxumlar, heyvanlar, gecə ilə gündüzün meydana gəlməsi, insanın öz doğuluşu, yağış və yaradılmış bir çox varlıq üzərində düşünməyi və bu varlıqları tədqiq etməyi bildirmişdir. Bunları tədqiq edən insan bütün canlı və cansız varlıqlarda Allahın üstün yaratma sənətini görər, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi lazımınca tanıyar. Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini görərək bəşəriyyətə açıqlamağın yolu isə elmdir. Tarix boyu Quranda elmə təşviq edən ayələri əsas alan Müsəlman elm adamları həm Allahın əmrini yerinə yetirmək üçün, həm də müsəlmanların rifahı üçün elmi fəaliyyətlərini şövqlə həyata keçiriblər. Əllərindəki bütün imkanlardan Allah rizası üçün elm sahəsində istifadə ediblər. Belə ki, İslam əxlaqı elmə və biliyə gedən bütün doğru yolları açmış, öyrənmək üçün yaş, məkan və zaman məhdudiyyəti qoymamışdır.
5. Din əxlaqına uyğun olmayan fəlsəfələrlə ideoloji mübarizə aparmağın yolu bilikdir:
Din əxlaqına uyğun olmayan ideologiya və fəlsəfələrin bəşəriyyətə verdiyi zərərlərlə, zülm və ədalətsizliklərlə mübarizə aparmağın yolu Quranda bildirilmişdir. İslam əxlaqı zorakılığı, pisliyi deyil, anlayışı, mərhəməti və yaxşılığı tövsiyə edir. “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübarizə apar… (Nəhl surəsi, 125)” ayəsinin hökmünə əsasən, iman gətirənlər bütün bu batil sistemləri araşdıraraq üzə çıxarmalı və hər cür zərərli düşüncəni elmi və ideoloji səviyyədə məhv etməlidir.
Quranda bildirilən təhsil anlayışı çox əhatəlidir. Ən əsas təhsil sahələrindən biri də imanlı insanın şəxsiyyətini, rəftar və davranışlarını, danışıq üslubunu və müraciət formasını və bütün xüsusiyyətlərini Quranda bildirilən üstün əxlaqa yaraşan formaya salması və bu məqsədlə çatışmayan cəhətlərini tamamlaması, xətalı cəhətlərini düzəltməsidir. Çünki bu xüsusiyyətlər təbliğ vəzifəsini yerinə yetirərkən ona kömək edəcək. Girdiyi mühitlərdə Quran əxlaqına uyğun yaşamaqdan qaynaqlanan üstün və fəzilətli xüsusiyyətləri ilə dərhal diqqət çəkəcək və hər kəsin qibtə edərək, baxıb nümunə götürəcəyi və hörmət edəcəyi insan modeli olacaq. Bu, başda Peyğəmbərimiz (s.ə.v) olmaqla, bütün peyğəmbərlərin, elçilərin, səhabələrin və İslam alimlərinin ortaq xüsusiyyətidir. Bu sayədə, bir müsəlman təbliği ilə qarşısındakı insanlara ciddi təsir edə bilər. Əlbəttə, bütün bunlar dua mahiyyəti daşıyan hazırlıqlardır. Qəlblərdə təsir oyadan və hidayət verən ancaq uca Allahdır. Nəticə olaraq, hər sahədə bilikli olmaqla yanaşı, əxlaqı, şəxsiyyəti və xarakterik xüsusiyyətlərilə də heyranlıq oyandıran müsəlman bu səmimi niyyəti və cəhdi ilə İslama gözəl xidmət etmiş olur.
Rəbbimizin bizə rəhbər və rəhmət kimi nazil etdiyi Qurandakı ayələri bilən, Allaha qarşı səmimi olan müsəlman qarşılaşdığı hadisələri Quranın göstərdiyi doğru yollar çərçivəsində hikmətli şəkildə dəyərləndirər. Məsələn, sosial həyata dair bir çox məsələni ayələr işığında sağlam dəyərləndirər, insan xarakterlərini daha yaxşı təhlil edər və problemlərə tez həll yolu tapar. Eyni şəkildə, Allahın canlılardakı yaratma sənətinə dair hərtərəfli biliyə malik olan mömin ayələrdə bildirilən nümunələri daha yaxşı qavrayar və Allahın qədrini daha yaxşı təqdir edər.
İslam tarixindəki təhsil fəaliyyətləri
Tarixi mənbələrdən və hədislərdən Peyğəmbərimizin (s.ə.v.) elmə çox böyük əhəmiyyət verdiyini anlayırıq.
Hz. Muhəmmədin (s.ə.v) yol göstərməsi ilə Quranın nazil edilməsindən sonra çox dinamik olan ərəb cəmiyyətində daimi təbliğ mühiti təmin edilərək insanlara Allahın varlığı və din əxlaqı izah edilmiş, bu yolla günbəgün çox sayda insan İslam əxlaqını tanımışdır. Burada ən əsas amillərdən biri Qurandakı elmi məlumatların insanlara çatdırılmasıdır. O dövrdə elmdə çox irəliləyiş olmasa da, Qurandakı biliklərdən nümunələr verilərək insanlar səmimi şəkildə bunlar üzərində düşünməyə dəvət ediliblər. Quranda bildirilən kainat, doğuluş və canlıların yaradılışındakı xüsusiyyətlər kimi nümunələr izah edildikcə bunların insanlar üzərindəki təsiri böyük olmuş və İslam o dövrdə çox geniş kütləyə yayılmışdır.
Bununla yanaşı, Peyğəmbərimiz (s.ə.v) təhsilin yayılması üçün əvvəlcə məkanlar seçmiş və ehtiyac olan bölgələrə müəllimlər göndərmişdir. Bədr döyüşündən sonra əsirlərə oxuma-yazma öyrətmə qarşılığında onları azad etmə haqqının verilməsi də bu dövrdəki fəaliyyətlərdəndir. Peyğəmbərimiz (s.ə.v) əvvəlcə “suffa” adlanan yataqxanalı məktəb açmış və burada ancaq elm və ibadət əsas götürülmüşdür.
Bundan əlavə, Peyğəmbərimiz (s.ə.v) hər məhəllədə bir məscid qurdurmuş, “Darül-Kurra” adlanan axşam məktəbi formasında təhsil yerləri açdırmışdır. Bugünkü ibtidai sinifə bənzər həmin dövrdəki “kuttab”larda uşaqların təhsilinə əhəmiyyət verilməklə yanaşı, bəzi müsəlmanlar da könüllü şəkildə evlərini oxuma-yazma öyrədilməsi üçün açmışlar.
Ərəblərin ümumi vəziyyəti və Quranın nazil edilməsi ilə əldə edilən böyük sıçrayış
Quran nazil edilən dövrə qədər elmə böyük töhfəsi olmayan ərəblər Quranın Peyğəmbərimizə (s.ə.v) vəhy edilməsindən sonra çox böyük nailiyyətlər əldə ediblər. Bu irəliləyiş həm sosial, həm də elmi sahədə özünü göstərmişdir. Belə ki, müsəlman ərəblərdən dünyada elmi istiqamətləndirən bir çox elm adamı yetişmişdir.
Alman Göte Universitetinin Ərəb-İslam Elmi Tarixi İnstitutunun direktoru prof. dr. Fuat Sezginin mövzu ilə bağlı verdiyi məlumatlar müsəlmanların elm sahəsindəki böyük sıçrayışını əks etdirir:
“İslam dini sadəcə bu elmləri heç bir sivilizasiyada tanımadığım şəkildə inkişaf etdirib və zirvəyə çıxarıb, himayə edib… Din elmə təşviq edirdi, elmi əsla baltalamırdı. Ən böyük alimlərin təbiət elmləri sahəsindəki kitablarını oxuduqda baxırıq ki, “bismillah” ilə başlayır, “əlhamdulillah” ilə bitir. Müasir elm adamı necə çalışırsa, onlar da elə çalışırdılar. Bu şərtlər altında müsəlman dünyasında elm böyük irəliləyiş göstərib”. (www.kimyaokulu.com)
Bu dövrdə həyata keçirilən təhsil fəaliyyətlərində o illərdə yetişən gənclərin yaxşı təhsil aldığı məlumdur. Uşaqların təhsili üçün ilk proqram hz. Ömər tərəfindən hazırladılmış və sonrakı xəlifələr bu sistemi təkmilləşdirmişlər. Əsasən, Quran təhsili ilə yanaşı, dil bilgisi, cəbr və ədəbiyyat dərslərinə də yer verilmişdir.
İslam dövlətinin sərhədlərinin genişlənməsi ilə idarəetmədə söz sahibi olacaq yüksək dərəcəli məmur və şahzadələrin yetişdirilməsi məqsədilə Əməvilər dövründə saray məktəbləri açılmağa başlanmışdır.
İslam dünyasında təhsil və elm sahəsində dönüş nöqtəsi təşkil edən Səlcuqi dövründə ilk dəfə nizamlı dərs proqramları müəyyən edilmiş, zəngin kitabxanalar açılmış və ilk pulsuz təhsil verən Nizamiyyə mədrəsəsi açılmışdır. Bağdadda qurulan bu mədrəsədə dövrün ən böyük alimləri yetişmişdir. Daha sonra ətraf şəhərlərdə buna bənzər təlim-təhsil mərkəzləri qurulmuşdur. Nizamiyyə mədrəsəsindəki dərs proqramları və öyrədilən mövzular daha sonra başda Osmanlı İmperiyası olmaqla, bütün İslam dünyasında əsrlərlə davam etdirilmişdir.
Səlcuqilər dövründə xüsusilə riyaziyyat elmi çox inkişaf etmişdir. Sultan Məlikşah dövründə ədəbiyyatşünaslar daha çox önə çıxmış, bu şəxslər, eyni zamanda, cəbr və həndəsə sahələrində də fəaliyyət göstərmişlər. İslam dünyasının böyük fiqh, kəlam, təfsir və hədisçilərinin çoxu Səlcuqi dövründə yetişmişdir. Müsəlmanlar bu yolla elmə, ədəbiyyata və incəsənətə yol göstərən rəhbər olmuşlar.
Nəticə
Dövrümüzdə ölkələrin inkişafı ilə əlaqədar olaraq çox vaxt təhsilin əhəmiyyətini vurğulayan tədbirlərə, müzakirə proqramlarına və ya məqalələrə tez-tez rast gəlirik. Təhsilin yayılması üçün təşkil olunan bir çox kampaniyanın adını eşidirik. Bütün bunlar, həqiqətən, təqdirəlayiq fəaliyyətlərdir. Çünki cəmiyyəti ancaq yaxşı təhsil almış, yüksək keyfiyyətli mədəni insanlar irəli apara bilər.
Bu vəziyyət yaşadığımız axırzaman üçün də böyük əhəmiyyət daşıyır. Çünki İslam əxlaqının sürətlə yayıldığı bu dövrdə müsəlmanların da boynuna böyük məsuliyyət düşür və bu məsuliyyət yaxın gələcəkdə qat-qat artacaq. İslam əxlaqının bütün dünyada sürətlə yayılması üçün insanlara Quran ayələrini və iman həqiqətlərini oxuyub anlayan, daha sonra da hikmətli şəkildə izah edən müsəlmanlara ehtiyac var. Bununla yanaşı, cəmiyyətdəki səhvləri və problemləri görüb Quran ayələri işığında həll etmək üçün müsəlmanların hər cəhətdən yüksək mədəniyyətə sahib olması çox vacibdir.
Bundan əlavə, keçmişdə olduğu kimi, görkəmli İslam sivilizasiyası qurmaq məqsədilə hər cür elm, mədəniyyət və incəsənət sahəsində qabaqcıl insanlar yetişdirilməlidir. Heç kim: “Mən nə edə bilərəm ki?” – deyə düşünməməlidir. Unutmaq olmaz ki, insanlara bütün bildiklərini öyrədən uca Allahdır. Bütün biliklər Allahın sonsuz elminin təcəllisidir. Bir ayədə belə buyurulur:
Onlar dedilər: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən”. (Bəqərə surəsi, 32)
Bu işdə səmimi niyyətlə Allaha dua etmək çox mühüm başlanğıc olacaq. Bir ayədə möminlərin “…Rəbbim! Elmimi artır! (Taha surəsi, 114)” şəklində dua etdiyi bildirilir. Uca Allah hər zaman iman gətirmiş səmimi qullarını dəstəkləmiş və yardım etmişdir. İman gətirmiş insan bu sahədə ciddi cəhd göstərərsə, çox təsirli nəticələr əldə edə bilər. Müsəlmanlar bu sahədə bir-birləri ilə xeyir iş görməkdə yarışmalıdırlar. Allahın iznilə, XXI əsr müsəlmanların və İslamın elmi və mədəni sahədə də möhtəşəm yüksəliş əsri olacaq. Rəbbimiz bir ayədə belə bildirir:
Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür! (Nisa surəsi, 113)
Terrorun həlli: Quran əxlaqının təbliğ edilməsi
Kommunist, faşist, millətçi və digər ideologiyalardan qaynaqlanan terrora qarşı uzunmüddətli sivil həll yolları tapılmalıdır. Bu gün dünyanın bütün ölkələrində materialist və darvinist təfəkkür təhsilin əsasını təşkil edir. Ancaq güclülərin həyatda qalacağını müdafiə edən və mübarizəni müsbət cəhət kimi görən darvinizm əsrlər boyu bütün dünyanı bəladan-bəlaya sürükləyən böyük bataqlıq kimidir. Bu səbəbdən, terrorla mübarizədə qanunla və güc strukturlarının tədbirləri ilə yanaşı, bütün dünyada böyük təhsil səfərbərliyinə də başlanmalıdır. Darvinizm və materializm yalanının əsl üzünü nəzərə çatdırmaq və Allahın insanlar üçün müəyyən etdiyi gözəl əxlaqı hər kəsə öyrətmək bu təhsilin təməlini təşkil etməlidir. İnsanların həsrətini çəkdiyi əmin-amanlıq və sabitlik ancaq din əxlaqının gətirdiyi gözəlliklər insanlar arasında geniş şəkildə yayıldıqda təmin olunacaq. Çünki bataqlığı qurutmadan bu bəladan xilas olmaq mümkün deyil.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində elm
“Hikmət, əsaslı bilik möminin itirdiyi şeydir. Onu harada tapsa, götürər”. (İbn-i Mâce, 2-ci cild, səh. 1395, Hadis No: 4169.)
“Məndən bircə söz də öyrənsəniz, onu başqalarına da öyrədin”. (Buhâri, İlim, 26)
“Burada olanlar məndən eşitdiklərini olmayanlara çatdırsın. Ola bilər ki, burada olan bir şəxs eşitdiyini özündən daha ağıllı birisinə çatdırar”. (Buhâri, İlim, 26)
“Birinizdən bildiyi şeyi soruşduqda onu dərhal söyləsin”. (Tirmizi, Tefsir, 1)