İmam Qəzali (1058-1111)
ucgen

İmam Qəzali (1058-1111)

2068

İmam Qəzali XI əsrin sonu – XII əsrin əvvəllərində yaşamışdır və dövrünün mücəddidi qəbul edilən böyük İslam alimlərindən biridir. Yaşadığı dövrdə üstün əxlaqı ilə diqqət çəkmiş, bir çox sahədə elm sahibi olması və güclü mühakimə qabiliyyəti ilə təkcə İslam aləmində deyil, Qərbdə də tanınmışdır.

“Allahın verdiyi neməti Onun sevdiyi yerdə xərcləmək şükür, sevmədiyi yerdə istifadə etmək isə küfrani-nemətdir (neməti inkar etməkdir)”.

 İmam Qəzali həyatını Quran əxlaqında dərinləşməyə və İslam əxlaqının gözəlliklərini insanlara izah etməyə həsr etmiş böyük İslam alimidir. Bu səbəbdən, elmi və dini mövzularda dərin bilik sahibi olmağa cəhd etmişdir. Xüsusilə qədim yunan fəlsəfəsindən qaynaqlanan Qurana zidd inanc və fikirləri təsirli üslubla təkzib etmiş və bütün bunlara qarşı Quran əxlaqını daima ön plana çıxarmışdır. Dərin elminə görə, “İslamın dəlili, İslamın haqq olduğunun sübutu” mənalarını verən “Hüccətül-İslam” və “Zeynüd-din” adları ilə tanınmışdır.

Gənc yaşlarında dövrünün Səlcuq vəziri olan böyük dövlət adamı Nizamülmülkün dəvəti ilə Bağdada getmiş, onun topladığı elm məclisindəki alimlər onun elminin dərinliyinə və məsələləri üstün izah etmə qabiliyyətinə heyran qalmışdılar. Belə ki, o dövrlərdə böyük Səlcuq dövlətində meydana gələn batil cərəyanların tərəfdarları Allahın ona nəsib etdiyi parlaq zəkası, yüksək elmi və üstün müraciət qabiliyyəti qarşısında heç nə edə bilmirdilər.

İmam Qəzalinin İslam əxlaqını yaymaq üçün göstərdiyi xidmətləri görən Nizamülmülk onu Nizamiyyə mədrəsəsinə dövrümüzdə “rektorluq” adlanan vəzifəyə təyin etmişdir. Bu vəzifəsi ərzində İmam Qəzali saysız-hesabsız tələbə yetişdirmiş və üç yüzə yaxın seçilmiş tələbəsinə bütün lazımi elmləri öyrətmişdir. Tələbələri arasında Muhəmməd ibn Əsəd ət-Tusi, Əbu Mənsur Muhəmməd, Əbu Abdullah Cümərt əl-Hüseyni, Əbul-Həsən əl-Bələnsi kimi bir çox İslam alimi var.

Bir tərəfdən dərs  verərkən, digər tərəfdən bir çox dəyərli kitab yazan İmam Qəzalinin yiyələndiyi üstün elmlər dövrünün avropalı filosoflarını hər cəhətdən geridə qoyurdu. Avropada Yerin müstəvi formasında olduğu zənn edilərkən İmam Qəzali Yerin kürə formasında olduğunu, qaraciyərdə qanın zəhər və mikroblardan təmizlənib təzələndiyini, öd və limfa sistemi ilə zərərli maddələrin burada qandan ayrıldığını və bütün bu proseslərdə dalaq, böyrək və öd kisəsinin rollarını, qandakı maddələrin miqdarının dəyişməsi ilə orqanizmin zərər görməsi kimi ətraflı məlumatları bugünkü fiziologiya kitablarındakı kimi dəlillərlə açıqlayırdı. Bunlar kimi, bir çox elmi mövzu haqqında kitablarında məlumatlar var idi.

 Dəyərli əsərləri

 İmam Qəzali həyatı boyu bir çox kitab yazmışdır. “Mövduatül-ülum” adlı kitabında təqribən 1000 əsəri toplanmışdır. Əsərlərində İslam dini və əxlaqının hər sahəsi ilə bağlı məlumatlar olduğu kimi, hər yaş və səviyyədən olan insanın asanlıqla anladığı üslub hakimdir.

İmam Qəzalinin əsərləri ilə bağlı avropalılar uzunmüddətli dərin təhlillər aparmışlar. Bunlardan P. Buyqes “Essaie de Chronologie des Oeuvres de al-Ghazali” adlı əsərində İmam Qəzalinin 404 kitabının adını çəkir. Brokelman adlı başqa bir tədqiqatçı isə “Geschichte Der Arabischen Litteratur” adlı əsərində İmam Qəzalinin 75 əsərinin siyahısını vermişdir. 1959-cu ildə dörd alman professor İmam Qəzalinin kitablarını oxuyaraq İslam dininə heyran olmuş və kitablarını alman dilinə tərcümə edərək İslamı qəbul etmişlər.

Məşhur əsərlərindən bəziləri bunlardır: “İhyau-ülumiddin”, “Kimyayi-səadət”, “Cəvahirül-Quran”, “Qəvaidül-əqaid”, “Kitabül-iqtisad fil İtiqad”, “İlcamül-əvam ən ilmil-kəlam”, “Mizanül-əməl”, “Dürrətül-fahirə”, “Əyyuhəl-vələd”, “Qistəsül-müstəqim”, “Təhafətül-fəlasifə”, “Məqasidül-fəlasifə”, “Əl-münkizü əniddəlal”, “Əl-fətəva”, “Xülasatüt təsnif fit-təsəvvüf”, “İlcamül-əvam”.

 İmam Qəzalidən…

 “Bəlaya şükür etmək lazımdır. Çünki küfür və günahlardan başqa bəla yoxdur ki, içində sənin bilmədiyin yaxşılıq olmasın! Allah sənin yaxşılığını səndən yaxşı bilir”.

“Bir söz deyəcəyin zaman düşün! Əgər o sözü söyləmədikdə məsul olacaqsansa, söylə. Yoxsa sus!”

“Allahu-Təalanın hər etdiyimizi, hər düşündüyümüzü bildiyini unutmamalıyıq. İnsanlar bir-birinin zahirini görür. Allahu-Təala isə həm zahirini, həm daxilini görür. Bunu bilən insanın işləri və düşüncələri ədəbli olur”.

“Ey nəfsim, “Sonra tövbə edərəm və yaxşı əməllər edərəm”, – deyirsənsə, ölüm daha əvvəl gələ bilər, peşman olub qalarsan. Sabah tövbə etməyi bu gün tövbə etməkdən asan hesab edirsənsə, aldanırsan”.

“Əcdadlarının dindarlığı ilə xilas olacağını zənn edənlər atalarının yeməsilə öz qarınlarının doyacağını, onların içməsilə susuzluqlarının keçəcəyini, onların oxuması ilə bilikli olacağını hesab edənlərə bənzəyirlər”.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr