Qəbilə mədəniyyətində qadın və əsl İslam
ucgen

Qəbilə mədəniyyətində qadın və əsl İslam

2042

Nəsil-kök birliyi anlayışına əsaslanan qəbilə quruluşu ictimai və mədəni irsini qədim dövrlərdən müasir mədəniyyətlərə qədər gətirib çıxaran, dərin və güclü təsirini bugünkü müasir dövlət sistemləri içində də davam etdirən ənənədir.

 

Əsrlərdir qəbilə ənənəsinin mənfi təsirləri ilə baş etmək məcburiyyətində qalan cəmiyyətlərdən biri də şübhəsiz ki, İslam dünyasıdır. Bir çox müsəlman cəmiyyət ötən əsrdə müasir dövlət quruluşuna keçsə də, qəbilə quruluşunun təsirindən çıxa bilmədi. Qəbilə mədəniyyətinin qaydaları, adət və ənənələri İslam dünyasının siyasi və ictimai quruluşundakı həlledici rolunu təhsil səviyyəsi aşağı olan müsəlman cəmiyyətlər üzərində dövrümüzə qədər davam etdirib.

 

Bu regionda qəbilə mədəniyyətinin qayda və qanunlarından ən çox zərər çəkənlər isə təəssüf ki, qadınlardır. Qadını aşağı və ikinci dərəcəli insan hesab edən anlayışın həqiqi mənşəyi bəhs etdiyimiz bu qəbilə mədəniyyətidir.

 

Qadının ailə daxili və xarici zorakılığa məruz qalması, ictimai həyatdan təcrid olunması, ərinin və ya ailəsinin mülkü sayılması, zorla evləndirilməsi, təhsil, səyahət və oxşar bir çox insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, namus cinayəti, ya da daşqalaq üsulları ilə qətlə yetirilməsi kimi qeyri-insani, vəhşi və azğın əməllərin hamısı eyni paqanist qəbilə mədəniyyətinin bir hissəsidir.

 

Qadının sosial və iqtisadi həyatdan təcrid edilməsi, əslində, patriarxal qəbilə quruluşundan qalma və bir qisim kişilərin eqo, kompleks və qısqanclıq kimi psixoloji problemlərini aradan qaldırma məqsədi güdən üsuldur. Qadını hər şəraitdə, ailə daxilində belə başdan ayağa kimi örtünməyə  məcbur edən, nəinki küçəyə çıxması, pəncərədən belə sərbəst şəkildə baxmasını, başqaları ilə danışmasını, gülməsini, ərinə etiraz etməsini, hətta boşanmasını qadağan edən despot qaydalar zəncirinin kökündə də bu yanlış psixologiya yatır.

 

Bu despotizmin və qadın düşmənçiliyinin hər bölgəyə məxsus xüsusi fərqli tətbiq formaları var.

 

İndoneziyanın Aceh muxtar bölgəsində küçəyə çadrasız çıxan qadınların cəza olaraq saçları keçəl qırxılır. Dar geyimlər qayçılanır və görkəmsiz paltarlar geyinməyə məcbur edilir. Güclü üləmaların da içində olduğu insanlar sunaminin belə qadınların pis davranışlarına görə başlarına gəldiyini deyir. ("Woman, Man, and God in Modern Islam", Teodore Friend, 2011, p.70)

 

Qadınların "gözünün bayırda" olmasının qarşısını almağa yönələn üsullardan biri də qadın sünnətidir. Bu vəhşi üsul bəzi İslam cəmiyyətlərində Quranda buna dair heç bir hökm olmadığı halda, din adından geniş şəkildə tətbiq olunur:

 

Misirli qızların 80-97%-nin cinsi əməliyyat keçirdiyi güman edilir. Dünya miqyasında bu rəqəm 100 milyon nəfər təşkil edir və hər il onlara 2 milyon daha əlavə olunur. ("A Brief History of Misogyny" – The World's Oldest Prejudice, Jack Holland)

 

Təhsil ictimai həyatın bir hissəsi və informasiya almağın ən mühüm vasitəsi olduğu üçün qadınlar bir çox İslam cəmiyyətində təhsildən xüsusilə uzaq tutulur. Statistikaya görə Əfqanıstanda oxuma-yazma bilməyən qadınların nisbəti 75.8%, Yəməndə 45%, Pakistanda 54.2%, Banqladeşdə isə 41.5%-dir. (Adult literacy rate, population 15+ years (both sexes, female, male) UIS Data Centre. UNESCO. August 2015) Bu uzanıb gedən rüsvayçılıq siyahısında təəssüf ki, bir çox İslam ölkəsi başda gəlir.

 

Banqladeş, Hindistan, Əfqanıstan, Kamboca kimi ölkələrdə kişilərin intiqam üçün qadınların üzünə kislota atması çox geniş yayılmış ənənədir. Küveytdə, Cibutidə, Əlcəzairdə və bir çox İslam ölkəsində qadına qarşı cinsi zorakılığı qadağan edən hər hansı bir qanun yoxdur. İslam dünyasında hər 90 dəqiqədə bir baş verən namus cinayətləri sanki haqlı əməl kimi qəbul edilir və bir çox ölkədə qanunla cəzalandırılmır.

 

Bəzi müsəlmanlar cinayəti haram edən Quran ayələrini namus, şərəf adı altında gözardı edərək namus cinayətini qanuni, hətta müqəddəs görürlər. Məsələn, fələstinli tacir Jibril, "Qəbilə qanunu müqəddəsdir. Bir kişinin şərəfi üçün öldürməyə haqqı var" deyir. ("World and I, Reputation is Everything, Honor Killing Among the Palestinians", James Emery, 2003)

 

Bu azğın anlayış səbəbindən bu gün namus cinayətlərinin ən geniş yayıldığı və sanki qanuni sayıldığı ölkələrdən biri olan Pakistanda hər il törədilən 1000-dən çox namus cinayətinin çoxu ört-basdır edilərək cəzasız qalır. Fanatik qəbilə mədəniyyətində qadının cəmiyyətdən bu dərəcə təcrid olunması kişinin kişi ilə ictimai həyatı və bəzən də cinsi azğınlıqlara səbəb olan iyrənclikləri də özü ilə gətirir.

 

İslam dini buraya qədər bəhs etdiyimiz batil bütpərəst mədəniyyətə aid ənənələrin hamısını 14 əsr əvvəl Quranda pisləyərək qadağan edib. Ancaq qəbilə mədəniyyəti İslam dünyasındakı geridəqalmışlıq və cəhalətdən istifadə edərək bu fanatik anlayış və tətbiqləri din adından ictimai həyata montaj edib. Fanatiklərin xurafatlar, yanlış şərhlər və Peyğəmbər (səv) adına uydurulan əsassız rəvayətlərlə dəstəklədiyi bu azğınlıqlar İslam dininə aid edilir. Hazırda İslam dünyasındakı savadsız və şüursuz böyük bir kütlə bu primitiv paqanist mədəniyyətə "İslamı yaşadığı" zənni ilə böyük bir aldanış içində sahib çıxır.

 

Bu gün İslam aləmi fanatizmin da təsiri ilə qəbilə mədəniyyətinin ağır zülmü altında əzilir. Ən başda da müsəlman qadınlar. Quranda "nəsil-qoruyuculuğu", "əcdadların dini" kimi tanınan bu vəhşi, qaranlıq, ibtidai və fanatik mədəniyyətdən təmizlənmək üçün müsəlmanlar "zəncirləri qıran və ağır yükləri endirən" Quranın özünə qayıtmalıdırlar.

 

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/08/169225/women-most-affected-tribal-culture-region

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr