Yaxın Şərqdə uzun illərdir davam edən münaqişələr bitmək bilmir. Qonşuları ilə problemsiz siyasət aparmağa çalışan Türkiyə belə bu ölkələrdəki problemlərdən uzaq dura bilmir. Türk hökuməti bu ölkələrdən bəziləri ilə müxtəlif sazişlər imzalasa da, Suriyadakı vəziyyətin dəyişməsi ölkələrlə əlaqələrin normal davam etməsinə çətinlik yaradır. Buna görə türk ordusu ölkənin təhlükəsizliyini təmin etmək üçün “Fərat Qalxanı” əməliyyatını başlatdı. 7 ay davam edən əməliyyat nəticəsində Əl-Bab şəhəri İŞİD-dən alındı.
Ölkələr arasında dostluq münasibətlərinin qurulması bölgədəki münaqişənin əsas həll yoludur. Rusiya, Türkiyə və İran vəziyyətin fərqinə vararaq Suriyadakı axan qanı durdurmaq üçün ittifaq qurdular. Bu ittifaq sayəsində bölgədə ilk sülhməramlı addımlar atıldı. Bu dövlətlər Moskvada keçirilən zirvə görüşündə Suriya probleminin hərbi yolla deyil, diplomatik yolla və ittifaqla həll olunacağını anladılar. Bu yalnızca Suriyadakı vəziyyətə deyil, bütün müharibələrə aiddir. Çünki qarşıdurmaların əsas səbəbi tərəflər arasındakı anlaşılmazlıqlardır. Əslində, hər kəs problemin hərbi yolla həll olunmayacağını bilir. Qərbin istər təhriki, istərsə də birbaşa müdaxiləsi ilə bu gün müsəlmanlar bir-birilərinin ölümünə səbəb olurlar.
Bu gün dünyada yaşanan zülm Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" və “Müsəlman müharibələri dövrü” tezislərini xatırladır. Hantinqtonun arqumentlərindəki əsas məqsəd İslam ölkələri arasında əməkdaşlıq və birliyə mane olmaq idi. Onun fikrincə 21-ci əsrdəki müharibələr tarixin dialektikasının qaçılmaz nəticəsi idi. Əgər müharibə elmi zərurətdirsə, cəmiyyət bunlara mane olmamalı, mümkün olduqca bu müharibələrdən faydalanmağa çalışmalıdır. Halbuki bu fikir milyonlarla məsum insanın ölümünə səbəb olmuşdur.
Məsələn, ən az Suriya qədər çətin vəziyyətdə olan İraqı götürək. Bu ölkə 2003-cü ildə kütləvi qırğın silahları olması və dünya üçün böyük təhlükə yaratması səbəbindən Amerika ordusu tərəfindən işğal edilmişdi. Yanlış olduğu sonradan məlum olan səbəblə darmadağın edilən ölkə bu gün hələ də müharibə bölgəsidir. Ölkədə kütləvi qırğın silahları olduğunu həmin dövrdə İngiltərənin keçmiş baş naziri Toni Bler Gizli Kəşfiyyat Təşkilatının (MI6) verdiyi yanlış məlumata əsaslanaraq iddia etmişdi. Bu məlumatın yanlış olduğu bir müddət əvvəl İngilis parlamentinin vəzifəyə təyin etdiyi rəsmi istintaq komitəsi tərəfindən yayımlanan Çilkot hesabatında açıqca ortaya qoyulmuşdu. Toni Bler bu hesabatın yayımlanmasından sonra yanlış məlumata görə üzr istəmişdi. Amma üzr istəmək üçün artıq gec idi və əziyyət çəkən yenə müsəlmanlar olmuşdu. İraqı təhdid edən İŞİD isə uzun müddətdir bölgədə ciddi problem olaraq qalır. İraq ordusu isə bu terror qrupuna qarşı Mosul əməliyyatını həyata keçirib. Bu əməliyyat son günlərdə başa çatmışdır.
İğtişaşların baş verdiyi başqa bir ölkə isə Yəməndir. Bu ölkə, demək olar ki, unudulub. Yəməndəki zülmlərin mediada tez-tez yayımlanmaması buradakı vəziyyəti dəyişdirmir. Atəşkəsin yeddi dəfə pozulması nəticəsində 10.000 nəfər şəhid olmuş, 40.000 nəfər isə yaralanmışdır. UNİCEF-in hesabatına görə, Yəməndə 400.000 uşaq aclıq təhlükəsi ilə qarşı-qarşıyadır. 2,2 milyon insanın isə təcili yardıma ehtiyacı var. Taha Raed adlı yəmənli müharibənin hər şeyi dəyişdirdiyini belə izah edir: “Müharibə bizə heç nəyin eyni qalmadığını göstərdi...heç kim nə zaman öləcəyini bilmir”.
Bütün bu münaqişələr bu günə qədər ən qorxunc qlobal problem olan mühacir böhranını da özü ilə gətirdi. Türkiyə, Livan, İordaniya kimi ölkələr müharibədən qaçan mühacirlərə qapılarını açdı, lakin bəzi Avropa ölkələri divarlar inşa edərək və tikanlı məftillər hörərək bu insanların ölkəyə girişinə mane oldular. Bu gün 65 ölkədə mühacirlər divarların arxasında saxlanılaraq ölkəyə girişdən məhrub ediliblər. Bu, eynilə Con Karpenterin məşhur “Nyu-Yorkdan qaçış” filmindəki səhnəyə bənzəyir. Amma bugünkü vəziyyətlə filmdəki səhnələr arasında ciddi bir fərq var: Karpenterin filmində divarların arxasındakılar günahkarlar, bugünkülər isə günahsız insanlardır.
Suriyada ölümdən qaçan mühacirlərə qapılarını bağlayan Avropa ölkələri ikinci dünya müharibəsindən sonra özlərinin də sığınmaq üçün başqa ölkələrə qaçmaq məcburiyyətində qaldıqlarını unutmamalıdırlar. Bu böyük müharibə Avropa tarixindəki ən dəhşətli səhnə idi, amma hazırda bu acı gerçəkləri çox az insan xatırlayır. Məsələn, Macarıstan hökuməti mühacirlərə yardım etmək əvəzinə sərhədə atıcılar qoyaraq və mühacirləri konteynerlərdə tutub saxlayaraq insanlıqdankənar davranışlar nümayiş etdirirlər.
Təkcə bir neçə numunə ilə bəhs etdiyimiz bu hadisələrin əsas səbəbi isə İslam dünyasının birlik olmamasıdır. Amma artıq birlik dövründə yaşayırıq və birlik olduqda çətin kimi görünən bütün problemlərin həll oluna biləcəyinin şahidi olduq. Qurulacaq birlik mövcud sistemlər kimi yalnızca iqtisadi, hərbi və ya milli maraqlara əsaslanmayacaq. Ölkələr bundan sonra ortaq qərar verəcək və nəticə öz maraqlarına zidd olsa belə, digər tərəfin ehtiyaclarına görə olacaq. Fədakarlıq edən tərəfə isə növbəti dəfə yardım ediləcək.
Siyasət düzgün aparıldıqda sülh də asanlıqla təmin olunur. Bunun üçün vacib olan tərəflərin səmimi yanaşmaları və mənfəətlərini düşünməmələridir. Hamı laqeyd davransa, sülh yarana bilməz. Hətta vəziyyət müharibə ilə də nəticələnə bilər. Buna görə də ölkə rəhbərləri bir-birilərinə hörmət, sevgi, şəfqət və fədakarlıqla yanaşmalı, laqeydlik və mənfəətpərəstliyi bir kənara qoymalıdırlar.
Adnan Oktarın “Kashmir Reader” və “Riyadh Vision”da yayımlanan məqaləsi:
http://www.riyadhvision.com.sa/2017/05/06/no-more-cries-in-the-islamic-world/