Dövrümüzdə insanların bir qismi din əxlaqından uzaq həyat yaşayırlar. Çünki cəmiyyətdə belə bir fikir var ki, gözəl əxlaqlı yaşamaq çox çətindir.
Əslində, insanların əksəriyyətinin bu cür yanlış düşüncə tərzinin kökündə Quranı tam bilməmələri və din haqqında eşitdikləri xurafatlarla həqiqi İslamı ayırd etməmələri durur. Əvvəla, Allahın Quranda insanlara tərif etdiyi əxlaq insanların fitrətinə ən uyğun həyat tərzidir. İnsanı da, dini də yaradan Allahdır. İnsanın gücünün həddini, nəfsini, ruhunu ən yaxşı bilən Allah insanlar üçün ən asan dini endirmişdir. Bu, qəti həqiqətdir. Allah insanları din fitrəti üzərində yaratmışdır. Bir insanın dünyada rahatlıq tapacağı yeganə həyat tərzi tam mənada İslam əxlaqına uyğun yaşamaqdır. Quranda insanların din əxlaqını asanlıqla yaşaya biləcəyi bu ayə ilə bildirilir:
… O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini kimi. (Həcc surəsi, 78)
Allahın ayədə bildirdiyi kimi, Quran əxlaqına uyğun yaşamaq çox asandır. Çünki dinin təməlində gözəl əxlaqlı olmaq durur. İnsanın ruhuna ən çox zövq verən hal gözəl əxlaqdır. Hər insan düzgünlüyü, səmimiliyi, şəfqəti, mərhəməti, gözəl sözü, təvazökarlığı və mülayimliyi xoşlayır. Vəfasızlıq, sədaqətsizlik, yalan, pis söz, ikiüzlülük və təkəbbür hər insana zərər verir. İnsanın yuxarıda sadaladığımız gözəl xislətləri mənimsəməsi və həyatına davamlı tətbiq etməsi ancaq vicdanına tabe olmaqla mümkündür. Bir insan ancaq Allah qorxusu ilə ömrünün sonuna qədər vicdanının əmrindən çıxmaz.
Bundan əlavə, din əxlaqına uyğun yaşamaq insanı sosial həyatdan, gözəlliklərdən, sənətdən və estetikadan ayırmaz, əksinə, bunlardan daha çox zövq alar. Vicdanları rahat olan möminlər heç bir vicdani sıxıntı çəkmədən xoşsöhbət, şən və nikbin insanlar olurlar. Sənətdən, gözəllikdən, estetikadan və Allahın bu dünyada bütün insanlar üçün, axirətdə isə ancaq möminlər üçün yaratdığı nemətlərdən böyük zövq alırlar. Gözəl məkanın, heyranedici sənət əsərlərinin, rəngarəng çiçəklərin, ləzzətli meyvələrin onlara Allah tərəfindən verilmiş nemətlər olduğunu bilir və bundan böyük həzz alırlar. Ancaq hər şeyə sahib olmaq həvəsilə dünyaya bağlanmayıb hər şeyin həqiqi sahibinin Allah olduğunu dərk etdiklərinə görə, əllərində olanı itirmə qorxusu ilə narahat olmaz, təvəkkülsüz davranmazlar. Bu da onların nemətlərdən daha böyük zövq almasını təmin edir.
Bununla yanaşı, möminlər Allahın sənətini görərək gözəllikdən böyük zövq alır və olduqları mühiti bu düşüncə tərzi ilə gözəlləşdirirlər. Bütün estetik dəyərlər möminlər üçün qiymətlidir. Üstəlik, möminlərin estetika anlayışı çox dərindir. Hz. Süleymanın həyatı da buna ən gözəl nümunədir. Hz. Süleymanın sarayının ehtişamı və gözəlliyi nəsillər boyu heyranlıqla xatırlanmışdır.