Birlik düşüncəlilik, fədakarlıq, vəfa və sədaqət tələb edir. Allah Quranda müsəlmanlara birlik olmalarını, şeytanın aralarını vurmağa çalışacağını, bu birliyə mane olmaq üçün səy göstərəcəyini bildirmişdir.
Müsəlmanlar din qardaşları ilə aralarındakı münasibətdə qarşı tərəfi incidəcək bir söz söyləmək, hirslənmək, hörmətsizlik etmək kimi hər cür rəftardan çəkinməlidirlər, bunlar birliyin ruhunu zədələyəcək ünsürlərdir. Hər mömin digərinə qarşı daha fədakar olmalı, səbirli davranmalı, onun yaxşılığı üçün çalışmalı, sadiq və vəfalı olmalıdır. Bu üstün əxlaq bütün möminlərdə olmalıdır.
Buna ən gözəl nümunələrdən biri hz. Muhəmməd (səv) ilə birlikdə Məkkədən hicrət edən möminlərlə Mədinədə onlara gözəl yurd hazırlayan müsəlmanlar arasındakı münasibətlərdir. Məkkəli müşriklərin zülm və təzyiqinə görə Allah yolunda öz yurdlarından hicrət edən möminləri Mədinədə hz. Muhəmmədə (səv) beyət etmiş müsəlmanlar ən gözəl şəkildə qarşılamışlar və onlara qarşı böyük məhəbbət və maraq göstərmişlər.
Bir-birlərinə yad iki camaat olmalarına, cahiliyyə ərəbləri arasında tək vacib meyar sayılan “qəbilə münasibəti”nə sahib olmamalarına baxmayaraq, imanları və itaətləri səbəbindən nümunəvi qardaşlıq nümayiş etdirmişlər. Mədinəli müsəlmanlar hicrət edənlərə hər cür imkanı təmin etmiş, onlara evlərini açmış, yeməklərini onlarla bölüşmüş, öz ehtiyaclarından əvvəl onların ehtiyaclarını düşünmüş, mömin qardaşlarının nəfslərini öz nəfslərindən üstün tutmuşlar. Rəbbimiz mədinəli möminlərin bu gözəl əxlaqını Quranda belə bildirmişdir:
“(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.” (Həşr surəsi, 9)
Bu, nümunə götürüləsi üstün bir əxlaqdır və iki mömin cəmiyyətin bir-biri ilə əlaqə qurmasının vacib olduğunu göstərən çox əhəmiyyətli bir misaldır. Peyğəmbərimiz (səv) isə müsəlmanlar arasında həmrəyliyin necə olacağını aşağıdakı hədisində belə təsvir etmişdir:
“Müsəlmanların öz aralarındaki mərhəmət, hörmət hisləri və birlikləri eynilə bir bədən kimidir. Bədənin bir hissəsi xəstə olduğunda digərləri də onunla birlikdə eyni ağrını çəkər və yatmazlar.”
Müsəlmanların bir-birlərinə qarşı sevgiləri və qəlblərində bir-birlərinə qarşı heç bir mənfi hissin qalmaması, Allah’ın möminlərə bəxş etdiyi böyük lütf və nemətdir. Axirətdə tam şəkildə yaşanacaq bu nemət Quranda belə bildirilir:
“Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.” (Hicr surəsi, 47)
Dolayısilə, müsəlmanlar, həmrəyliyin, qardaşlığın və birlik hissinin böyük bir nemət olduğunun şüurunda olmalı və bu birliyi qorumaq üçün səbirli və iradəli olmalıdırlar. Ənfal surəsinin “...Əgər möminsinizsə Allah’dan qorxun, aranızdakı münasibətləri düzəldin, Allah’a və Rəsuluna itaət edin” şəklindəki 1-ci ayəsi müsəlmanlara birlikdə fəaliyyət göstərmələrinin əhəmiyyətini bildirən başqa bir ayədir. Peyğəmbərimiz hz. Məhəmməd (səv) isə müsəlmanların birlikdə fəaliyyətdə olmalarının əhəmiyyətini bir hədisində belə bildirmişdir:
“...Bir-birinizə həsəd (paxıllıq) etməyin. Bir-birinizə düşmənçilik etməyin. Bir-birinizlə yaxşı əlaqələri kəsməyin. Bir-birinizdən üz çevirib küsməyin və ey Allah’ın qulları, qardaş olun." (Macə Cild 10, s. 32)
Mömin hər vəziyyətdə bağışlayıcı və mərhəmətli olmaqla məsuldur, qarşısındakı şəxs müsəlmandırsa, onunla din qardaşı olduğunu, hər ikisinin də Allah’dan qorxub çəkindiyini, Peyğəmbərimizə (səv) itaət etdiyini, halal və harama diqqət göstərdiyini düşünərək daha çox səbirli davranmalıdır. Müsəlman din qardaşının hər zaman üçün yaxşılığını istəməlidir, özünü düşündüyü qədər onu da düşünməlidir, hər hansı bir mübahisə yarananda da səbirlə, şəfqətlə və sevgi ilə qarşılıq verməli olduğunu düşünməlidir. Quranın bir ayəsində nümunəvi müsəlmanların öz din qardaşları üçün belə dua etdikləri bildirilir:
“(Səhabələrdən) sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!”(Həşr surəsi, 10)
Müsəlmanlar, qardaşlarıyla aralarında kiçik bir problem olduğu təqdirdə bu problemi dostca həll etməyə görə məsuliyyət daşımaqla yanaşı, iki müsəlman topluluq arasında da oxşar hadisə baş verdikdə, möminlərin arasındakı problemi həll etməyə görə də məsuliyyət daşıyırlar. Allah iman edənlərə belə buyurmuşdur:
“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah’dan qorxun ki, sizə rəhm edilsin.” (Hucurat surəsi, 10)
Quran əxlaqı möminlərə çox güclü birlik və bərabərlik ruhu qazandırır. Rəbbimiz iman gətirənlərə Özünün yolunda “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb...”(Saff surəsi, 4) mübarizə aparmalarını əmr edir. Bu mübarizə inkarçı fəlsəfə və ideologiyalar əleyhinə edilməli olan fikri mübarizədir və bütün müsəlmanların üzərinə düşən mühüm məsuliyyətdir. Bu fikri mübarizəni boynuna götürüb dünyanı qaranlıqdan aydınlığa çıxarmaq əvəzinə, öz daxili dünyasında itib-batmaq, içinə qapalı vəziyyətdə qalmaq, şübhəsiz ki, böyük yanlışlıqdır. Hazırda başda dünyanın bir çox ölkəsində zülmə məruz qalan müsəlmanlar olmaqla bəşəriyyət bu vəziyyətdən xilas ola biləcək çıxış yolu axtarır və dünyaya sülh, dinclik, ədalət gətirən və yaranma məqsədini xatırladan bir yol göstəricini gözləyir. Bu yol göstəricilik İslam cəmiyyətinin məsuliyyətidir. Bütün müsəlmanlar bu düşüncə ilə davranmalıdırlar.
Şiddətin, terrorun, zülmün, saxtakarlığın, fırıldaqçılığın, yalançılığın, əxlaqsızlığın, münaqişələrin, yoxsulluğun bütün dünyada yayılması yer üzünün “fitnə” ilə dolu olduğunu göstərir. Bu vəziyyətə baxdıqda müsəlmanların öz aralarında problemlərin nə qədər əhəmiyyətsiz olduğunu görmək olar. Bütün zülm və degenerasiya öz gücünü Allah’ın varlığını və təkliyini inkar edən, axirət gününə inanmayan insanların yaratdıqları batil sistemlərdən alır və inkişaf edərək yayılır. Buna qarşılıq olaraq vicdanlı insanların etməli olduqları ən mühüm şey ittifaq yaratmalarıdır.
Allah’ın iznilə bu ittifaq inkarçı ideologiyaların fikri yolla məğlub olmasının ən əhəmiyyətli mərhələlərindən biri olacaq. Rəbbimiz inkarçıların ittifaqına Quranda diqqət çəkmiş və iman gətirənlərin də bir-birləri ilə dost olmaları və bir-birlərinə kömək etməli olduqlarını bildirmişdir. Bu, yer üzündə fitnə-fəsada son qoyulması üçün vacibdir. Ayədə belə buyurulur:
“Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.”(Ənfal surəsi, 73)
Əgər İslam dünyası güclü, sabit, çiçəklənən mədəniyyətə sahib olmaq, dünyaya hər sahədə istiqamət vermək və işıq salmaq istəyirsə, birlik halında fəaliyyət göstərmək məcburiyyətindədir. Mühüm məsuliyyət daşıyan müsəlmanlar birlik və ittifaq halında olmalıdırlar. Müsəlmanlar birlik olmalarına mane olan vəziyyətlər yarandıqda bu suallar üzərində düşünməlidirlər:
“Bu məsələ İslam ittifaqını zədələyəcək qədər əhəmiyyətlidirmi?”
“Razılığa gəlinə bilmədiyi bir mövzudurmu?”
“İnkarçı ideologiyalara qarşı fikri mübarizə aparmaq əvəzinə, başqa müsəlmanlarla münaqişə etmək doğrudurmu?”
Bu suallara cavab verən hər vicdanlı insan bitib-tükənməyən münaqişələrdən çəkinməyin və müsəlmanlar arasındakı birliyi qorumağın daha vacib olduğunu deyəcək. Müsəlmanlar şeytanın davamlı olaraq birliyi pozmaq, müsəlmanların arasında düşmənçilik münasibətləri yaratmaq üçün fəaliyyətdə olduğunu unutmamalıdır. Rəbbimiz “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.”(İsra surəsi, 53) ayəsi ilə iman gətirənləri xəbərdar edib. Bu ayə müsəlmanların bir –birlərinə qarşı münasibətlərində diqqətcil olmağın, incidici, sərt, kinayəli, qınayan üslublardan çəkinmələrinin vacib olduğunu göstərir.
Münaqişələr müsəlmanların gücünü zəiflədir. Rəbbimiz belə buyurur:
“Allah’a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.” (Ənfal surəsi, 46)
Bu əvvəlcə də qeyd etdiyimiz kimi, ayrı-ayrı fərdlərlə yanaşı müsəlman cəmiyyətlərinə və bütün millətlərə aiddir. İslam aləmi güclü, möhkəm, firavan mədəniyyət yaratmalı, dünyaya hər sahədə istiqamət verməyi bacarmalı, birlik halında hərəkət etməlidir. Müsəlman dövlətləri arasında birliyin olmaması məzlum müsəlmanları daha da zəiflədir. Fələstində, Kəşmirdə və bir çox yerdə məsum qadınlar, uşaqlar və yaşlılar möhtac vəziyyətdədirlər və xilas ediləcəklərini gözləyirlər. Bütün İslam aləmi bu insanlardan məsuldur. Müsəlmanlar Peyğəmbərimizin (səv) “müsəlman müsəlmana zülm etməz və ona zərər verməz” sözünü əsla unutmamalıdır.
İslam dünyası ayrılıqları və fərqlilikləri bir kənara buraxıb bütün müsəlmanların "qardaş" olduğu gerçəyini xatırlamalı və bu mənəvi qardaşlığın gətirdiyi gözəl əxlaqla bütün dünyaya nümunə olmalıdır. İman edənlərin bir-birləri ilə qardaşlığı Allah’ın lütfü və nemətidir. Səmimi müsəlmanlar bu nemət üçün Rəbbimizə şükr etməli və “dağılıb-ayrılmayın” əmrini unutmamalıdırlar:
“Hamınız Allahın ipindən möhkəm yapışın və dağılıb-ayrılmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.” (Ali-İmran surəsi, 103)