“Dənizdə günəş vannası qəbul edərkən ya da muzeydə gəzərkən üzərlərinə ölüm yağan turistlər…”
“Yandıraraq, boğaraq, güllələyərək ya da başını kəsərək həyata keçirilən edamlar…”
“Uzanmış saç və saqqaldan görünməyən üzlər…”
Bu gün Nyu Yorkda ya da Parisdə yoldan keçən birindən “İslam deyilən zaman ağlınıza nə gəlir?” deyə soruşduqda alacağınız cavablar böyük ehtimalla bunlardır.
Qərbdə də, Yaxın Şərqdə də bir çox insan əslində bu edilənlərin İslam dini ilə əlaqəsinin olmadığını düşünür və bunu dilə gətirir. Ancaq bu açıqlamalar İslam haqqında yaranmış fikri dəyişmir. Avropada müsəlman düşmənçiliyi getdikcə artarkən, Quranda təsvir edilən əsl İslamı təsirli şəkildə izah edə bilmədiklərinə görə ilk növbədə müsəlmanların özləri zərər görür.
Bu halda müsəlmanların üzərinə böyük məsuliyyət düşür. İlk öncə İslamın Quran əvəzinə saxta mənbələrlə yanlış tanıdıldığı göstərilməlidir. İslamda müasir demokratiyalarda və dövlət quruluşlarında olmalı olan bütün azadlıqların mövcud olduğu sübutları ilə birlikdə izah edilməlidir.
Bu gün müsəlmanlara qarşı irəli sürülən ən böyük tənqid demokratiyanın əsası olaraq qəbul edilən hüquq və azadlıqların İslamda olmadığı istiqamətindədir. Bu səbəbdən bir çox qərb mütəfəkkir və siyasətçiyə görə İslam və demokratiyanın uyğunlaşması əsla mümkün deyil.
Halbuki insanlığın 14 əsr öncə tanıdığı müsəlmanların müqəddəs kitabı Quran-i kərim Avropa İnsan Hüquqları Bəyannaməsinin təqdim etdiyi azad həyat tərzindən daha da artığını ehtiva edir. Peyğəmbərimiz (səv) tərəfindən qüvvəyə minən və tarixin ilk konstitusiyası olaraq qəbul edilən Mədinə Vəsiqəsi tarixin ən demokratik konstitusiyasıdır.
İnsan hüquqlarının ən əsas maddəsi “yaşamaq hüququ”dur. İnsan Hüquqları Bəyannaməsində mövcud olan 2-ci maddə ilə müəyyən hallar istisna olmaqla hər kəsin yaşamaq hüququnun qorunduğu qeyd edilmişdir. Quran-i kərimdə də 5-ci surənin 28-30-cu ayələrində qəsdən adam öldürmənin böyük günah olduğundan bəhs edilir. 32-ci ayədə isə bir insanın öldürülməsi bütün insanlığın öldürülməsinə bərabər tutulur. Qurana görə insan öldürmə, ancaq zəruri müdafiə şəraitində yol verilir. Avropa İnsan Hüquqları Bəyannaməsində də qiyam və üsyanların qarşısını alma halı istisna olduğu kimi, Quran ayələrində də öldürməyə dair ayələr ancaq müharibə zamanı özünü müdafiə etməyə işarə edir. Müharibə Qurana görə ancaq hücum zamanında müdafiə məqsədi ilə əl atılacaq və mütləq müəyyən əxlaqi sərhədlər daxilində həyata keçirilən «arzu olunmayan məcburiyyətdir».
Yəni qarşı tərəfdən hər hansı bir hücum olduğu zaman müsəlmanlar öncə sülh və razılığa üstünlük verməlidir. Ancaq qarşı tərəf sülhü rədd etdikdə və müharibə qaçınılmaz olduqda müsəlmanlar özlərini müdafiə etmək məcburiyyətində qalır.
Burada bunu xatırladaq ki, Quran ayələrində başqa inancdan olduğu və ya İslamın tələblərini yerinə yetirmədiyinə görə insanların öldürülməsi kimi bir hökm əsla mövcud deyil. Əksinə Quranda dində əsla məcburiyyət olmadığı bildirilmiş və bütün inanclı və inancsız insanları belə içinə alan demokratiya modeli təsvir edilmişdir.
Avropa İnsan Hüquqları Bəyannaməsinin 4-cü maddəsində quldarlıq və məcburi əmək qadağan edilmişdir. Quldarlıq İslamdan əvvəlki dövrdə Ərəbistan yarımadasında geniş yayılmışdı. Ərəbistan yarımadasındakı əhalinin demək olar ki, yarısının qul olaraq yaşadığı təxmin edildiyi bu dövrdə varlı insanlar sahib olduqları qulları insanlıqdan kənar şəraitdə işlədir, heyvanlardan belə daha aşağı səviyyədə görürdülər. Peyğəmbərimiz (səv) və əshabələr bu quldarlığa qarşı olmuşdular. Bunun səbəbi Quran ayələridir. Bu ayələr araşdırıldıqda ilk öncə qullara əziyyət edilməməsi, onların vəziyyətinin yaxşılaşdırılması və nəhayət onların azad edilməsinin təşviq edildiyi görünür. (2/177, 2/221, 4/92, 5/89, 24/32, 26/22, 58/3-4,90/12-13).
Quranda insanların təhlükəsiz və sülh içində yaşaması üçün şərait yaradan çox sayda ayə mövcuddur. Məsələn, «Tövbə» surəsinin 6-cı ayəsində müsəlman olmayan və Quranda əxlaqi olaraq qınanan insanların təhlükəsizliyi məsələsində müsəlmanlar öz həyatlarını təhlükəyə atsalar belə çox həssas olmaları əmr edilmişdir. Bu xüsus Avropa İnsan Hüquqları Bəyannaməsinin 5-ci maddəsində mövcud olan azadlıq və təhlükəsizlik hüququ ilə tam uyğunluq təşkil edir.
Quran-i kərimdə ədalətin təmin edilməsi məsələsində ən üst səviyyədə həssaslıq göstərilməsi, müsəlmanların özləri, valideynləri əleyhinə olsa belə adalətlə hökm etmələri əmr edilmişdir. (4/135)
Quranda ədalətin təmin edilməsi məsələsinin vurğulandığı və Bəyannamənin adalətli mühakimə hüququna dair 6-cı maddəsinə uyğun gələn başqa ayələr də mövcuddur. (84/158, 5/42, 7/29, 10/47, 49/9)
Bəyannamənin 9-cu maddəsində hər kəsin düşüncə, vicdan və din azadlığı olduğu bildirilir. İslam isə insanlara düşünmə və düşüncəni ifadə etmə azadlığını verən, insanların hər cür hüququnu qoruma altına alan bir dindir. Quran-i kərimdə yer alan bir çox ayə bu gerçəyi açıq şəkildə ortaya qoyur. «Bəqərə» surəsinin 256-cı ayəsində dində məcburiyyət olmadığı bildirilmişdir. Başqa bir ayədə Allah insanlara İslam peyğəmbərinin məcbur edən olmadığını, yalnız öyüd verən olduğunu xatırladır. (88/21-22)
Qurana əsaslanan İslam əxlaqına görə, hər müsəlman yaşadığı cəmiyyətdə hər bir düşüncənin və inancın rahat şəkildə ifadə edilməsinə açıq olmalı, qarşısındakının həyatına, fikirlərinə hörmət etməlidir. Belə bir müsəlman din əxlaqına uyğun olmayan, hətta dinsiz ideologiyaların və fikirlərin belə rahatlıqla anladıla bilməsini istəyir ki, bu şəkildə bu fikirlərə qarşı lazımi cavabı elmi və ideoloji olaraq tam verə bilsin. Düşüncələrin, ideologiyaların təzyiq altına alınıb qadağan edilməsi müsəlman üçün asanlıq deyil, əksinə təbliğini çətinləşdirəcək, elmi mübarizəsini daha da çətinləşdirəcək amildir.
Bu gün beynəlxalq mediada İslamın terrorizm, sənət və elm düşmənçiliyi ilə eyniləşdirilməsinə səbəb olan görüntülərin səbəbi Quranın deyil, xurafatçı şərhlərin və bəzi saxta rəvayətlərin dinin əsası olaraq qəbul edilməsidir. Ona görə azadlığın, tolerantlığın, yaşamaq hüququnun, sənətin və elmin İslamın ayrılmaz parçası olduğunu anlatmaq lazımdır. İslam gözəllikdir, fərahlıqdır, azadlıqdır, sevgidir, sülhdür, demokratiyadır. İslam insanlara hüquq və azadlıqlar bəxş edir.
Adnan Oktarın «Malaysian Insider»da dərc olunan məqaləsi: