İslam və keyfiyyət
ucgen

İslam və keyfiyyət

2325

İslam dinində keyfiyyət çox əhəmiyyətli mövzudur. İndiki dövrdə bir çox İslam ölkələrində sevgidən, sənətdən, gözəllikdən və estetikadan uzaq bir həyat tərzi hakimdir. Baxmayaraq ki, bu vəziyyət Allah`ın bizə Quranda bildirdiyi gözəl və təmiz həyat tərzinə tamamilə ziddir,amma cəmiyyət tərəfindən normal qarşılanır. Halbuki, keyfiyyətsizhəyat tərzi və estetikadan uzaq dünyagörüşü bir müsəlmana əsla yaraşmaz.

Keyfiyyətdən uzaq bu həyat tərzi insanın düşünməsindən həyatdan aldığı zövqlərə, məqsədlərindən gözəllik, estetika və zarafat anlayışına, oturub qalxmasından danışıq tərzinə, yeyib içməsinə qədər bütün davranışlarına hakim olur. Keyfiyyətə əhəmiyyət verilmədikdə və insanların həyatlarında estetika, gözəllik kimi anlayışlar olmayanda dünya Cəhənnəmi xatırladır.

Bu bayağı həyat tərzinin tam əksi olan keyfiyyət, təmizlik və bunların hər an mövcud olmasının əhəmiyyəti Quranda xüsusilə bildirilmişdir. Uca Allah bir ayəsində: “Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!” (“Müddəssir”, 4-5) buyuraraq müsəlmanların sahib olduqları imkanlarla təmiz və keyfiyyətli yaşamalarını bildirmişdir. Bu səbəbdən keyfiyyət müsəlman cəmiyyətinin ən vacib xüsusiyyətlərindəndir.

Hal-hazırda İslam aləminin ən böyük problemlərindən biri keyfiyyətin bəzi cəmiyyətlərdə əksik olmasıdır. Əlbəttə, İslam əxlaqını ən doğru şəkildə anlayıb yaşayan, keyfiyyətə, sənətə, estetikaya lazımi dəyəri verən çox səmimi müsəlmanlar da var. Ancaq bəzən məlumat əksikliyinə, bəzən də İslamı Quran əvəzinə qulaqdandolma məlumatlardan öyrəndiklərinə görə dünyanın bir çox yerində keyfiyyət mövzusunda bir çox əksiklikləri olan müsəlman cəmiyyətləri vardır. Xüsusilə də müsəlmanların əleyhinə təbliğat aparmaq istəyənlər, əsasən, keyfiyyət əksikliyinin olduğu bu cəmiyyətləri dünyaya “Gerçək müsəlman modeli” kimi göstərməyə çalışırlar. Bu səbəbdən,televizorlarda, qəzetlərdə, internetə yüklənən şəkil və ya videolarda dünyanın bir çox yerində müsəlmanların keyfiyyət əksikliyini ortaya qoyan mənzərələrlə tez-tez qarşılaşırıq. İslamı bu cür səhv anlayıb yanlış şəkildə yaşayan müsəlmanlar bütün dünyanın İslamı yanlış tanımasına səbəb olurlar.

Bu səhv izahlar nəticəsində bir çox insan “Müsəlman” deyiləndə bədbin, sevgisiz, sənətdən anlamayan, elmə qarşı çıxan, zarafat anlayışı olmayan, gözəl və estetik geyinməyi bacarmayan, müasirlikdən uzaq bir insan modeli anlayır. Musiqidən zövq almayan, şən insanlara qarşı çıxan, təmizliyə diqqət yetirməyən, nəzakətsiz, şəfqətsiz, qadınları ikinci, hətta üçüncü sinif varlıqlar olaraq görüb onlara dəyər verməyən insanlar olmaları fikri dünyanın bir çox yerində müsəlmanların əsas xüsusiyyəti kimi qəbul edilir. Əlbəttə ki, bu anlayış dünyada bir çox insanda böyük bir narahatlıq yaradır və onların İslama qarşı çıxmalarına səbəb olur.

Bəzi müsəlmanlar isə bu vəziyyətin əsas səbəbinin özlərinin İslamı yanlış bir şəkildə yaşayıb, dünyaya da səhv tanıdan müsəlmanlar olduğunu anlamayıb insanları İslama qarşı çıxmaqla və müsəlmanlara düşmən olmaqla günahlandırırlar. Halbuki, insanlar əsil İslama deyil, dini doğru yaşamayan müsəlmanları gördükdə zehinlərində yaranan yanlış İslam anlayışından meydana gəlmiş keyfiyyətsizliyə qarşı çıxırlar. Bu qarşıçıxmanın ikinci səbəbi də bəzi müsəlmanların İslamla heç bir əlaqəsi olmayan keyfiyyətsizliyi, natəmizliyi, çirkinliyi normal qəbul etmələridir.

Din sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, gözəllik, rahatlıq, səmimiyyət, yoxsulları, yetimləri, ehtiyacı olanları, yaşlıları, Allah`ın yaratdığı hər şeyi, insanları, bitkiləri, heyvanları, qısası, bütün varlıqları sevmək deməkdir. Əlbəttə ki, belə üstün əxlaq həyatın hər mərhələsində insanların bütün düşüncə və davranışlarına çox gözəl bir keyfiyyət və üstünlük qazandırır. Buna görə də Quranda bildirilən bu gözəl əxlaqı yaşayan müsəlmanlar dünyanın ən keyfiyyətli və hörmətli insanları olurlar.

Bəzi müsəlman cəmiyyəti keyfiyyətsiz həyat tərzindən uzaq olmaq üçün hər şeydən əvvəl keyfiyyətin müsəlmanlığın vacib bir xüsusiyyəti və Quran əxlaqına aid olduğunu bilməli və qəbul etməlidirlər. Sonra da keyfiyyəti ən gözəl şəkildə yaşamaq üçün hər bir şəraitdə qətiyyət göstərməli, bunu səbir və iradə ilə həyata keçirməlidirlər.

Peyğəmbərimiz (s.ə.v) yaşadığı dövrün çətinliklərinə baxmayaraq, keyfiyyətə, estetikaya, gözəlliyə çox əhəmiyyət vermişdir. O, çətin iqlim şəraitində evinin ətrafında gül becərmişdir. Peyğəmbərimizin (s.ə.v) özü, paltarları, evi hər zaman təmiz və səliqəli olmuşdur. O dövrün imkanları çərçivəsində ən keyfiyyətli, ən gözəl qoxulu ətirlərdən istifadə etmiş, ən keyfiyyətli, ən cazibədar, özünə ən çox yaraşan paltarları geyinmişdir. Xitabı, danışıq üslubu, seçdiyi cümlələr olduqca keyfiyyətli və gözəl idi. Yerişi, oturuşu-duruşu, yemək ədəbi çox keyfiyyətli idi. Hər halına, hər vəziyyətinə keyfiyyət hakim olmuşdur.

Buna görə, müsəlmanlar da əxlaq anlayışlarını və həyat tərzlərini müəyyən edərkən uca Allah`ın Quran ayələri ilə təsviretdiyi, insanlara nümunə göstərdiyi Peyğəmbərimizin (s.ə.v) gözəl əxlaqından nümunə götürməlidirlər.

Əsil İslam əxlaqının gözəlliyini qavrayıb yaşayan müsəlmanlar İslamı yanlış anlayıb keyfiyyətsizlik içərisində yaşayan cəmiyyətlərə gerçəkləri göstərməklə məsuliyyət daşıyırlar.  Keyfiyyətsizliyin, çirkinliyin, natəmizliyin, bədbinliyin, müasirlikdən, sənətdən, estetikadan, əxlaq və ədəb incəliyindən uzaq yaşamağın İslam dini ilə heç bir əlaqəsi olmadığını göstərməlidirlər.

Belə olmadığı halda həm bir çox müsəlman əsil İslamdan uzaq bir əxlaqla yaşayaraq Allah`ın razılığını qazanmaqdan məhrum olacaqlar, həm də müsəlman olmayan cəmiyyətlər İslamı səhv tanıyaraq dinə qarşı çıxıb mənfi reaksiyalar göstərəcəklər.

Bu vəziyyətin qarşısı alınanda isə dünya barış və sülh içində olacaq, fərqli inanclara, fikirlərə sahib cəmiyyətlər də razılıq və rahatlıq içində birgə yaşayacaqlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr