Quran insanın ömrü boyu ehtiyacı olan bütün suallara cavab verən, həyatın hər sahəsində yol göstərən, hər problemə ən mükəmməl, ən ağıllı həll yolları təqdim edən İlahi kitabdır. Allah Quranda insanların ehtiyacı olan hər mövzunu açıqlamışdır. Gündəlik həyatda rast gəlinən bir hadisədən həyati əhəmiyyətli bir məsələyə qədər hər sahədə necə davranmaq lazım olduğu Quranda müxtəlif nümunələrlə bildirilmişdir. Quranın bu xüsusiyyəti ayələrdə belə bildirilir:
“… Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik”. (Nəhl surəsi, 89)Quranla ona bildirilən bütün bu məlumatlara yiyələnən mömin həyatının hər anında üstün əxlaq anlayışı qazanır. İmanından qaynaqlanan Allah qorxusu ilə “Ey iman gətirənlər! Əgər Allah`dan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən (bir nur) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir! (Ənfal surəsi, 29)“ ayəsində bildirildiyi kimi, doğru ilə yanlışı ayırd edəcək ağıla malik olar. Uca Allah`ın bir rəhməti olaraq həyatının hər anında ona yaxşı ilə pisi ayırd etmək üçün ilham verən vicdanı sayəsində yaxşının yaxşısını asanlıqla görər.
Bütün həyatını bu şəkildə Allah`dan qorxub çəkinərək, Allah`ın rizasına uyğun əməllər edərək və vicdanını dinləyərək keçirər. Quranın “Onlar Allah`a, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)“ ayəsilə bildirildiyi kimi, hər an xeyir işlər görməkdə yarışaraq və saleh əməllər edərək Allah`ın rizasını və cənnətini qazanmağa çalışar. Başqa bir ayədə isə “Allah doğru yolda olanların doğruluğunu artırar. Davamlı olan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır! (Məryəm surəsi, 76)“şəklində bildirilən həqiqəti bildiyi üçün gördüyü yaxşı işlərdə qətiyyətli olar. Bu qətiyyət və davamlılıq onu dünyada üstün əxlaq səviyyəsinə çatdırar.
Keyfiyyətsizlik İslama düşmən olan gizli qüvvədir
İslam əxlaqı ilə yaşamaq üçün ciddi səy göstərmək insanları hər cür pis əməldən uzaqlaşdırıb gözəl davranışlara sövq etməklə yanaşı, möminlərə üstün keyfiyyət anlayışı da qazandırır. Ona görə, tamamilə Quran əxlaqı ilə yaşadıqda insanların yetişdiyi mühit, şərait, təhsil və mədəni səviyyə, bilik və etika anlayışı nə olsa da, bu keyfiyyət insanların bütün davranışlarında özünü göstərir. Davranış tərzindən danışıq üslubuna, oturub-qalxmalarına, geyim tərzlərinə və təmizliklərinə, estetika və incəsənət anlayışlarından süfrə mədəniyyətinə, yerişlərinə, zarafat anlayışlarına, gülmələrinə qədər hər sahədə bu xüsusiyyətləri diqqət çəkir.
Səhər oyandıqları andan gecə yuxuya gedənə qədər etdikləri hər işdə Quran əxlaqına görə düşünməyə, danışmağa və hərəkət etməyə böyük diqqət göstərirlər. Bütün davranışları, söhbətləri, estetik zövqləri, incəsənət anlayışları və etikaları ilə digər insanlara nümunə olurlar. Bu xüsusiyyətləri ilə birlikdə olduqları insanlara xoş təsir edir, fayda verir, həmişə xeyirə səbəb olur və davranışları ilə ətraflarına daima gözəllik bəxş edirlər.
Möminlər Quran əxlaqının qazandırdığı bu cür üstün keyfiyyət anlayışının İslamın bütün dünyaya təbliğ edilməsində nə qədər mühüm yer tutduğunu anlayırlar. Hər şeydən əvvəl, iman gətirən insan sözləri ilə olduğu qədər əməlləri ilə də ətrafındakı insanlara Quran əxlaqını təbliğ edir. Buna görə, bir mömin dərk edir ki, Quran ayələrində bildirilən bütün gözəl əxlaqi xüsusiyyətləri və davranış incəliklərini, əvvəla, özü tətbiq etməli və başqalarına da nümunə olmalıdır. Çünki keyfiyyətsizlik, əslində, İslam düşməni, daxildən müsəlmanlara zərər verən, Quran əxlaqının təbliğinə mənfi təsir edən gizli qüvvədir. İslam əxlaqını müdafiə edərkən və digərlərini də Quran əxlaqı ilə yaşamağa dəvət edərkən insanın özünün Quran əxlaqını lazımınca yaşamaması, dərin imana yaraşmayan əməllər etməsi gizli olaraq İslam əxlaqının təbliğinə zərər verən davranışlardır. Keyfiyyətsiz insanların Quran əxlaqına zidd keyfiyyətsiz davranışlarla gözəl əxlaqı və keyfiyyəti müdafiə etməsi insanlar üzərində lazımi təsirin meydana gəlməsinə mane ola bilər. Bir çox insan onlara gözəl əxlaqı təbliğ edən insanların əməllərindəki bu çatışmazlıqlara görə mənfi təsirlənir. Bu vəziyyət onların Quran əxlaqı haqqında yanlış rəy əldə etməsinə və məhz bu cür insanların davranışlarına görə İslamdan uzaqlaşmalarına səbəb olur. Bu cür yanlış yanaşma keyfiyyətli müsəlman yetişdirilməsində də faydasız olur.
Unutmaq olmaz ki, hər mömin tək başına İslamı və bütün müsəlmanları təmsil edən mühüm məsuliyyəti üzərinə götürmüşdür. Həyatının hər anında harada, hansı şəraitdə və necə insanlarla birlikdə olsa da, Qurana uyğun həyat tərzindən əl çəkməməlidir. Olduğu mühitə, ünsiyyətdə olduğu insanların əxlaqına, mövqelərinə və ya maddi vəziyyətinə, gördüyü işə, iştirak etdiyi söhbətin mövzusuna görə dəyişməməlidir. Çünki belə bir davranış Quran əxlaqına ziddir. Allah Quran ayələrində, məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, davamlı olan yaxşı işlərin qəbul edildiyini bildirir. Mömin həyatının sonuna qədər Allah`ın ən çox razı qaldığı əməllərdə qətiyyətli davranar. Allah`ın rizasına uyğun olmadığını bilə-bilə, Quran əxlaqına zidd hərəkətlər etməz. Allah`ın Quranda bildirdiyi və təriflədiyi təqva əxlaqına uyğun olan da budur. Allah Quranda möminlərin müttəqilərə rəhbər olacaq nümunəvi şəxslər olmağı hədəfləyən insanlar olduğunu belə bildirir:
“Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” – deyərlər”. (Furqan surəsi, 74)
Buna görə, bütün möminlər bu həqiqət üzərində düşünməli, bu cür nöqsanın İslamın adına necə mənfi təsir edəcəyini dərk etməlidirlər. Bundan əlavə, unutmaq olmaz ki, İslam əxlaqını və Qurana uyğun mömin davranışını insanlara yanlış tanıtmaq insanın boynuna axirətdə böyük məsuliyyət qoyur.
Belə bir keyfiyyətsizlikdən xilas olmağın yolu isə olduqca asandır. Həll yolu Allah`dan səmimi şəkildə qorxmaq və tam şəkildə Quran əxlaqı ilə yaşamaqdır. Allah`dan lazımınca qorxub-çəkinmək, hər an, hər yerdə vicdanını dinləmək insanı keyfiyyətsiz davranış, söhbət və düşüncə tərzindən tamamilə çəkindirir. Quranda insanın nəfsini Qurana zidd əməllərdən çəkindirməsi ilə xilas olacağı belə bildirilir:
“Nəfsini təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (Şəms surəsi, 9-10)
Digər ayələrdə isə Qurana tamamilə əməl edən insanın şan və şərəf qazanacağı və qaranlıqlardan nura çıxacağı belə müjdələnir:
“… Biz onlar üçün şan və şərəflərini (Zikr) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər”. (Muminun surəsi, 71)“Allah Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar…” (Maidə surəsi, 16)
Peyğəmbərimizin (s.ə.v) əməllərindəki mükəmməllik və üstün keyfiyyət anlayışı
Allah Quranın “Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır. Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! (Qaləm surəsi, 3-4)” ayələri ilə Peyğəmbərimizin (s.ə.v) əxlaqını tərifləmiş və bütün müsəlmanlara nümunə göstərmişdir. Allah bu ayələrdə Peyğəmbərimiz (s.ə.v) üçün tükənməz mükafat olduğunu bildirmişdir. Bu, Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) daima gözəl əxlaqlı davrandığını, təqvadan heç vaxt əl çəkmədiyini göstərir.
Peyğəmbərimizin (s.ə.v) də: “İmanın kamalı gözəl əxlaqladır. (G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 2-ci cild, Gonca Yayınevi, İstanbul, 1997, 344/4)” - sözlərilə bildirdiyi kimi, imanın ən mühüm əlamətlərindən biri gözəl əxlaqdır. Buna görə, gözəl əxlaqın ən gözəl nümunələrini öyrənmək və tətbiq etmək mühüm ibadətdir. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) üstün əxlaqı, ağlı, fərasəti, bəsirəti, təvazökarlığı, sevgisi və mərhəmətilə bütün möminlərə nümunə olmuş, olduğu mühitləri ən gözəl və hikmətli söhbətlərin edildiyi, coşğun, sevgi dolu, təmiz, rahat və təhlükəsiz, keyfiyyətli mühitə çevirmişdir. Bütün müsəlmanlar da bu həqiqəti dərk edərək özlərini daima təkmilləşdirməli, əxlaqlarını daha da gözəlləşdirmək üçün səy göstərməli və olduqları hər mühitin Peyğəmbərimizin (s.ə.v.) olduğu mühitlər kimi olmasına cəhd etməlidirlər.
Səhabələrin bir çox rəvayətində Peyğəmbərimizin (s.ə.v) nəzakətli, incə düşüncəli və üstün keyfiyyətə malik davranışlarına dair nümunələr verilir. Peyğəmbərimiz (s.ə.v) həm peyğəmbər, həm dövlət başçısı olması etibarilə, hər zümrədən olan insanla daima ünsiyyətdə olmuş, dövlət və qəbilə rəislərindən varlı insanlarla, kasıb, zəif, kimsəsiz yetimlərdən qadın və uşaqlara qədər hər kəslə görüşmüşdür. Sosial statusu, həyat tərzi, xasiyyəti, adətləri bir-birindən tamamilə fərqli bütün bu insanlarla hər mövzuda dialoq qurmuş, hamısının könlünü almış, hər biri ilə nəzakətlə, anlayış və səbirlə gözəl davranmışdır. Hər bir şəraitdə əsla davranışlarındakı keyfiyyətdən, əsalətdən və üstün əxlaqdan əl çəkməmişdir.
Peyğəmbərimizin (s.ə.v) ətrafındakı yaxın səhabələrinin nəql etdiyi rəvayətlərdən onun “çox nəzakətli, keyfiyyətli, xoşxasiyyət, incədüşüncəli” olduğu məlum olur. Peyğəmbərimiz (s.ə.v) ədəb, tərbiyə və etika qaydalarını həyatında ən ideal şəkildə tətbiq etmişdir. Bununla bağlı hədislərdən bəziləri aşağıdakılardır:
Hz. Aişə (r.ə): “Rəsulullahdan (s.ə.v) daha gözəl əxlaqlı kimsə yoxdur. Səhabələrindən və ailəsindən bir nəfər onu çağırdıqda: “Buyurun”, – deyə cavab verirdi. Buna görə, Allah ona: “Sən böyük bir əxlaq üzərindəsən“, – buyurmuşdur”, – deyərək Peyğəmbərimizin (s.ə.v) gözəl əxlaqından bəhs etmişdir.
Peyğəmbərimizin (s.ə.v) evində böyümüş və illərlə ona xidmət etmiş hz. Ənəs (r.ə) Peyğəmbərimizin (s.ə.v) nəzakətindən belə bəhs etmişdir:
“Ondan bir şey soruşanı diqqətlə dinləyir, sualı verən yanından ayrılmadıqca onu tərk etməzdi. Rəsulullah (s.ə.v) ilə bir insan əl verib görüşsə və ya görüşmək üçün əlini uzatsa, qarşısındakı insan əlini çəkmədən Rəsulullah (s.ə.v) əlini çəkməzdi. Biri ilə üz-üzə gəldikdə də qarşısındakı üzünü çevirib ayrılmadıqca Rəsulullah ondan üzünü çevirməzdi. Qarşısında oturan insana əsla ayaqlarını uzatmazdı. Qarşılaşdığı şəxsə əvvəlcə özü salam verərdi. Səhabələrilə görüşərkən əvvəlcə özü əl verirdi.
Heç kimin sözünü kəsməz, söhbətini yarımçıq qoymazdı. Danışdığı insan sözünü bitirmədən və ya getmək üçün ayağa qalxmadan söhbətinə davam edərdi.
Rəsulullaha on il xidmət etmişəm, vallah, mənə “of” belə deməyib. Bir işi gecikdirsəm və ya bir əmrini yerinə yetirməsəm, mənə acıqlanmazdı, ailəsindən acıqlanan olsa, onlara da: “Ona toxunmayın. Bu işi etməsi təqdir edilsəydi, edərdi”, – buyurardı.
Bir gün bir iş üçün bir yerə getməyimi buyurdu. Yanından çıxdıqdan sonra küçədə bir neçə uşağın oynadığını gördüm və onlara baxmağa başladım, başım qarışdı. Bu zaman arxadan birisi iki əli ilə başımı tutdu. Çevrilib baxanda gördüm ki, odur, gülür. Mənə: “Ənəs, sənə dediyim yerə getdinmi?” – dedi. “Xeyr, hələ getməmişəm, gedəcəyəm”, – dedim.
“Mən ona illərlə xidmət etdim. Vallah, bir dəfə də etdiyim bir işə görə: “Niyə etmisən?”, etmədiyim işə görə də: “Niyə etməmisən?” – dediyini xatırlamıram”. ( Konyalı Mehmed Vehbi, Tam Metni Sahih-i Buhari, 4-cü cild, Üçdal Neşriyat, İstanbul 1993, səh.340)
Peyğəmbərimizin (s.ə.v) möminlərə də gözəl əxlaqı tövsiyə etdiyi hədislərindən bəziləri bunlardır:
“Rəbbim mənə doqquz şeyi əmr edib: gizlidə və aşkarda Allah`dan qorxmağı, qəzəblənərkən də, razı qalarkən də ədalətli olmağı, kasıb və varlı olarkən də qənaətkar olmağı, məndən ayrılanla da sileyi-rəhm (dostluq) etməyi, məni məhrum edənə verməyi, mənə zülm edəni bağışlamağı, susduqda təfəkkür etməyi, danışdıqda zikr etməyi, ibrət gözü ilə baxmağı, doğru və gözəl şeyi əmr etməyi”. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Yayınları, Ankara, səh. 317)
“Sənə zülm edəni bağışla. Səndən küsənə yaxınlaş, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa, haqqı söylə”. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Yayınları, Ankara, səh. 317)
“Harada olsan da, Allah`dan lazımınca qorxub-çəkin və pisliyin ardınca yaxşılıq et, bu, onu yox edər. İnsanlarla yaxşı davran”. (Kütüb-i Sitte, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Yayınları, Ankara, səh. 328)
“İnsanlarla gözəl əxlaqla rəftar et”. (İbni Kesir, Sire, 4:194-195; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, səh.507)
Peyğəmbərimiz (s.ə.v) Yəmənə göndərdiyi elçilərinə bunları tövsiyə etmişdir:
“Sirkə balı pozduğu kimi, pis xasiyyət də əməli pozur”. (İbn Hıbban; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 3-cü cild, tərcümə edən: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh. 111)
“Möminin şərəfi dini, əsaləti gözəl əxlaqı, mürvəti də ağlıdır”. (İbn Hıbban, Hakim; Huccetü’l İslam İmam Gazali, İhya’u Ulum’id-din, 3-cü cild, tərcümə edən: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh. 111-112)
Peyğəmbərimiz (s.ə.v) həyatı boyu minlərlə insanı tərbiyə etmiş, dini, gözəl əxlaqı bilməyən insanların gözəl əxlaqlı, incədüşüncəli, fədakar və üstün əxlaqlı insanlar olmasına səbəb olmuşdur. Özündən sonra da sözləri, davranışı və əxlaqı ilə milyonlarla insanın tərbiyəsinə səbəb olan mübarək Peyğəmbərimiz (s.ə.v) çox xeyirli yolgöstərən və tərbiyəçidir.
Allah`ın aləmlərə rəhmət kimi göndərdiyi Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) Allah`ın “Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi düz yolla get… (Şura surəsi, 15)” ayəsilə də bildirdiyi kimi, insanları xəbərdar etmək üçün vəzifələndirilən son peyğəmbərdir və digər bütün elçilər kimi insanları doğru yola, Allah`a iman gətirməyə, axirət üçün yaşamağa və gözəl əxlaqa dəvət etmişdir. Bu dəvəti zamanı istifadə etdiyi metodlar, mövzuları izah etmə tərzi, üslubu və davranışlarındakı üstün keyfiyyət anlayışı hər müsəlmana nümunə olmalı, hər müsəlman insanları din əxlaqı ilə yaşamağa dəvət edərkən Peyğəmbərimiz (s.ə.v) kimi davranmağa səy göstərməlidir.
“… Biz onlar üçün şan və şərəflərini (Zikr) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər”. (Muminun surəsi, 71)