19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində baş verən iki dünya müharibəsi, bu müharibələrdə həlak olan milyonlarla insan, yandırılan şəhərlər, yerlə-yeksan olan yaşayış məntəqələri, işgəncə düşərgələri bəşəriyyət tarixi üçün ibrətvericidir. Bu müharibələrin əsas mərkəzində dayanan Qərb dünyası bu tarixi hadisələrdən çox mühüm nəticələr çıxardı. Bu nəticələrin ən mühümü ittifaq barəsində idi. İttifaq gələcəkdə meydana çıxa biləcək problemlərin daha rahat və qısa müddətdə həllinə imkan yaradırdı. Əvvəllər, müxtəlif Avropa ölkələri öz aralarında ittifaq qurmağa çalışsalar da, bu ittifaqlar bəzən mənfəət münasibətləri, bəzən də ideologiya müxtəlifliyinə görə uzunmüddətli olmurdu. Amma Qərb dünyası qurulacaq ittifaqın iqtisadi əməkdaşlıqdan və ya hərbi müdafiə paktından daha çox Avropanın ortaq mədəni dəyərlər ətrafında birləşməsinin zəruri olduğunu bilirdi. Əlbəttə bu, uzunmüddətli və çətin dövr idi.
Müharibə Avropa iqtisadiyyatının, sənayesinin tənəzzülünə səbəb oldu. Dağıdılan yüzlərlə şəhər yenidən qurulmalı, infrastruktur bərpa edilməli, təhsil və səhiyyə məntəqələri yaradılmalı idi. Bundan başqa, Avropada müharibə başa çatsa da, müstəmləkələrdə müstəqillik hərəkatları başlamışdı. Mövcud şəraitdə sabitliyin təmin edilməsi və birliyin yaradılması çətin hesab edilirdi. 1951-ci ildə sənayeni inkişaf etdirmək məqsədilə qurulan “Avropa Kömür və Polad Birliyi” bu cəhdin ilk addımı idi. Sonralar Avropa İqtisadi Birliyinə (AİB) və ən son da Avropa İttifaqına (Aİ) çevrilən bu ittifaq, üzv ölkələr arasında məhsulların, xidmətin,kapitalın, iş qüvvəsinin sərbəst hərəkətini təmin edən, vahid valyutaya, ortaq hüquqi düşüncəyə malik olan güclü birliyə çevrildi. Avropa Birliyi hazırda dünya siyasətinə istiqamət verə biləcək gücə malikdir.
Avropa Birliyi modeli İslam dünyasının quracağı birlik üçün də nümunəvi model kimi qəbul edilə bilər. 56 müsəlman ölkənin üzv olduğu İslam Konfransı Təşkilatı (İKT) üzvlərin sayı və yayıldığı ərazi baxımından ən böyük müsəlman təşkilatıdır. Bu təşkilatdan əlavə, eyni ərazidə yaşayan müsəlman ölkələr arasında müxtəlif siyasi və iqtisadi münasibətlər yaradılmış, regional ittifaqlar qurulmuşdur. Belə təşkilatların fəaliyyətləri əhəmiyyətli və faydalıdır. Amma İslam dünyasının daimi qurumları olan, birləşdirici qərarlar verə bilən, ortaq siyasət həyata keçirə bilən, yalnız müəyyən bölgələrin deyil, bütün müsəlmanların problemləri ilə maraqlanıb bu problemlərə çıxış yolu tapacaq çoxəhatəli birliyə ehtiyacı var. Bu birliyin fəaliyyəti iqtisadi, siyasi və sosial sahələri əhatə etməlidir. Birlik sayəsində müsəlman ölkələri arasında yekdillik, həmrəylik ruhu güclənəcəkdir. Beləcə əvvəlcə, birliyə daxil olmuş ölkələrin təhlükəsizlik problemləri həll olunacaq, daha sonra isə müxtəlif fəaliyyətlərlə üzvlərin rifah səviyyəsi yüksəldiləcəkdir. İslam dünyası bilavasitə və ya dolayısilə bir vücud kimi hərəkət edəcək, müsəlman cəmiyyətlər üçün müxtəlif strategiyalar hazırlanacaqdır.
20-ci əsrin ikinci yarısında başda Fələstin olmaqla, Bosniya, Kosova, Qarabağ, Kəşmirdə və s. yerlərdə baş verən hadisələr müsəlman dünyasına fəlakətlər gətirmişdir. Minlərlə insanın həlak olduğu, uşaqların yetim qaldığı, qəddarlığın hakim olduğu bu bölgələrdə Qərb dünyasının bu bəşəri faciələrə ya heç reaksiya verməməsi, ya da çox gec reaksiya verməsi, lazımı tədbirlərin görülməməsi, İslam dünyasının mühüm məsuliyyətini müsəlmanlara bir daha xatırladır. Müsəlman xalqların hüquqlarının qorunması, ehtiyaclarının təmin edilməsi vəzifəsi ilk əvvəl müsəlmanların öz üzərlərinə düşür. İslam dünyası bu məsələdə çox fəal olmalıdır. İslam ölkələrinin bütün müsəlmanların təhlükəsizliyini zəmanət altına alacaq qüvvəyə malik olması yalnızca İslam dünyasının beynəlxalq aləmdə tək bir ad altında təmsil olunması ilə mümkündür. İslam Birliyi bütün müsəlman ölkələrinin səslərini bildirən vahid bir səs olacaqdır.
İslam dünyası siyasi və iqtisadi cəhətdən birlik olmalıdır. Sülhü öz daxilində təmin etdikdən sonra dünyada bərpa edəcəkdir. Bəzi radikal qüvvələr və “mədəniyyətlər münaqişəsinin”ın tərəfdarları isə istədiklərinə nail ola bilməyəcəklər.